Zəlimxan Yaqubun şeirləri
12.01.2016 15:37 YazarKlub 5072
BİRCƏ TƏSƏLLİM VAR
Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə də beləcə axşam düşəcək,
Yenə də beləcə səhər olacaq.
Yenə də arılar bal daşıyacaq,
Yenə də ilanda zəhər olacaq.
Əslimiz, nəslimiz yaşamaq üçün,
Yenə kənd olacaq, şəhər olacaq.
Şəhər var, açılıb gülə dönəcək,
Şəhər var, qovrulub külə dönəcək.
Kənd var, çiçək açıb gözəlləşəcək,
Kənd var, göz yaşları selə dönəcək.
Dünyada heç kəsin boş qalmır yeri,
Gedənlər getsə də, gələnlər gəlir.
Ömrünü torpaqla, atəşlə, suyla,
Yağışla, havayla bölənlər gəlir.
Yenə göy güləcək yağışlarıyla,
Yenə yer güləcək naxışlarıyla.
Bu dünya həmişə gözəl olacaq,
İnsanın dünyaya baxışlarıyla!
Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə oynadacaq sevinc atını,
Yenə daşürəkli kədər olacaq.
Torpağı su basıb, sel aparanda,
İnsanın zəhməti hədər olacaq.
Bu dağlar yenə də çiçəklənəcək,
İgidlər yenə də igidləşəcək,
Göyçəklər yenə də göyçəklənəcək.
Mən də qarışacam qara torpağa,
Sellər aparacaq, bəlkə qəbrimi,
Məzarım hardadı, bilinməyəcək.
Bircə təsəllim var, eşqim ürəkdən,
Adım yaddaşlardan silinməyəcək!
lll
Hamı bu şəhərə dipdiri gəlir
Şəhər dünyasıdı...
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.
BU DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM
Mənim yaşım uşaq yaşı deyil ki -
Hər ağacın meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.
Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.
Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.
Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.
GÖRƏSƏN
Ömrün axırına nə qalıb görən,
Ömrü ömür kimi sürəcəyəmmi?
Ətirli çöllərin çıxıb qoynuna,
Yazda çiçəkləri dərəcəyəmmi?
Dünyaya dağılan şeirlərimi,
Ucalıb dağ olan şeirlərimi,
Təzəcə doğulan şeirlərimi,
Qəlbin süfrəsinə sərəcəyəmmi?
Qalmayıb dizimdə taqətim, heyim,
Susub birdəfəlik kamanım, neyim.
Bu gün-sabahlıqdı bəlkə taleyim,
Görəsən sabahı görəcəyəmmi?
MƏZAR
Məzar insanların döş nişanıdır,
Yazılır daşlara ünvanı, adı.
Kim qəbir yerinə evim demədi,
Kim qara torpaqda dəfn olunmadı?
Uçmağa, qucmağa, qucaqlamağa,
Qanad yoxdu daha, qol yoxdu daha.
Məzar insanların son dayaq yeri,
Burdan o tərəfə yol yoxdu daha.
Məzar insanların sükut evidir,
Orda nə qapı var, nə pəncərə var.
Qəbiristan deyilən bir məmləkətdə,
Keçilməz uçrum var, dərin dərə var.
Hamının dərdini çəkən mən oldum,
Hamının ağrısı, azarı məndə.
Başdaşım əyilib köksümə sarı,
Dünyanın ən dərdli məzarı məndə.
lll
Ac gəlmişdim, ac gedirəm dünyadan,
Qismətimə düşən azdan doymadım.
Arı kimi güldən-gülə dolaşdım,
Nə payızdan, nə də yazdan doymadım.
Can yandırdı köz baxışlar, köz əllər,
Torpaq oldu, tez töküldü xəzəllər.
Saymazyana gəldi-getdi gözəllər,
Nə işvədən, nə də nazdan doymadım.
Nəğmələrlə ürəyimi aldılar,
Şirin-şirin xəyallara daldılar.
Min bir yerdə min bir hava çaldılar,
Nə aşıqdan, nə də sazdan doymadım.
Şərhlər