"Uduzmağa nifrət edirəm" - Lionel Messi
24.10.2015 09:38 Sport reaksiya 2306
"Barcelona"nın ulduz futbolçusu Lionel Messi tanınmış idman jurnalisti Qilyem Balaqa müsahibə verib.
Reaksiya.az goal.az-a istinadən həmin müsahibəni təqdim edir:
- İkinci övladın Mateonun dünyaya gəldiyi günü necə xatırlayırsan? Həmin vaxt hansı hissləri keçirirdin?
- Mateonun anadan olduğu gün fərqli emossiyalar yaşadım. Amma hər şeydən əvvəl, böyük sevinc mənə hakim olmuşdu.
- Leo Messinin həyatında tipik gün necə olur?
- Digər idmançıların günü kimi. Məşq rejimini tamamlamaq, sonra digər insanların etdikləri və ailə ilə vaxt keçirmək.
- Tiyaqo və Mateo dünyaya gələndən sonra futbola yanaşmanda hər hansı dəyişiklik olub?
- Futbol hisslərimdə dəyişiklik yoxdur. Ola bilər ki, uşaqları böyütmək kimi yeni atalıq hissi əlavə olunub.
- Bir dəfə yazmışdım ki, sənin kimi idmançılar üçün hər yenilgi kiçik ölüm deməkdir. Uduzanda adətən ağlayırsan. Ata olduğun indiki şəraitdə məğlubiyyətə necə reaksiya verirsən?
- Əvvəlki kimi. Uduzmağa nifrət edirəm. Amma evə gələndə bilirəm ki, oğlanlarımı görüncə əhvalım düzələcək.
- Bəzən elə təsəvvür yaranır ki, futbol dünyası bəzən başqa planetdəndir. Süni debatlar, həqiqət kimi təqdim edilən yalanlar, əhəmiyyətsiz şeylərə önəm vermək bu dünya üçün xarakterikdir. Hərdən özünü axmaqlarla dolu dünyada yaşayan oğlan kimi təsəvvür edirsənmi?
- Təəssüf ki, biz 1000 km/saat sürətlə yaşayan cəmiyyətin bir üzvüyük. Futbol kimi inkişaf edən və bir çox insanlar üçün problemdən çıxış yoluna çevrilən idman növündə də bu sürət müşahidə olunur.
- Kriştiano Ronaldo ilə rəqabət sənə kömək edib?
- Belə şeyləri ətrafdakılar danışır. Kriştiano ilə rəqabət aparmıram və güman edirəm ki, o da mənimlə rəqabəti düşünmür. İstəyim komandam və işim üçün əlimdən gələni etməkdir.
- Argentina ilə münasibətində sevgi və nifrətin bir-birini əvəzlədiyini qəbul edirsən?
- Həqiqət budur ki, belə deyil. Yaxşı bilirəm ki, argentinalıların əksəriyyəti çılğın olduğundan ölkəni təmsil edən ulduzlara yaxşı davranır. Bəziləri var ki, bizi təhqir edir və layiqincə qiymətləndirmir. Amma bu halda belə onlara reaksiya vermirəm. Çünki hər kəsin öz fikri var.
- Bütün dövrlərdən olan hansı futbolçu ilə millidə birlikdə oynamaq istərdin?
- Onların sayı çoxdur. Yalnız birini qeyd etmək qalanlarına hörmətsizlik olardı. Hər kəs ötən illərin ən yaxşı və birlikdə oynamaq istədiyim futbolçuları gözəl tanıyır.
- Qidalanma və məşq rejimini dəyişmisən?
- Bu, bir sıra yanlış şeylərin deyildiyi mövzudur. Qidalanma rejimim mənə ziyan verən müəyyən qidaları qəbul etməməyə əsasalnıb. Bütün pəhriz və fiziki məşq prosedurunu dəyişməyim həqiqətə uyğun deyil. Effekt verən bəzi dəyişikliklər oldu. Adi qaydada pəhriz saxlayıram.
- Özünü başqa çempionatda oynayan təsəvvür edirsən?
- Çox irəliyə baxmaq istəmirəm. Hazırda "Barcelona" ilə İspaniya La Liqasında çıxış edirəm və burda özümü yaxşı hiss edirəm.
- Futbola televizyadan baxmağı xoşlayırsan?
- Bəli. TV-də matçlara baxmağı çox sevirəm.
- Meydana çıxanda kimdə təəssürat qoymaq istəyirsən: övladların, atan, azarkeşlərin, yoxsa həyat yoldaşında?
- Buna görə oynamıram və heç kimi də təsirləndirmək fikrim yoxdur. Futbolu sevdiyim və peşəm olduğu üçün oynayıram. Düzü, oğullarımın nə etdiyimi bilməsini istərdim.
- "Las Palmas"la oyunda zədələnəndə hansı hissləri keçirirdin?
- Qəribə bir hiss. Başa düşmüşdüm ki, adi zərbə və ya zədə almamışam.
- Hazırda özünü necə hiss edirsən?
- Sağalmaq istəyirəm. Zədələnmək idmançı üçün ən pis hadisədir. Amma əvvəldən bunu qəbul etdim. Formamı tam bərpa etmək mənim üçün önəmlidir.
- Meydana nə vaxt qayıda biləcəksən?
- Özümü yaxşı hiss etsəm və həkimlərin icazəsi olsa, qayıdacam. Demişdim ki, heç vaxt özümə müddət müəyyənləşdirmirəm. Sabah oynamaq istəsəm belə həkimlər icazə verməyəcək.
Şərhlər