Sevinc Yunuslu – şeirlər

25.06.2015 09:19     YazarKlub     4231

***
Ötən qış ötdü şaxtalı,
Dedim… dedim ki, yaz gələ.
Unut məni, çıxım gedim,
Gedim… gedim ki, yaz gələ.

Göz yaşımdı yağan yağış,

Sevgim bəzək, sevgim naxış.
Gərək sevdiyimə bu qış,
Yetim… yetim ki, yaz gələ.

Qışdan qışı dərib bahar,

Ömrümə göndərib bahar,
Bu qışı döndərib bahar,
edim… edim ki, yaz gələ,
Gedim, gedim ki, yaz gələ.

***

Tufanli havada, boranli qısda,
Şehlənsə bilinər gülün sevinci.
Kicicik namədə, böyük ümidlə,
Necə sevindirdiz, bilin, Sevinci.

Çay dasdan süzülüb birləşsə dagla,

Qarşısı alınmaz hasarla,bagla.
Ha çarpış, ha toqquş, yolunu bagla,
Nə olsa aşarmış selin sevinci.

Bahar arzusunu nurlu urəklə,

Çatdirar hər yana xoş bir küləklə.
Dillənsə bir arzu təmiz diləklə,
Ürəkdən dasarmış dilin sevinci.

 

GİZLƏNMİŞƏM

 

Payızın kölgəsində
Qış olub gizlənmişəm.
Yarpaqlar arasında
Quş olub gizlənmişəm.

 

Gəlmişəm ki, qəm yeyəm,
Nə bilmişəm cəm deyəm?
Qara gözlərindəyəm,
Yaş olub gizlənmişəm.

 

Göz yaşıyam bulaqda,
Solmuşam bir budaqda.
Mən burdayam, bu dagda
Daş olub gizlənmişəm.

 

ƏTRİNİ

 

Göylər axıtdı gürşadı,
Göy qurşagını qurşadı.
Kim qoxladı,kim oxşadı
Qönçə güllərin ətrini?

 

Saraldı xəzan yarpaqlar,
Hicranı yazan yarpaqlar.
Qoxlayır ozan yarpaqlar
Sarı tellərin ətrini.

 

Xəzəllər sapsarı ocaq,
Bu ocağa qar yağacaq.
Qaranquşlar qaytaracaq,
Solan illərin ətrini…

 

Yavaş yeri…

 

Getdiyim yollar tələsir
Yollar, yavaş yeri.
Düşən yarpaqlar tələsir,
Dallar, yavaş yeri.

 

Çölüm-düzüm sənə gəlir,
Yönüm-üzüm sənə gəlir,
Gəlir, izim sənə gəlir,
Çöllər, yavaş yeri.

 

Şehsən, göz yaşım, süzülmə,
Tər ləçəyindən üzülmə.
Gəlib sinəyə düzülmə,
Xallar, yavaş yeri.

 

Demə, alışıb da yansın,
Yorulsam, yollar dayansın.
Çiçəklər-güllər oyansın,
Yollar, yavaş yeri…

 

*****

Hönkürüb dənizlərə
Axıb unutdum səni.
Gözümdəki gözlərə
Baxıb unutdum səni.

 

Baş götür, baş götür qaç,
Unut,çiçəklən, gül aç.
Kədəri başıma tac
Taxıb unutdum səni..

 

Alışdı köz içimdə,
Qaldı bir söz içimdə.
Özümü öz içimdə
Yaxıb unutdum səni.

 

****

Düşür ömür yarpağım,
Solub-saraldı demə.
Lalə bağrım yaradı,
Yaraya xaldı demə.

 

O halımı sormadı,
O yaramı sarmadı.
Ona heç nə qalmadı,
Mənə nə qaldı demə.

 

Gedən getdi oydusa…
Gələn ona taydısa…
Ömür elə buydusa –
Nə verdi aldı demə…

 

***

 

Bu yatdığım quş yuvası,

Yuxulardan oyat məni.

Hər gecə yaz yağışıyla

Gözlərində yu, yat məni.

 

Bitib pir olan inamım,

İtib sir olan inamım…

Yalvarıram, qoy inanım,

Bir yalan de, uyut məni.

 

Ağlayır, gözüm qanayır,

İçimdə dözüm qanayır…

Gedirəm, izim qanayır,

Unut, unut, unut məni.

 

Olmuşam…

 

Yanıb külə dönüb içim,
Çölüm,yalvarar olmuşam.
Vaxtınnan tez apar məni-
Ölüm, yalvarar olmuşam.
 

Sonam göldə qanad atıb,
Gül rəngini qana qatıb.
Əlimdəcə qana batıb
Gülüm, yalvarar olmuşam.
 

Hardan gəlir neyin səsi?
Yox taqətim, heyim, səsim.
Söylə dərdini söyləsin
Bilim, yalvaran olmuşam.

Şərhlər

Çox oxunanlar