Firəng qulbeçəsi - Şəmil Sadiq yazır
24.06.2015 15:47 YazarKlub 2852
Ədəbiyyatşünaslar kənarda qaldıqca, ədəbiyyat həvəskarları ədəbiyyatı küçə söhbətlərinə çevirirlər. Üç-beş yazarın ədəbi tənqidçi, üç-beş siyasətçinin ədəbiyyatşünas, üç-beş yad mehi ilə təsirlənmişlərin ədəbiyyat tarixçisi kimi haray-həşir salmaları adamı elə yandırır, elə yandırır. Ha istəyirsən dözəsən, özünü küyə getmişlər sırasında hiss etməyəsən, alınmır ki, alınmır. Nağıllarımızın birindəki kimi, sanki atın qabağına ət, itin qabağına ot qoyublar. Əslində, qoymayıblar, at yabılaşıb və harınlayıb ki, ətə hücum edir, it də başını itirib qoyun kimi otla eşələnir.
Kim kimin tayasını cəmləyir özü bilər, amma gərəkdir ki, millətin tayasını cəmləyək. Millətin tayasına yad ünsürlərin qığılcımı ilə od vurmaq isə əclaflıqdır. Özünü bilməzlik, özünü tanımazlıqdır. Əgər bir alim ki, bir yazıçını tənqid edə, onun haqqında fikir yürüdə, ona gərək olan birinci şərt ədəb və etikadır, elmi üslubdur, elmi tənqiddir. Özünü dil bilicisi kimi təqdim edib, azdan-çoxdan haqlı fikirlər də səsləndirən bir şəxsin tənqid yazısında “dilimizi daha da zibilləyəcəkdi” işlətməsi heç varvarizm də deyil, vulqarlıqdır, loruluqdur.
Milləti məhv edən özünü Qutsal bilib, sifarişli millətçilik edənlərdir. Mən razı, Hüseyn Cavidin dili bugünkü və o dönəmki Azərbaycan dilindən fərqlənirdi. Və Cavid bunu bilə-bilə, şüurlu edirdi. Dəfələrlə əsərlərinin son cümləsini “imlasına toxunmamalı” kimi fikirlərlə möhürləyirdi. Bu gün Azərbaycançılıq ənənəsi var, amma Cavid dövründə yox idi və o, Türklük ideologiyası uğrunda vuruşurdu. Parçalanaraq iki, üç, dörd və s. kimi təqdim edilən dilləri bir kimi görmək istəyirdi. Bu, o dühanın inancı idi, amalı idi. Kimlərəsə görə yanlış hesab edilsədə. Hüseyn Cavid o zaman Azərbaycanın yox, Nəsiminin, Füzulinin, Nəvainin, Yunis Əmrənin bir-birini anladığı ümumtürk dilinin hayında idi. Çar Rusiyasının siyasi səyi, fars ideologiyasının mübarizliyi, ərəb zehniyyətinin hökmü ilə param-parça olmuş türk ellərini ortaq bir nöqtədə birləşdirmək sevdasına tutulmuşdu. Bu da millət aşiqi üçün çox təbii hal idi.
Əlinə kiminsə fənərini dürtüşdürüb 100 il bundan öncəsinə işıq salmaq istəyən elə fənər sahiblərinin də qulbeçəsidir. Çünki fənərinin önlüyü başqa rəngdədir və işıq adamı kor edir.Hadisələrə qərəzlə yanaşılmasa idi və adam kimi tənqid edilsə idi, bu qədər qınağa gəlməzdi ingilis fənəri. Əgər bir yadın işığı ilə aydınlığa çıxacağıqsa, kor olmaq ondan yaxşıdır. Heç olmasa, öz içimizi görərik.
Dil insan fikirlərinin ifadə edilməsi üçün bir vasitədir. Böyük sənətkar da bu vasitədən istifadə edib, ideologiyasını ortaya qoyub və haqlı da edib. Sovet rejimi olmasa idi və müstəqil dövlətimiz yaşasa idi, bu gün kimsə bu iki dil arasında bu qədər fərqi görməz və filosof olmaq eşqinə düşməzdi.
