Nizami Əlisoy. "Qonaq" - Hekayə
26.06.2015 01:42 YazarKlub 2939
Qonaq
(hekayə)
Çoxdan gözlənilən qonaq qapı ağzında idi. Pəncərə gecədən bəri açıq qalmışdı. Günəş doğan kimi bir səssizlik duyulurdu. Kiçik otağımda payızın ilıq nəfəsini hiss edib, oyandım. İnsanlar yatmışdı, quşlar isti ölkələrə uçmuşdu, təbiət isə gücünü tükətmişdi. Bir tək günəş oyaq idi və əlbəttə ki, mən… Payızla görüş vaxtının çatdığını anladım.
Çoxdankı həsrət sona çatmışdı, Payız doğma Bakısına qovuşurdu. Yağan yağışları ilə, sərt küləyi ilə gəlişini xəbər verirdi köhnə yar… Tanıdıq hisslər bürünürdü Küləklər şəhərinə. Hər kəs eyni duyğuları yaşayırdı, hər kəs qəmli və hər kəs günahsız idi bu zaman Bakıda.
Özümdə bir fərəhlik hiss etdim. Rahatlıq tapdığım, yorğun duyğularımın fəsli gəlmişdi. Narın-narın yağış yağırdı. Xəyallar, keçmişə, xoşbəxt günlərimə aparmışdı məni. Kimsə içəri daxil oldu. Tərpənmirdim, pəncərə qabağında narın yağışı seyr edirdim.
— Salam. Bu gün necəsiz?
Səsindən zərif cinsin nümayəndəsi olduğunu anladım. Dinmədim. Susduğumu görüb, təzədən soruşdu:
— Biraz söhbət edək?
Stullardan birinə əyləşdim. O isə digər stulu çəkib qarşımda oturdu. İncə-mincə, balaca boy, tünd qəhvəyi gözlü, qara saçlı bir xanım idi. Söhbətə başladı.
— Adım Filankəsdi. Bu gündən həftədə bir dəfə sizinlə görüşəcəyik. Bilirsiz, siz mənim ilk pasiyentimsiz — deyib gülümsədi. Heç bir reaksiya vermədiyimi görüb qəti şəkildə dedi:
— Çox sıxıcı həmsöhbətsiz!
Tərs-tərs üzünə baxdım. Özü də anladı ki, bunu deməməli idi. Üz cizgilərindən bilinirdi ki, çox həyacanlıdı .
— Səssizliyi sevirəm — dedim.
— Niyə?
— «Zəmanəmizin qəhrəmanı» (Lermontov) romanını oxuyubsuz?
— Xeyr, mən müəllimlərimin bəyəndiyi kitabları oxumuram. Niyə soruşdunuz?
— Oxuyun, mütləq oxuyun. Bəlkə də məni anladınız…
— Özünüzü baş qəhramana oxşadırsınız?
— Xeyr, sadəcə Peçorin mənim istəyib də deyə bilmədiklərimi deyir…
— Mütləq oxuyacam! — məni danışdıra bildiyi üçün mi, mənim hər hansı bir nöqsanıma görə mi, bilmədim niyə, amma gülümsədi.
— Oxumaq yaxşıdır — dodaqaltı pıçıldadım.
— Oxumaq haqqında çox şişirdirlər. Mənim üçün bu əyləncənin bir növüdür.
— Hmm…
— Sizin mənim haqqımda düşündüklərinizi fikirləşmək belə istəməzdim…
— Yox! Mən heçnə fikirləşmirəm…
— Sən mənim haqqımda yəni heçnə fikirləşmirsən?! — təəccüblə deyib, tutuldu. Birdən-birə sizdən sənə keçdiyinin fərqinə vardı. Tez üzr istədi:
— Bağışlayın, birdən …
Sözünü yarıda kəsdim:
— Bəlkə də, belə yaxşıdı. Özümü daha rahat hiss edərəm. Bəli, heçnə fikirləşmirəm.
— Qəribədi, mən həmşə həmsöhbətim haqqında çox fikirləşirəm.
— Bunu etmək o qədər də vacib deyil. Bu sadəcə vaxt itgisidi.
— Mən heçnə etmirəm, fikirlər özləri hardansa peyda olur. İnsanları tanımaq və bir-biri ilə müqayisə etməyi sevirəm. Bəzən düşünürəm ki, özümü tam dərk etməmişəm…
— Özünü dərk et, gələcəkdə lazımın olar.
— Belə də pis deyil. Düzdü, fikirlərimi tez-tez dəyişirəm. Amma elə şeylər var ki, onları dəyişə bilmirəm, özüməməxsus prinsip və qanunlarım var.
— Nə vaxtsa düzələr. Narahat olma.
— Hardan bilirsən?!
— Mən bilirəm…
— Sənə inanmıram — dedi və susdu. Dinmədən bir-birimizin üzünə baxdıq. Birdən səssizliyi pozdu: — Düşünmürəm ki bu nə vaxtsa dayana.
— Öz işindi, səni məcbur etmirəm mənə inanasan.
— İnanmıram deməzdim, sadəcə hardan bilə bilərsən ki?!
— Sadəcə bilirəm…
— Bəlkə sən uydurdun bunu?
— Dedim axı səni inanmağa məcbur etmirəm!
Üzümə baxdı və güldü. Tez-tez balaca dəftərində qeydlər aparırdı. Növbəti qeydini yazıb tamamladıqdan sonra dedi:
— Deməli uydurmusan? Yalançı!
Heçnə demədim. Gülümsədim. Yenə danışmağa davam edirdi:
— Bunu belə sakit qarşılayacağını düşünməzdim. Deyəsən başqalarının sənin haqqında düşündüyü sənə maraqlı deyil.
— Maraqlıdı, mən nə etməli idim ki?!
— Ən azından inkar edə bilərdin.
— Niyə ki… Mən sənin fikrinə hörmət edirəm.
— Hətta belə? — güldü.
— Axı sən də mənim kimi adi bir insansan, sənin də fikrin ola bilər. vacib deyil ki, onlar üst-üstə düşsün. Sənin öz fikirlərin var, mənim də öz fikirlərim. Düşünürəm ki, hər kəs bir-birinin fikrinə hörmətlə yanaşmalıdır.
— Anladım. Etiraf edirəm ki, tanıdığım insanların doxsan faizini sevmirəm, çünki onların fikirləri çox axmaqcadı. Ona görə yox ki, onların fikirləri mənimkilərlə üst-üstə düşmür, sadəcə onlar çox axmaqca fikirləşirlər. Sən isə hər kəsin fikrinəə hörmət edirsən. Tərifə layiqdi!
— Mən insanları sevmirəm, baxmayaraq ki, fikirlərinə hörmət edirəm.
Təəccüblə üzümə baxdı. Özü də fərqinə varmadan qışqıra-qışqıra dedi:
— İnsanları sevmirsən? İnsanları sevmirsən?!
— Əlbəttə istisnalar var, amma ümumiyyətlə sevmirəm!
Nizami Əlisoy
Şərhlər