"Pele üçün göy də ağladı"
23.10.2015 12:50 Sport reaksiya 3225
Bu gün futbol tarixinin canlı əfsanəsi Pelenin ad günüdür. O, 1940-cı ilin oktyabrın 23-də anadan olub.
Futbol mütəxəssisi, keçmiş futbolçu Şahin Diniyev məşhur futbolçu haqqında fikirlərini Reaksiya.az-la bölüşüb.
O, Pelə deyəndə ilk olaraq ağıla futbolun gəldiyini qeyd edib:
“Pele əfsanəvi futbolçudur. Onun futbol matçlarının üstündən 50 ildən çox vaxt keçməsinə baxmayaraq, nəinki futbol azarkeşlərinin, futbol mütəxəssislərinin yanında, həmçinin sadə vətəndaşların da xəyallarında yaşayan əfsanədir. Pele dahidir, Pele deməklə elə futbol demək olar. Düzdür, sonralar bir çox məşhur futbolçular gəlib, onlardan Maradona, Zidan, Kruif adını çəkmək olar, amma Pelə heç vaxt onların kölgəsində qalmayıb. Həmişə Pele Pele olaraq qalıb. Ona görə də Pele deyəndə futbol yada düşür, futbol deyəndə Pelə yada düşür”.
Qeyd edək ki, futbolçunun əsl adı Edison Arantes do Nascimentodur. Nadinc uşaq olduğuna görə ona ailəsi və kiçik dostları tərəfindən bu ləqəb verilib.
Uşaq vaxtı ayaqqabı parıldadaraq pul qazanıb. 11 yaşında De Brito balaca Peleni kəşf edib. O, “Santos”un rəhbərlərinə "Bu uşaq dünyanın ən yaxşı futbolçusu olacaq" deyib.
Karyerasına “Santos” futbol klubu ilə başlayan Pelenin son komandası “Cosmos” olub.
Oyunçu futbol karyerasında 1281 qol ataraq rekorda imza atıb. Braziliyanın Dünya Çempionluğunu qazandığı bütün oyunlarda iştirak edib.
Futbolçunun kariyerasındakı maraqlı məqamlardan biri də Braziliya Liqasında oynadığı matçda Pelenin oyundan atılmasından sonra azərkeşlərin üsyan qaldırması olub. O, 15 dəqiqədən sonra oyuna yenidən qayıdıb və hakim haqqında heç bir cəza tədbiri görülməyib.
Pele 1977-ci ildə futbol həyatını bitirdiyini elan edib.
Bundan sonra mətbuat orqanları yazıb ki, "onun üçün göy də ağladı".
Şərhlər