"Azad yazıçı heç kimə lazım deyil" - SORĞU
10.07.2015 15:07 YazarKlub 3348
Ədəbi qurumlara üzvlük bəzən bir mənalı qarşılanmayıb. Bir çoxlarının fikrincə ədəbi qurumlara üzvlük yazıçının fəaliyyətinə və yaradıcılığına mane olur. Ümumiyyətlə, ədəbi qurumlara üzvlük yaradıcılığa mane olurmu? Mane olursa, səbəb nədir?
Belə bir sualla yazarlara müraciət etdik.
Dilqəm Əhməd Reaksiya.Az-a bildirib: "İndiyə qədər heç bir ədəbi quruma üzv olmadığıma görə, yaradıcılığa hansı təsir göstərdiyini bilmirəm. Bütün hallarda inanıram ki, bu qurumlar yazıçının yetişməsi üçün əlavə stimulverici yerlərdir. Yeniliklər müzakirə edilir, tənqidlər olur, yazılan əsərlərin çapı daha rahat olur, təqdimatlar keçirilir, səfərlər təşkil olunur, başqa ölkələrin yazıçıları ilə əlaqələrin qurulmasına imkan verir. Mane olmağa gəldikdə isə buna inanmıram, Ədəbi qurum partiya deyil ki, hər hansı ideoloji qarşıdurmalar olsun. Hər halda hər qurumun daxili nizamnaməsi var, üzv olursansa, onlara əməl etmək lazımdır”.
Aqşin Evrən o fikirdədir ki, istedada nəinki ədəbi qurumlar, heç siyasi qurumlar da mane ola bilməz: “Əgər mane olursa, demək, o, istedad deyil. Yalnız məişət zəminində hansısa problem yarada bilər: vaxt qıtlığı, mənasız əsərlər haqda yazılar, tədbirlər-filan. Mən ədəbiyyatın ictimai yox, daxili mənada çərçivələnməsinin əleyhinəyəm. Gənclərin çoxu ona görə ana və sevgi mövzularında ilişib qalıblar ki, onların bəşəri mövzularda ağrımağa istedadları çatmır. Çünki çərçivəyə qısılıblar. Artıq müharibə - Xocalı deyil, sevgi - kişi maykasının qadına yaraşması deyil. Bu dəqiqə dünya ədəbiyyatı müstəqillik və bəşərilik diktə edir.”
Cəlil Cavanşirin fikrincə, yazıçı azad olmalıdır: "İstənilən quruma üzv olmaq bu azadlığı məhdudlaşdırır. İstər-istəməz üzv olduğun qurumun mövqeyini müdafiə etməli olursan. Eyni zamanda ədəbi qurumların üzvlər qarşısına qoyduğu öhdəliklər, qadağalar olur. Düşünürəm ki, yazıçı, şair qrup maraqlarına xidmət etməməlidir. Müəyyən mənada qurumlar yaradıcılığı məhdudlaşdırmağa, öz maraqlarına tabe etməyə çalışır. Mən heç bir yaradıcı qurumda təmsil olunmuram və təmsil olunmağın da tərəfdarı deyiləm. Çünki, sərbəst qalmaq üçün azadlıq vacibdir. Yazarın təşkilat mənsubiyyəti olmasa yaxşıdır”.
Qan Turalı bir müddət Azad Yazarlar Ocağına üzv olub, amma dediyinə görə, bu üzvlük mane olmayıb: “Lakin bütün ədəbiyyat qurumları papaqlarını başlarına qoyub fikirləşməlidirlər ki, mən öz üzvlərimin rahat yazması, əsərlərinin ictimai müzakirəyə çıxardılması üçün nə etmişəm və nə etməliyəm”.
Rüfət Əhmədzadə deyir ki, əslində, ədəbi qurumlara üzvlük yazarlara mane olmamalıdır: “Amma bəzən elə şərait yaranır ki, sərbəstliyini itirirsən. Adicə evlənəndən sonra adam çox məqamları yazmağa qorxur, O ki qaldı hansısa təşkilata üzv olanda... Mən son 1 ildə AYO üzvü oldum, yaradıcılığıma elə bir maneə görmədim, amma bəzən hansısa mövzudan danışanda qurumda olan başqa bir yazarın xətrinə dəyməməməyə çalışmışam. Yenə də deyirəm ki, şərtlərdən asılıdır. Bir də insanın ruh azadlığından”.
Kəramət Böyükçölün fikrincə, yazıçı qurumlara üzv olmalıdır: “Quruma üzv olmasa, yazıçı yolunu azır, axırda azad bir insana çevrilir. Ancaq qurumlar nə qədər olmaya yazıçını sıxıb saxlaya bilir. Azad yazıçı heç kəsə lazım deyil. Ümumiyyətlə, azadlığın kiməsə xeyir verdiyini görməmişəm. Ona görə də, dövlətdən maliyyələşən hansısa ədəbi quruma mütləq üzv olmaq lazımdır ki, başını birtəhər saxlayasan”.
Yeqzar Cəfərli belə düşünür ki, bu, birbaşa yazıçının özündən asılıdır. Yəni bir yazıçı istəsə hər hansı bir quruma üzv olmadan belə onu dəstəkləyə bilər. Məsələn, mən AYB-nin üzvüyəm, amma AYB üzvü olmaq “AYB”çi olmaq deyil. Bizdə çox zaman bu iki anlayışı qarışıq salırlar. Ədəbi quruma üzvlük müəyyən qədər formal bir şeydir, onun yaradıclığa mane olacağına inanmıram".
Fərid Hüseyn deyib: “xeyr mane olmur, yazçıya mühitin murdarlığından və öz içindəki qüsurlardan başqa heç ne mane olmur”.
İbrahim İlyaslı bildirir ki, sıravi üzv olmaq düşünürəm ki, mane olmaz: “Qurumun funksioneri olmaq isə az-çox mane ola bilər. O da həmişə yox. Əgər yazar öz sərbəstliyini funksionerliyinə qurban verməsə bu baş verməz”.
Şərhlər