“Sona qədər mübarizə aparacağıq”
22.10.2015 00:18 Sport reaksiya 1857
Reaksiya.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” qrup mərhələsinin növbəti turu çərçivəsində sabah Dortmund “Borussiya”sını qəbul edəcək. Bu görüşdən öncə mətbuat konfransı keçirən “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı bunları deyib: “Sona qədər mübarizə aparacağıq. Şansdan istifadə etmək üçün bacardığımızdan da artığını edəcəyik. Mən həmişə real danışmışam. Sabah şans verəcəyim hər bir futbolçuya inanıram. Heyətdə yer alan hər bir oyunçu əlindən gələni edəcək”.
- Rəqibin hücumdakı gücündən xəbərdarıq. Sabah “Qəbələ” daha çox əks-hücumlara bel bağlayacaq?
- Sabahkı oyunda ancaq müdafiədə oturacağımızı düşünmək doğru deyil. Rəqibin gücünə bələdik. Sabah çətin oyun keçəcək. Ancaq biz müdafiədə oturmalı deyilik. Bizim fəlsəfəmizə uyğun deyil ki, təkcə müdafiə olunaq. Əgər uğurlu nəticə əldə etmək istəyiriksə, hücumlarımızı çoxaltmalıyıq. Ancaq müdafiədə otursaq, istəyimizə nail ola bilmərik.
- “Borussiya” ilə oyundan qabaq sizi daha çox nə narahat edir?
- Narahat olmağa əsas görmürəm. Hər şey qaydasındadır. İşimizi düzgün qurmuşuq. Bir daha qeyd edim ki, komandamıza, sabah oynayacaq bütün futbolçulara inanıram. Bu vaxta qədər böyük iş görmüşük. Bu, “Borussiya” ilə matçda da bizə kömək etməlidir. Rəqibimiz güclü olsa da, öz oyunumuzu göstərməliyik. Psixoloji cəhətdən də sabahkı oyuna hazırıq.
- Almaniyadan təxminən 600 azarkeş Bakıya gəlib. Sabah “Bakcell Arena”ya gələcək yerli azarkeşləri hansı cümlə ilə alovlandıra bilərsiz?
- Mən həmişə belə düşünürəm ki, əgər komanda yaxşı oynasa və nəticə əldə etsə, azarkeşlər stadiona gələcək. İndiki məqamda mümkün olan hər şeyi etdik. Biz azarkeşlərimiz, stadiona gələn insanlar üçün futbol oynayırıq. Futbol insanları birləşdirən, sosial hadisədi. Bu arenada azarkeşlər həmişə bizə dəstək olublar. Onlara qabaqcadan dəstəyə görə təşəkkürümü bildirirəm.
- Rəqiblə bağlı sizi sevindirən və qorxudan məqamlar hansılardı? “Borussiya”nın adı psixoloji baxımdan sizə əlavə çətinlik yaradırmı?
- Xeyr. Allaha təşəkkür edirəm ki, bu cür komanda ilə qarşılaşmaq imkanı qazanmışıq. Bunun özü bir uğur deməkdi. Siz, biz, hamımız ilk növbədə, “Borussiya” kimi komandanın Azərbaycana gəlməsinə sevinməliyik. Bu mənə qürur hissi verir. Onlar bizə qarşı oynayacaqlar və imkan yaradacaq ki, nəyə qadir olduğumuzu görək. Heç bir qorxudan söhbət gedə bilməz. Əksinə həddindən artıq marağım var. Sabah komandamın meydanda necə görünəcəyinə şahid olmaq istəyirəm. “Borussiya” elə oyun göstərir ki, onları öyrənmək çətin deyil. Onlarla oyunlarına baxmışıq. Düzdü, onların bir neçə variantı var ki, vəziyyətə uyğun onu seçirlər. Ustalıq səviyyəsi yüksək olan, sürətli oyunçuları var. Bizim üçün çətinlik onların sürətinə qarşı oynamaq olacaq. Müdafiədə diqqətli olmalı və çoxlu hücum etməliyik.
- Henrik Mxitaryanın Bakıya gəlməməsi sizi sevindirirmi?
- Bu tip suallardan xoşum gəlmir. Mxitaryanın milliyyətini kənara qoymalıyıq. Gəlsəydi, biz onun pasportuna yox, oyununa baxıb, təhlil aparacaqdıq. Futbolu siyasətləşdirməyi düzgün hesab etmirəm.
Şərhlər