"Qələbəni anama həsr edirəm" - Elvin Mürsəliyev - VİDEO

15.06.2015 00:34     Sport reaksiya     2242

“Qarşıma çempion olmağı məqsəd qoymuşdum. Şükürlər olsun ki, qızıl medalı qazandım". APA TV-nin xəbərinə görə, bunu Avropa Oyunlarında Azərbaycana altıncı qızıl medalı qazandıran yunan-Roma güləşi üzrə yığmamızın üzvü Elvin Mürsəliyev deyib.

 

Onun sözlərinə görə, ən çətin görüşləri gürcü və rus güləşçilərlə olub. Elvin deyib ki, finalda qızılı əldən verməyi ağlına gətirməyib.

 

I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev qızıl medal uğrunda görüşdə Serbiya təmsilçisi Viktor Nemes üzərində qələbə qazanıb. Elvin Mürsəliyev qələbəni anasına həsr etdiyini bildirib:

 

 

“Qələbəni anama həsr edirəm. Hər bir idmançının arzusu I Avropa Oyunlarında medal qazanmaqdır. Mən də qızıl medalı qazanmaqla adımı Azərbaycan tarixinə yazdım”.

 

İdmançımız dövlət başçısı İlham Əliyevə də təşəkkür edib:

 

“Cənab prezidentin bizə göstərdiyi diqqət və qayğı göz önündədir. Dövlət başçısına öz təşəkkürümü bildirirəm. Tamaşaçılar da sağ olsunlar ki, gəlib sona qədər bizə dəstək verdilər. Bu qızıl medalı onlara hədiyyə edirəm”.

 

Qeyd edək ki, bütün rəqiblərini məğlub edən Elvin Mürsəliyevi Azərbaycan prezidenti İlham Əliyev mükafatlandırıb. Heydər Əliyev adına İdman Arenasında Mürsəliyevin final görüşünü canlı izləyən ölkə başçısı daha sonra qızıl medalı fəxri kürsünün ən yüksək pilləsinə qalxan güləşçimizin boynuna asıb.

Şərhlər