Daha 3 medal qazandıq
22.11.2015 16:22 Sport reaksiya 2252
Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının üçüncü - sonuncu yarış günü də cüdoçularımız üçün uğurlu olub.
Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cüdo üzrə Azərbaycan milli komandası aktivinə daha 3 medal yazdırıb.
90 kq. çəki dərəcəsində yarışan Ramin Qurbanov mübarizəyə ikinci turdan, tatami sahibi Ksun Jao Çenqi məğlub edərək qoşulub. Daha sonra Monqolustan cüdoçusu Otqonbatar Lxaqvasurenə qalib gələn Qurbanov 1/4 finalda kubalı idmançı Esli Qonzalesə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz ilk qarşılaşmasında Böyük Britaniya təmsilçisi Enryu Bernsə qalib gəlib. Ramin Qurbanov bürünc medal uğrunda mübarizədə isə rusiyalı Kiril Voprosovu “ippon” fəndi ilə məğlub edərək qələbəni bayram edib.
100 kq. çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımov yarışa yaponiyalı Rutaro Qoto və gürcü Quram Tuşişvilini məğlub edərək başlayıb. 1/4 finalda isə o, argentinalı Hektor Kampos və koreyalı Hvanq Min-Hoya qalib gələn komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb. Azərbaycan duelindən qalib çıxan Məmmədov yarımfinalda Qazaxıstan cüdoçusu Maksim Rakova uduzub. Lakin cüdoçumuz Ukrayna təmsilçisi Artem Bloşenkonu məğlub edərək bürünc medal qazanıb.
Elmar Qasımov da təsəlliverici görüşlərdə xorvatiyalı Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazananraq bürünc medala sahib olub.
Digər iki cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (100+) isə mübarizəni ilk döyüşdə məğlub olaraq dayandırıb.
Bununla da, Azərbaycan cüdoçuları Çin Qran-Prisini 6 medalla başa vurub. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) gümüş medal, Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Elxan Məmmədov (100 kq) isə Qpan-Prinin bürünc medalına sahib olublar.
Şərhlər