İrina Zaretska: "Söz vermişdim Azərbaycan himnini oxuyacam - VİDEO
14.06.2015 23:01 Sport reaksiya 2637
Bakıda keçirilən Avropa Oyunlarında karatenin kumite növü üzrə yarışlarda daha bir Azərbaycan karateçisi qələbə qazanıb.
APA TV-nin xəbərinə görə, qadın karateçilər arasında 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan 19 yaşlı İrina Zaretska hisslərini jurnalistlərlə bölüşüb.
"Öncədən demişdim ki, bu yarışda qızıl medal qazansam, fəxri kürsüyə çıxacağam və himnimizi oxuyacağam. Bu da oldu - Azərbaycan himini oxudum və bununla fəxr hissi duyuram" - deyə o qeyd edib.
Azərbaycan millisinin aktivinə növbəti qızıl medal yazdıran İrina Zaretska bildirib ki, final görüşü onun üçün çətin keçib: "Ən güclü rəqibim finalda avstriyalı idmançı oldu. O, bu il Avropa çempionu olmuşdu. Bundan əvvəlki oyunlarda həmin idmançıya 0:4 hesabı ilə uduzmuşdum. Biləndə ki, mənim rəqibim finalda həmin adam olacaq, ciddi hazırlaşdım ki, onu məğlub edim. Həmişəki səhvlərimi təkrar etməməyə çalışdım ki, ikinci olmayım. Məşqçimin dediyi kimi, oyun oynayırsansa, özünü göstərməyi bacarmalısan. Finalda isə itirilən bütün xallarımı qaytardım".
Qeyd edək ki, idmançımız finalda avstriyalı Alisa Buçingerlə qarşılaşıb. Döyüş idmançımızın asan qələbəsi ilə başa çatıb. İrina rəqibini 8:1 hesabı ilə məğlub edərək, yığmamıza 9-cü medalı qazandırıb.
Şərhlər