Şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib
06.10.2015 04:49 Sport reaksiya 2097
Oktyabrın 5-də Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi olub.
Reaksiya.az-ın məlumatına görə, mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov şahmatın Azərbaycanda sürətlə inkişaf etdiyini, zəngin və qədim ənənələrə malik olduğunu da qeyd edib. Artıq respublikamızın idman ölkəsinə çevrildiyini bildirən nazir deyib ki, mötəbər idman qurumları beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsinə tərəddüdsüz qərarlar verirlər. Bakıda birinci Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirildi. Gələn il Azərbaycanda Şahmat Olimpiadası, 2017-ci İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının oyunları keçiriləcək. A.Rəhimov, həmçinin şahmat üzrə Dünya Kubokunun keçirildiyi günlərdə partiyaları hər dəfə 600-dək tamaşaçının izləməsini idmansevərlərin, xüsusən də gənclərin şahmata marağının göstəricisi olduğunu vurğulayıb.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov deyib ki, Bakıda keçirilən Dünya Kuboku bir çox cəhətlərinə görə idmanın bu növünün tarixinə düşəcək. O, finalçıların - rusiyalı qrossmeysterlər Sergey Karyakin ilə Pyotr Svidlerin uğurlu çıxışları ilə Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi dünya kubokuna töhfə verdiklərini vurğulayıb. K.İlyumjinov, Dünya Kubokunun yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov yarışın təşkili ilə bağlı görülən işlərdən, FİDE ilə sıx əməkdaşlıqdan danışıb. Sonda finalçıların mükafatlandırılması mərasimi olub.
Dünya Kubokunun sahibi Sergey Karyakin və ikinci yerin mükafatçısı Pyotr Svidler Azərbaycanda keçirilmiş yarışın yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, şahmatçılara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Mərasimdə 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasının rəsmi loqosu təqdim olunub.
Şərhlər