Bakı-2015: Avarçəkənimiz gümüş medal qazandı

16.06.2015 17:45     Sport reaksiya     1891

Bu gün Bakı-2015 I Avropa Oyunlarında avarçəkmə yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, kanoe və kayaklarda mübarizə aparan idmançılar 10 dəst medalın sahibini müəyyənləşdirib.
 
Mingəçevirdə keçirilən yarışların son günündə baş tutan final mərhələsində Azərbaycan təmsilçiləri də qüvvəsini sınayıb.
 
Kayak yarışlarında həm 500, həm 200 metr məsafədə medallar uğrunda mübarizə aparan İnna Radomska-Osipenkonun ilk cəhdi uğursuz olub. Təmsilçimiz 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Məsafənin yarısınadək liderlik edən idmançımız 2.05,583 nəticəyə imza atıb. Bu yarışda macarıstanlı Danuta Kozak qalib gəlib - 2.03,569. Çempion avstriyalı İvon Şurinqi 1,139, polşalı Evelina Voynarovskanı 1,820 saniyə qabaqlayıb.
 
İnna 200 metr məsafədə də final yarışında qüvvəsini sınayıb. O, 42,091 saniyə nəticə ilə yarışı 6-cı pillədə başa vurub. Bu məsafədə polşalı Marta Valçikiyeviç qalib gəlib – 40,795 saniyə. Rusiyalı Natalya Podolskaya (41,165) 2-ci, macarıstanlı Danuta Kozak (41,378) 3-cü olub.
 
Azərbaycan yığmasına avarçəkmə yarışlarının ilk medalını Valentin Demyanenko qazandırıb. Dünya çempionumuz Avropa Oyunlarının gümüş mükafatına sahib çıxıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə göstərərək, 2-ci pilləyə yiyələnib. Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub.
 
Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.
 
Yarışa kayakların 5000 metr məsafəyə yürüşləri ilə yekun vurulub. Avarçəkənlərin uzaq məsafəli yarışında ölkəmizi Osipenko-Radomska ilə Cavadov təmsil edib. Lakin onların hər ikisi yarışı yarımçıq başa vuraraq, finiş xəttinə çata bilməyib.
 
Osipoenko-Radomskanın çıxış etdiyi qadınların yarışı belaruslu Marina Litvinçukun qələbəsi ilə nəticələnib. O, məsafəni 22 dəqiqə 48,990 saniyəyə qət edib. Böyük britaniyalı Lani Belçer (23.05,625) 2-ci, macarıstanlı Renata Çsay (23.05,851) 3-cü olub.
 
Cavadovun yarışı yarımçıq dayandırdığı kişilərin yarışında isə ilk “üçlük”də almaniyalı Maks Hoff (20.01,864), portuqaliyalı Fernando Pimenta (20.11,989) və fransalı Siril Karre (20.42,081) qərarlaşıblar.

Şərhlər