“Standartlardan qat-qat üstün yarışlar təşkil edilir” - Spiros Kapralos
15.06.2015 11:46 Sport reaksiya 1986
“Avropa Olimpiya Komitələri adından qeyd etməliyəm ki, yarışlardan çox məmnunuq. Söz verdikləri kimi, gözəl məkanlarda yüksək səviyyəli yarışlar keçirilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos deyib.
Bu gün keçirilən mətbuat konfransında jurnalistlər önünə çıxan Yunanıstan Olimpiya Komitəsinin sədri I Avropa Oyunları barədə fikirlərini bölüşüb: “Hər birimiz fantastik açılış mərasiminin şahidi olduq. Azərbaycan hazırda medallar sıralamasında öndədi. Bu, yerli əhalidə yüksək ab-hava yaratmaq baxımından şərtdi. Azərbaycan ilk qızıl medalı karatedə qazanmışdı və həmin gün zal tam dolu idi. Bundan başqa, yayımın keyfiyyəti də yüksəkdi. Hamı oyunları izləyə bilir. Yarışın rəsmi saytında da yarışları izləmək, şəkillər əldə etmək mümkündü. İstənilən beynəlxalq oyunlardan daha çox tamaşaçı maraq göstərir. Bunun səbəbini öyrənməyə çalışırıq. Avropanın bir çox ölkəsində Bakı-2015 izlənilir. Bu günə qədər standartlardan qat-qat üstün yarışlar təşkil edilir. Bu, bizim üçün sürpriz oldu. Könüllüləri də vurğulamaq lazımdı. Onlar olmasaydı, bu qədər gözəl alınmazdı. Biz hələ yarışların 4-cü günündəyik. Qarşıda böyük yarışlar olacaq. Diqqətli olmalıyıq”.
Kapralosun fikrincə, Azərbaycan Yay Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər: “Azərbaycan idman sahəsinə böyük vəsaitlər yatırıb. Bu, yalnız Avropa Oyunlarını əhatə etmir. Formula-1, şahmat yarışı, İslam Oyunları, Avro-2020-nin bir neçə matçı burda keçiriləcək. Bunlar Azərbaycanın sözünə sadiq olduğunu göstərir. Olimpiya Komitəsi də görür ki, Azərbaycan Yay Olimpiya Oyunlarını keçirə bilər”.
Yunanıstanlı sədr karatenin tezliklə Yay Olimpiya Oyunları təqviminə salınacağını da istisna etməyib: “Karate, həmçinin 3x3 basketbol, gimnastika yarışları var. Beynəlxalq Olimpiya Komitəsində idman yarışları ilə bağlı 2020-ci ilə qədər ciddi islahatlar olacaq. Hansı yarışların Yay Olimpiya Oyunlarına daxil ediləcəyinə orda baxılacaq”.
Kapralos son olaraq onu da söyləyib ki, biz Ermənistanla Azərbaycan arasındakı məsələlərə müdaxilə edə bilmərik: “Oyun meydançasında rəqabət normal şəraitdə keçirilir. 50 ölkənin Olimpiya Komitələri burda iştirak edirlər. Bu, çox müsbət haldı. Hətta bir-biri ilə siyasi mənada müəyyən problemi olan ölkələr də bu yarışa qatılıblar. Bu amil də Avropa Oyunlarının gücünü göstərir”.
Şərhlər