“Real Madrid” “Atletiko Madrid”lə 1-1 bərabərə qaldı - VİDEO

05.10.2015 10:01     Sport reaksiya     2275

İspaniya La Ligasında “Real Madrid” klubu uzun müddət öndə olduğu qarşılaşmada 83-cü dəqiqədə yediyi qolla “Atletiko Madrid” matçından 1 xalla ayrılıb.

Reaksiya.az xəbər verir ki, Vicente Kalderon stadionunda baş tutan qarşılaşmaya yaxşı başlayan və əzəli rəqibinin üzərində dərhal təzyiq yaratmağa çalışan “Real Madrid” 9-cu dəqiqədə Benzemanın baş zərbəsilə atdığı qolla 1-0 önə keçib.

22-ci dəqiqədə Sergio Ramosun Tiagonu cərimə meydançasında yıxmasından sonra matçın hakimi Undiano Mallenco “Real Madrid”in qapısına penalti təyin edib. Antoine Griezmannın zərbəsini qaytaran qapıçı Keylor Navas “Real Madrid”in hesab üstünlüyünü qoruya bilib.

Oyunun nəzarətini əlində saxlayan “Real Madrid” Modriç, Kristiano Ronaldo və Benzemanın hücumları ilə təzyiqi daha da artırıb. “Real Madrid”in müdafiədəki ən yaxşı oyunçularından biri kimi görünən Dani Karvajal 41-ci dəqiqədə Arbeloa ilə əvəzlənib. İlk yarı “Real Madrid”in 1-0-lıq üstünlüyü ilə başa çatıb.

“Atletiko Madrid”də baş məşqçi Dieqo Simeone orta sahədə Ferreiranı oyundan çıxararaq Oliver Torresə şans verib. “Real Madrid”in üstünlüyünü sındırmağa başlayan “Atletiko”da hücumda daha təsirli olmaq üçün bir-birinin ardınca oyunçu dəyişiklikləri edən Argentinalı baş məşqçi 57-ci dəqiqədə Angel Korreanın yerinə Luciano Viettonu, 63-cü dəqiqədə də Fernando Torresin yerinə Jackson Martinezi oyuna alıb.

“Atletiko Madrid” axtardığı qolu 83-cü dəqiqədə Viettonun zərbəsindən sonra tapıb. İrəliləyən dəqiqələrdə “Atletiko”nun hücumlarının qarşısını qapıçı Keylor Navas alıb və qarşılaşma 1-1 hesabı ilə başa çatıb.

Bu nəticə ilə “Real Madrid” La Ligada 15 xalla 2-ci sıraya yüksəlib, “Atletiko Madrid” isə 13 xalla 5-ci yerdə qərarlaşıb.

Şərhlər