Hüseyn Cavidi müdafiə etmək bizim işimiz deyil, çünki onun hər bir cümləsi Cavidin ifadəçisidir. “Uçurum” əsərində Avropaya üz tutan Cəlala, Uluğ bəyin dili ilə lazım olan hər şeyi demişdir:
Haydı, yavrum, gedin, uğurlar olsun!
Gedin böyük Tanrı sizə yar olsun!
Fəqət bilməli ki, Firəng elləri,
Həm bəslər, həm soldurar əməlləri.
Avropada işıq da var, zülmət də
Orda səyahət də var, fəzilət də.
O bir zəngin dəniz ki, çox qorxuncdur,
İnsan gah inci bilir, gah boğulur.
Ayıq davranmalı, mətin olmalı,
Həp nura qoşmalı, haqqın bulmalı.
Həmin Cəlallardır ki, indi Avropada uçurum girdabına tutulub və bu xəstəliklə də yaşayırlar. Cəlal, Parisi, Luvru gəzib, dünya və Fransa mədəniyyətinin inciləri ilə tanış ola bilərdi. O, Russo, Didro kimi alim və filosofların dünyagörüşünə yiyələnə bilərdi. İtaliyada Leonardo da Vinçi, Rafael, Mikelancelo kimi sənətkarların ecazkar sənətini öyrənməyə cəhd edə bilərdi… Lakin obyektiv gerçəklikdən qaçaraq öz subyektiv, mücərrəd aləminə qapılır. Ailəsini, övladını düşünmək, xalqın adını ucaldan nadir sənət inciləri yaratmaq əvəzinə, təəssüf ki, başqa işlərlə məşğul olur.
Cavid, Birinci Dünya Müharibəsini, Oktyabr inqilabını, Demokratik Cümhuriyyətin qurulmasını və yıxılmasını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər repressiyalarını görüb, yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik ictimai şəraitlərin şahidi olub, yaşayıb, amma bu hadisələrdən 100 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv və şərəfli qiymət almaq, yalnız dahilərə məxsusdur. Çünki Cavid tarixə birmənalı şəxsiyyət kimi düşdü. Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailəsində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımlara, nə də böyük partlayışlara gözü qamaşmamış, özünün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə yaşayan bir dühadır.
Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı və bulduğu həqiqətdən bir anda olsun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə qalxan, "Peyğəmbər" kimi tökülən qanların qarşısını almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub dünyanı ədalətsizlikdən xilas etmək arzusunda olan, Siyavuş və Azər kimi Odla Suyun qovuşduğu torpaqdan doğulub, odla saflaşan, Xəyyam kimi şərlənməsinə, ləkələnməsinə baxmayaraq, öz paklığı və idrakı ilə mübarizə aparan olduğunu görmüş olarıq. Cavid, yaradıcılığında da öz taleyini yazmışdır, onun öz taleyi isə millətinin, elinin taleyi idi.
Mətləblər çoxdur, toxunmaq istəmədim. Əlbəttə ki, Cavid yüksəkliyinə qalxa bilmədiyimiz üçün, qulbeçə səviyyəsinə enmək arzusunda da bulunmadıq. Amma böyük mütəfəkkirdən bir-iki aforizminin verilməsini məqbul bildim ki, bəlkə, odlu bir şillə ola, yapışa sırtılmış yanaqlara...
Versə də bayquşlar əgər səs-səsə,
Qayğı yaraşmaz bu gülər məclisə...
...
Naəhl olana mətləbi qandırmaq olurmu?
Söz qanmayana zor ilə qandırmaq olurmu?
...
Hər kimin korsa qəlbi-vicdanı,
Edəməz dərk o nuri-qəzdanı...
...
Eşq olsun intiqam və ölüm sərxoşlarına!
Eşq olsun dəhşət və kin bayquşlarına!
...
Xayır, alçalmam, istəyən gəlsin,
Məni hər kim sevərsə yüksəlsin..
F.ü.f.d.,dos. Şəmil Sadiq
Şərhlər