Stadnik Azərbaycana 7-ci medalı qazandırdı - Son dəqiqə
15.06.2015 19:28 Sport reaksiya 2104
Bakı-2015 I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, xanım idmançılar bu gün 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq.
Qadın güləşi
48 kq
Bu çəki dərəcəsində Azərbaycanı yığmamızın lideri Mariya Stadnik təmsil edib. Təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb. Stadnik ilk görüşdə portuqaliyalı Liliana Kosta dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib. Təmsilçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.
Dünya çempionumuz həlledici görüşdə bolqarıstanlı Eltsa Yankova ilə güləşib. Stadnik döyüşü vaxtından əvvəl bitirərək (12:1), çempion adına layiq görülüb. Bu yığmamızın yarışda 7-ci qızıl medalı, ümumilikdə isə 15-ci mükafatı olub.
55 kq
Azərbaycan güləşçisi Natalya Sinişin də mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarıımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. İdmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.
Buna baxmayaraq, o bürünc medal uğrunda çıxışını davam etdirəcək. Sinişin saat 19:28-də Tatyana Kitlə (Almaniya) güləşəcək.
60 kq
Ölkəmizi bu çəki dərəcəsində təmsil edən Yuliya Ratkeviç 1/8 finaldan mübarizəyə başlayıb. Dünya və Avropa çempionu, həmçinin, Universiadanın qalibinin ilk rəqibi bolqarıstanlı Tsibe Yuseyn olub. Yığmamızın lideri məğlubiyyətə üzülüb. O, gözlənilmədən Yuseynə 4:14 hesabı ilə uduzub. Bolqar güləşçi finala yüksələ bilmədiyindən Ratkeviç yarışla vidalaşıb.
69 kq
1/8 finaldan mübarizəyə başlayan Azərbaycan güləşçisi Nadya Muşka rusiyalı Natalya Vorobyova ilə qarşılaşıb. Görüş 29 yaşlı güləşçimiz üçün uğursuz alınıb (0:7) və daha təcrübəli rəqib mərhələ adlayıb. Lakin Vorobyova yarımfinal səddini keçə bilmədiyindən, Muşka təsəlliverici görüşlərə qatılmaqdan məhrum olub.
Şərhlər