Baş məşqçidən azarkeşlərə çağırış: - Oyunlarımıza gəlsinlər!
05.11.2015 18:44 Sport reaksiya 2190
Reaksiya.az 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanovun Affa.az saytına müsahibəsini təqdim edir:
- Avropa çempionatının seçmə mərhələsinə hazırlıq necə gedir?
- Noyabrın 2-dən təlim-məşq toplanışındayıq. “İnter”dən İlkin Sadıqov, “Neftçi”dən isə Kamran Nəcəfzadə zədəli olduğuna görə komandaya qoşulmayıblar. Hazırlığımız plana uyğun şəkildə - gündə 2 məşq olmaqla davam edir. Komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşıb. Hazırlıq üçün hər cür şərait yaradılıb. “Dərslər”imiz pis getmir, qalır “imtahan”dan üzüağ çıxmaq.
- Futbolçuların ümumi hazırlıq səviyyəsi necədir?
- Pis deyil. Çünki oktyabrın 5-dən 19-na qədər Sloveniyada təlim-məşq toplanışı keçirmişik. Bakıya döndükdən sonra onlar son 11 gün ərzində klublarında olub, əvəzedici komandaların heyətində oyunlar keçiriblər. Hazırda iki futbolçumuzun səhhətində problem var, qrip yoluxublar.
- Vacib oyunlar ərəfəsində sizi daha çox hansı problemlər narahat edir?
- Bu yaş qrupundan ibarət komandalara çoxsaylı beynəlxalq oyunlar keçirmək vacibdir. Biz bu futbolçuları öz yaşıdlarından ibarət yığma komandalarla oyunlarda yoxlamalıyıq. Yaxşı olar ki, daha güclü rəqiblərlə - hansısa ölkənin U-21 yığması ilə qarşılaşsınlar. Çünki problemlər, çatışmazlıqlar güclülərlə oyunda görünür. Sloveniyadakı təlim-məşq toplanışı zamanı planlaşdırdığımız oyunlardan biri əlverişsiz hava şəraiti üzündən baş tutmadı. Amma 3 oyunda gücümüzü sınadıq. 1:3 hesabı ilə məğlub olduğumuz qarşılaşmada daha yaxşı təsir bağışladıq və çox məqamları gördük. Digər 2 oyunda qələbə qazandıq. Ancaq qalib gəldiyin oyunda çatışmazlıqları o qədər də dəqiq görə bilmirsən.
- Bu komanda ilə ilk toplanışınızı bu ilin mayında keçirdiniz. O vaxtdan bu günə qədər hansı dəyişiklər diqqət çəkir?
- İlk tanışlığımız mayın sonu – iyunun əvvəlində baş tutdu. Həmin ərəfədə çempionat yekunlaşmışdı. İyulda isə futbolçuların əksəriyyəti məzuniyyətdən gəlmişdilər, hazır deyildilər, çatışmazlıqlar çox idi. Daha sonra Malta ilə iki oyun keçirdik, Gürcüstanda və Sloveniyada təlim-məşq toplanışlarında olduq. Bu sonuncu hazırlıq dövrümüzdür və bəhrəsini görməliyik.
- Elnur Cəfərov sabah komandadan ayrılıb Lənkərana gedəcək və noyabrın 8-də Topaz Premyer Liqasının “Xəzər Lənkəran” – “Qarabağ” oyununda iştirak edəcək. Bu, gənc futbolçuya noyabrın 10-da Ukrayna ilə keçiriləcək oyuna hazırlaşmaqda çətinlik yaratmayacaq ki?
- Əlbəttə, problem yaradacaq. Millinin məşqçisi kimi Elnurun yığmaya kömək etməsini istərdim. “Xəzər Lənkəran” “Qarabağ”ı Lənkəranda qəbul edəcək. FIFA-nın transfer qadağası üzündən “Xəzər Lənkəran” heyətini gücləndirə bilməyib. Buna görə də bu komandanın heyətində kifayət qədər futbolçu yoxdur. Komandanın baş məşqçisi Yunis Hüseynovla söhbətimiz zamanı da onu anlayışla qarşılamağımı istədi. Çünki 14-15 futbolçusu var, onlardan da ikisi-Adrian Skarlatake və Orxan Əliyev cərrahiyyə əməliyyatı olunacaq. Yunis müəllim xahiş etdi ki, Elnur “Xəzər Lənkəran”a kömək etsin. Oyundan dərhal sonra futbolçunu U-19-un düşərgəsinə çatdıracaqlarına söz verdi. Əlbəttə, vəziyyəti başa düşürəm, amma U-19-un il ərzində gördüyü işlərin nəticəsi bu 3 oyunda ortaya çıxacaq. Çempionat isə il ərzində davam edir. İndi qalır Elnurla bərpa prosesini necə keçəcəyimizə. Təki millinin düşərgəsinə zədəsiz qayıtsın.
- Rəqiblərin oyunlarını izləmisinizmi?
- Müəyyən məlumatlar əldə etmişik. AFFA tərəfindən Ukrayna – Polşa, eləcə də Türkiyə – İtaliya oyunlarının videoyazısı mənə təqdim edilib. Bosniya və Herseqovina yığmasının oyununu isə Makedoniyada stadiondan izlədim. Hər 3 rəqibimiz güclüdür. Bununla bizim futbolçuların onlardan zəif olduğunu demək istəmirəm, sadəcə, bir qədər diqqətli olmağımız lazımdır. Bunu bacarsaq, mərhələ adlaya bilərik.
- AFFA rəhbərliyi komanda ilə görüşüb. Qarşıya hansı məqsəd qoyulub?
- Bir məqsədimiz var - mərhələ adlamaq. Hər bir futbolçu bunu dərk etməli, verdiyimiz tapşırıqları meydanda icra etməlidir. Yeri gəlmişkən, azarkeşlərə, millini sevənlərə səslənmək istəyirəm ki, oyunlarımıza mütləq gəlsinlər. Niyə yığmamızı dəstəkləməyək?! Gəlsinlər, dəstəkləsinlər, biz də çalışacağıq ki, onları sevindirək.
Şərhlər