"Məşqə getməyəndə anam evdən qovurdu" - Müsahibə
14.06.2015 15:11 Sport reaksiya 2106
I Avropa Oyunlarında millimizə ilk medal qazandıran, karatenin kumite yarışları üzrə idmançısı İlahə Qasımovanın apasport.az saytına müsahibəsi
- Avropa Oyunlarında Azərbaycanın ilk medalını siz qazandınız. Həm də ilk medal qazanan qadın idmançımız da siz oldunuz. Bu nailiyyətə imza atacağınızı gözləyirdizmi?
- Çox xoşbəxtəm, çox qürurvericidi. Vətənimizə ilk medalı mən qazandırdım. Medalın əyarı qızıl da ola bilərdi. Ancaq qismətim bürünc imiş. Üzərimizdə daha çox işləməliyik ki, səhvləri aradan qaldıraq. O ki qaldı gözləmək məsələsinə, bəli, gözləyirdim. Ağır məşqlərimiz olurdu. Üzərimizdə məsuliyyət həddindən artıq çox idi. Başa düşürdük ki, nəticə, medal olmalıdı.
- Yəqin ki, siz də digər karateçilərimiz kimi, bu idman növünün Olimpiadanın proqramına daxil edilməli olduğu düşünürsüz...
- Əlbəttə. Bizim böyük ümidlərimiz var ki, Olimpiadanın da proqramına karate salınacaq. Bizim nəticələrimiz buna imkan verir. İlk Avropa Oyunlarındakı nailiyyətlərimiz də buna bir çağırışdı. Biz sübut etdik ki, Azərbaycan karateçiləri güclüdülər. Çox istərdik ki, digər idmançılar kimi, biz də Olimpiadada iştirak edək.
- Daha çox kişilərin idmanı kimi tanınan karate ilə məşğul olmaq çətinlik yaratmır?
- Karate özünü müdafiə növüdü. Əksinə, mən deyərdim ki, qadınlar üçün daha çox lazımdı. Bəlkə də, biz xanımları belə normada saxlayan idmandı. İdmançı olmasaydım, bəlkə də formada qalmazdım (gülür).
- Qeyd etdiniz kimi, karateyə özünüzü müdafiə etmək üçün getməyə başlamısız. Heç düşünürdüz ki, gələcəkdə belə bir nailiyyəti imza atacaqsız?
- Mən uşaqlıqdan bu idman növü ilə məşğul olmuşam, Cahangir Babayevin yanına getmişəm. İlk məşqçim olub. Hal-hazırda da onun yanında məşq edirəm. Bu idman növü ilə 9 yaşımdan, yəni 14 ildi məşğulam. Əvvəlcə karateyə maraq üçün gedirdim. Həmin vaxt hamı karateyə gedirdi, mən də eşitdim və getdim. Sonra gördüm ki, davam etdirsəm, yaxşıdı. Çünki yaxşı alınırdı, yarışlarda nailiyyətlərə imza atırdım.
- Karate ilə məşğul olmağınıza ailədə qarşı çıxmırdılar?
- Xeyr, çıxmırdılar. Əksinə, məşqə getməyəndə anam evdən qovurdu ki, get, məşqini elə. Dəstək olurdu mənə. Bu uğurumda, qələbəmdə birinci Allahıma, sonra isə valideynlərimə və məşqçilərimə borcluyam.
Tengiz MƏMMƏDOV
Apasport.az
Şərhlər