Van Qoq yoxdur… - HEKAYƏ
04.07.2015 15:55 YazarKlub 2895
Kadir Aydemir
Şüşə qapını itələyir yavaşca. Dəbdən düşmüş qara eynəklərinin arxasından hara baxdığını bilmək olmur. Əlində hər zamanki kimi iç - içə keçmiş bir neçə paket var. Paketlərin içində nə olduğunu bilmirəm, amma nəsə burnuma pis iy gəlir. Bu qoca kişi həftənin müəyyən günlərində mütləq mənim işlədiyim kitab mağazasına dəyməlidir. Yoxsa aləm dağılar.
Sifətinə baxanda adam qorxur, sən deyən elə də fikir vermirəm ona. Dilindən istifadə edib protez dişlərini oynadır ağzında. Ağzından “Tak” – deyə bir iyrənc səs çıxır. Bu səsi eşidəndə ürəyim bulanır.
Üst - başı uzaqdan təmiz görünür, amma elə ki, yaxınlaşır, şalvar və pencəyinin çirkdən par – par yandığının fərqinə varırsan. Hiss olunur ki, neçə vaxtdır su dəyməyib paltarlarına. O, içəri girəndə zəngin müştərilərimizin sifətləri çevrilir o dəqiqə. Qəribə, qeyri – adi bir vəziyyət yaşanır. Amma onun heç nə vecinə deyil. Dama – dama pencək və şalvar, boynu çirk bağlamış köynək… Ən qəribəsi odur ki, qalstuku boynuna kip bağlanıb. O paltarların içində qalstuku o qədər gülünc görünür ki!... Müqəvvaya oxşayır lap.
Heç adını da bilmirəm. Üzünə baxıb gəncliyini gözlərimin qarşısında canlandırmaq istəsəm də, alınmır. Elə bil əsrlərdir div yuxusuna gedib və bu yaxınlarda qəflətən yuxudan oyanıb.
Dəli oluram onu hər dəfə görəndə.
Hər dəfə də eyni şəkildə qapıdan içəri girən kimi məndən soruşur:
-Sizdə Van Qoqun şəkilləri var?
Mən də təəssüflə başımı bulayıram:
-Xeyr, təəssüf ki, yoxdur.
Sifətimdə bezgin bir ifadə yaranıb.
Heç vecinə də olmur mənim bu vəziyyətim. “Xeyr” – cavabını eşidəndən sonra ayaqlarını sürüyərək təzə nəşr olunan kitablara baxır bir xeyli, sonra yenə ayaqlarını sürüyərək geri dönür və mağazadan çıxır. Küçədəki qələbəliyə qarışır.
Evi – zadı var görəsən? Varsa nə gündə olar, İlahi?!
İş yoldaşım Sərdar mənə baxıb bığaltı qımışır:
-Yenə nə istəyirdi sənin bu müştərin?
-Əşşi, bir kitab soruşurdu məndən. Yenə eyni rəssamı.
-Görəsən olsaydı, alardı? Çox baha olur o cür kitablar.
-Bilirəm.
-Qəribədi cibində siçanlar oynaşır. Ayağına ayaqqabı tapmır geyməyə. Van Qoqun şəkillərini axtarır.
-Sənin bu…
-Nə başlamısan, e, “sənin bu”? Soruşsan, adını da bilmirəm heç…
-Paho, daha niyə hirslənirsən ki?!
Sərdar əməlli – başlı məzələnir mən hirslənəndə. Yaxşıdı e, vallah, bunun ucbatından əyləncə obyektinə də çevrildik.
Bu cür müştərilər həmişə mənə rast gəlir onsuz da; kimi içib, kimi çəkib, kimi qoca qarıdır, ancaq oğurluqdan əl çəkmir.
-Neyləyim, qovum bədbəxti? Birdən çox ciddi adam oldu. Düzdür, biz lağ edirik, amma olmadı elə oldu belə.
-Yaxşı, yaxşı, sən narahat olma. – deyir Sərdar mənə.
Ancaq görürəm də, güclə saxlayır özünü.
Bu hadisə həftədə bir - iki dəfə təkrarlanır. Müştərilərin alçaldıcı baxışları arasında özü də.
Bir neçə həftə sonra qərara gəldim ki, bu qeyri – adi müştərimi çaşdıracağam.
Ikinci mərtəbədə pəncərənin kənarında oturub bayıra baxırdım. “Bəyoğlunun ən böyük küçəsi bura olar da yəqin” – deyə düşünürdüm öz – özümə. Gözəl bir qız keçdi. Küçədə evdə bişirilən yemək satan oğlan əlində qablar qaçmağa başladı. Bir qadının xırda pulu yerə düşdü. İnsanlara özlərinin xəbəri olmadan tamaşa etmək çox gözəldir. Uzaqdan qoca bir kişi gəlirdi. Bir məktəbdə dərslər qurtarmışdı, səslərindən bilirdim. Bir azdan burda aləm dəyəcəkdi bir birinə.
