Taekvondo: Tedeyeva uduzdu, dünya çempionumuzun rəqibi bilindi
19.06.2015 12:17 Sport reaksiya 1946
Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq. Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunacaq və idmançılarımız taekvondo yarışlarında qazandığımız medalların sayını artırmağa çalışacaq.
Taekvondo
Kişilər
+80 kq
Yığmamızın lideri Radik İsayev ilkin mərhələdən azaddı. Dünya çempionumuz 1/4 finalda Ali Sarını (Türkiyə) məğlub edən Jeron Vanruiju (Hollandiya) sınağa çəkəcək. Görüş saat 15:15-də başlayacaq.
Qadınlar
+67 kq
Millimizin medal ümidlərindən olan 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşıb. İlkin mərhələyə təsadüf edən döyüşdə 27 yaşlı ukraynalı Marina Koniyevanı sınağa çəkən təmsilçimiz 2 dəfə hesabda öndə olsa da, yekunda məğlubiyyətə üzülüb – 4:10. Əgər Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək.
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
Şərhlər