Qadınlardan qorxan qadınlar - Aysel Məmmədli yazır
07.07.2015 14:28 YazarKlub 2949
Həyat çoxumuz üçün amansız mübarizə şəraitində davam edir. Heç şübhəsiz mübarizədə daha çox və davamlı olaraq çalışan, əzmini və iradəsini hər yolun başında itirməyənlər qalib olurlar. Ancaq, əksərən bu mübarizə zərif cinsin nümayəndələrinə daha çətin başa gəlir.
Yaradılışdan zərifliyi və vizuallığı ilə bir başqa olan, əks cinsdən seçilən dişi, istəsə də, istəməsə də, diqqət mərkəzindədir. Dişinin isə, qadına çevrilmə dövrü, bəzi keçidlərdən, mərhələlərdən keçir. Eyni ilə sürfədəki canlının rəngarəng kəpənəyə çevrilməsi kimi. Qadının bu mərhələlərdən keçə bilməməsi böcəyin sürfənin içində məhv olmasına bənzəyir. Yoluna daş qoyanlar, yolunda baş qoyanlar, yolundan sapdıranlar və sonunda yolsuz - izsiz qalan qadınlar. Bunlardan keçən, cəmiyyətdə uğurları və uğursuzluqları bir mənalı qarşılanmayan qadın, bu durumda öz həmcinsini daha yaxşı anlamalıdır. Fikri daha yaxşı izah etmək üçün fantastik Hollivud filmlərindən birini misal gətirmək olar. Filmdə Dünyamız yad planetlilərin hücum təhlükəsi ilə üz-üzə qalır və daha öncə bir-birinə tələ quran və bir-birini düşmən gözü ilə görən bütün dinozavrlar birləşib özlərini bu təhlükədən müdafiə edirlər. Yəni, hər canlı öz növündən olan və yaradılışı baxımından ona bənzəyən ilə ətraf basqılara qarşı çiyin-çiyinədir.
Belə bir situasiyada qadınların dostu bir çox hallarda elə onların özləri olmalıdır. Amma olsa yaxşıdır, olmağı doğrudur və hətta, olmalıdır kimi əsaslı fikirləri elə qadınlar özləri alt-üst edirlər. Günü - gündən çətinləşən həyat şəraitində, yaşam mübarizəsində, bunca çətinliyin içində sağ qalmaq və ayaqda durmaq istəyən qadın, yaratdığı və yaşatdığı maneələri ilə yaşayır və həmcinslərinin həyatını daha da çətinləşdirir. Bütün bunların təməli əslində uşaq yaşlarında qoyulur . Uşaqların oyunlarını müşahidə etdiyimiz zaman adətən bunun şahidi oluruq.
Anidən kiçik bir narazılıq səbəbi ilə və ya səbəbsiz qızlar öz həmcinslərini oyundan kənarlaşdırır ya da onlara qarşı aqressiv davranırlar. Belə hallara oğlanlar arasında çox az rast gəlmək olar. Çünki qızlara gözlərini açandan onların söylənilən nağıllarda həmişə şahzadə və ya nağılın təmiz, saf, üstün keyfiyyətlərə malik yaxşı xarakterli baş qəhramanı olduqları, bu qəhramana bənzədikləri təlqin olunur. Bu nağıl xarakterləri isə, həmişə öz həmcinsləri ilə daimi mübarizə və müharibə şəraitində olurlar.
Nağıl qəhrəmanlarının həyatına müdaxilə edən və onların günlərini göy əskiyə bükən, sehrini həmişə bəd əməllər üçün istifadə edən pis xarakterli qəhrəman küpə girən qarı da, qadındır. Uşaq şahzadə və küpəgirənin mübarizəsi ilə yuxuya gedib, anası və nənəsinin müharibəsi ilə yuxudan oyanır. Beləliklə, uşağın beynində öz cinsinə qarşı antipatiyanın ilk simptomları cücərməyə başlayır. Gələcəkdə bu qız uşağı öz həmcinslərini istər şəxsi həyatında, istərsə də, iş həyatında potensial rəqib, hətta, düşmən gözü ilə görməyə başlayır.
Öz xəyalında sevgilisi ilə dostunu bir-birinin ağuşuna atır, itən bəzək-düzəyini bacısının əşyalarının üstündə axtarır, işdə ondan daha yaxşı bacarıq göstərən həmcinsinin müdirin məşuqəsi olduğunu söyləyir. Cəmiyyətdə və ailədə bütün çətinlikləri görmüş, müəyyən yaşa və təcrübəyə sahib qadın işdə müdir, ailədə ana və ya qaynana kimi özündən gənc qadınları anlamır, ya da anlamazlıqdan gəlir, bacardığı qədər yollarına daş qoyur. Öz işində mükəmməlləşəcəyinə, başqalarının mükəmməlləşəməyəcəyi ilə bağlı dedi-qoduların içində tapır özünü və geriləyə bildikcə geriləyir. Zamanla artan hirsi, kini gün keçdikcə üz cizgilərində özünü göstərir. Və onun evində böyüyən uşaqlar şahzadə və küpəgirənin nağılı ilə yuxuya gedib, həmin nağıl ilə də ayılırlar...
Şərhlər