“Neftçi” - “Qarabağ” qarşılaşmasında işıqlar niyə sönmüşdü?

30.11.2015 11:50     Sport reaksiya     2126

Ötən gün “Neftçi” - “Qarabağ” klublarının qarşılaşması zamanı stadionda işıqların sönməsi mübahisəli məqam ortaya çıxarıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, “Neftçi” PFK-nın mətbuat katibi Mehman Rəsulov  açıqlamasında bildirib ki, “Bakcell Arena”da baş tutan oyunda işıqların hansı səbəbdən söndüyü araşdırılıb. O qeyd edib ki, problem “Azərişıq” ASC-dən qaynaqlanıb: “Biz “Bakcell Arena”da icarə əsasında oynayırıq. Orada elektrik enerjisinin verilişi üçün iki xətt var. İşıq xəttinin birində nasazlıq var idi, digəri isə işlək vəziyyətdə idi. Tam işıqlar kəsilməmişdi. Kəsilən xəttin bərpası üçün də müəyyən vaxt lazımdır. Problem “Azərişıq”da elektrik enerjisinin ötürülməsi ilə əlaqəli olub. Ona görə də stadionda işıqlar sönüb”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev isə  açıqlamasında bildirib ki, stadionda işıqların kəsilməsinin təmsil etdiyi qurumla heç bir əlaqəsi yoxdur: ""Azərişıq" ASC-dən “Bakcell Arena”ya elektrik enerji verilişi normal qaydasında olub. Orada işıqların sönməsinin bizə aidiyyatı yoxdur, stadionun problemi ola bilər”.

Qeyd edək ki, ötən gün Topaz Premyer Liqasının 14-cü turunda “Neftçi” - “Qarabağ” oyunu zamanı işıqlar sönüb. Problem qısa zamanda aradan qaldırılıb. 

Şərhlər