Sürətlə keçən gənclər ona dəyməmək üçün əllərindən gələni edirdilər. Gəlirdi. Yaxşı ki, gördüm onu. Ikinci mərtəbədən düşdüm gəldim. Əlini şüşə qapının tutacağına uzatdı. Şüşə qapı ağır idi, əvvəlcə aça bilmədi. Sonra, daha əvvəl içəri necə girdiyini xatırladı və çiyini ilə itələdi böyük şüşəni. İçəri girmişdi artıq. Bir teatr tamaşasında imiş kimi əzbərlədiyi sözləri söyləyəcəkdi üzümə baxıb, amma gözlənilən cavabı dəyişdirdim o an içimdən. Ssenarini tərsinə çevirdim beləcə.
-Sizdə Van Qoqun şəkilləri var?
Mən də elə bu anı gözləyirdim. Neçənci dəfə idi artıq təkrarlayırdı bu sözləri.
-Təəssüf ki, yoxdur. - deyə cavab verdim.
Bir az dayandı, düşündü.
-Amma, ikinci mərtəbəyə baxın, bəlkə orda oldu. - dedim birdən.
Əlindəki paketi sıxdı. Gözləri hədəqəsindən çıxacaqmış kimi açıldı.
-Orada, ingilis dilindəki kitabların arasında tapa bilərsiniz bəlkə də axtardığınızı…
Çaşmışdı. Gözlənilməz bir cavab olmuşdu onun üçün.
-Çox sağ ol!…
Məhəccərlərdən tutaraq ikinci mərtəbəyə çıxmağa başladı. Bir addım atır, gözləyir, sonra çətinliklə bir addım daha atırdı. Ağrıları vardı bəlkə, bəlkə də bir qıçı protez idi. Pis iş görmüşdüm deyəsən onu aldatmaqla!
-Birdən ürəyi olar, ha! Kim bilir, bəlkə də əməliyyat olunub ürəyindən? Mənə nə var e… İnsanlar üçün kədərlənmək məcburiyyətində deyiləm ki!.. Necə yaşayırlar yaşasınlar!
"Sağ ol…"
Ağzı bir yorğan ipliyiylə tikilmiş kimi eləcə açılıb örtülmüşdü. Niyə Van Qoqu soruşurdu axı həmişə? Bunu heç cür öyrənə bilmədim. Yavaşca çıxdı pilləkanlarla yuxarı.
-Adam iyrənir…" (Mən ürəyimdə.)
-Hə, doğurdan da adam iyrənir… (Bu da Sərdar idi. O da öz ürəyində danışırdı.)
Burnumu tutdum o iyrənc qoxunu his etməmək üçün. Gözdən itəndən sonra təzədən öz işimə davam etməyə başladım.
Minlərlə kitabın arasında idim. Kitabların üzqabıqlarını görürdüm həmişə. "Cənnət bir kitabxanadır yəqin," – demişdi haçansa Borxes. Mən o cənnətin içində bir kağız siçanı idim.
Qocanın aşağı necə düşdüyündən xəbərim olmadı. Bəlkə də mən kitabxanada olanda çıxıb getmişdi. Sonra çox düşündüm onun haqqında. Nəsə yazmaq istədim, amma haqqında heç nə bilmədiyim bir nəfərdən necə bəhs edə bilərdim? Amma təxminən özümdəm nəsə uydura bilərəm. Məsələn bu qoca kişi əslində cavanlığında ətrafının dərin hörmətini qazanıbmış. Sevgilisi dünyasını dəyişəndən sonra dəli olub. Bu haqqda Sərdara heç nə demədim, çünki istəmirdim ki, mənə gülsün.
Əslində özümdən uydurduğum hekayənin məzmunu belə idi: Sevgilisi ölüm xəbərini eşidəndən sonra havalanmışdı bu qoca kişi. İllər əvvəl, bax indi bizim işlədiyimiz bu dükanın yerində nəsə başqa bir məkan var imiş. Bu kişi də elə burda, məndən Van Qoqun şəkillərini soruşduğu yerdə bir qadınla tanış olmuşdu. Görən kimi aşiq olmuşdu. Bizim kitab mağazasının yerində hər nə olub bilmirəm, amma onun divarından Van Qoqun rəsimlərindən biri asılmışdı. Bəli, məhz o rəsm əsərinə baxanda tanış olmuşduılar. Adam qəfil baxıb görmüşdü ki, qadın yoxdur. Qadın bəlkə də bir rəsmin içində gizlənmişdi bəlkə də… Və kişi o rəsmi axtarır hələ də…
Bu danışdıqlarım çoxdan baş verib. O, həmin gündən sonra mağazaya gəlmədi bir də. Məndən başqa o qəribə, o sirrli müştərini heç kim xatırlamır qətiyyən. Nə iş yoldaşım Sərdar, nə də bir başqası. Ancaq mənim yadıma düşür.
Tərcümə: Oktay Hacımusalı
Şərhlər