40 gündür susmuş qələm

26.04.2017 16:53     YazarKlub     2474

Bu gün artıq qələminin susmasından, ürəyinin durmasından 40 gün keçir

(Mövlud Mövludun xatirəsinə)

Şəxsi tanışlığım yox idi özü ilə, amma ilk yazısını oxuduqda sanki şəxsən tanış olmuşdum daxili dünyası ilə... İlk oxuduğum “Bacım bakirə olmasın” köşə yazısı idi. Bu yazı o qədər içdən -  hiss edilərək yazılmışdı ki, yazını oxuyanda duyğulanmamaq, hiss etməmək mümkün deyildi. Mövludun bizə çatdırmaq istədiyi mesaj  - namus və qeyrət anlayışının qadında yox, vətən məhfumunda olmasıdır. Yəni bizim düşüncəmizdə cinsi duyğular, hətta vətənpərvərlik duyğusunu da gizlədir. Yazar bizə demək istəyirdi ki, əslində vətən əldən gedəndə qadın da əldən gedir, namus da...

...Və bu yazı ilə Mövludun daxili dünyası ilə tanış oldum. O gündən bir çox gənc yazarların yaradıcılığını izlədiyim kimi onun da yazılarını oxumağa başladım. Gənc olmasına baxmayaraq, istedadı yazdıqlarından bəlli olurdu. Fikirlərini ifadə etməkdə açıq və cəsarətli idi Mövlud...

Mart ayının 16-sı səhər internetdə oxuduğum ilk xəbər Mövludu tanıyan və tanımayan hamı kimi mənə də çox pis təsir etmişdi. Yazılarında olduğu kimi həyatla vidaşalacaq qədər də cəsarətli olan Mövlud binanın  17- ci mərtəbəsindən özünü ataraq, intihar etməklə, oxucularını, dostlarını, tanışlarını, ən əsası hələ nə baş verdiyini anlamayan, körpə Ucalını məyus buraxmışdı. Bu qərarın doğru və ya yalnış olduğunu deyə bilməyəcəm. Doğrusu, bəşəriyyətin bütün problemlərini özünə dərd edən bir yazarın  bu addımı atması mənə qeyri-adi gəlməmişdi. Amma Mövludun bu yolu seçməyə haqqı yox idi. Çünki o, bu gedişi ilə ədəbiyyatımızın gələcəkdə daha parlaq olacaq bir imzasının qələmini də susdurdu. Hərçənd ki, Mövlud Mövlud imzasına ədəbiyyatımızın gələcəkdə daha çox ehtiyacı var idi. Mövludun içi dolu idi. Nələr yaradacaqdı, nələr yazacaqdı...

Bu gün Mövludun səssizliyindən 40 gün keçir. Təəssüf ki, bu qələm 40 il keçsə belə, dimdiyində bir hərf belə gətirməyəcək. . Yazıb özündən sonraya qoyduğu ürək döyüntüləri isə daim onun  oxucularının ruhunda vuracaq.

 Ruhun şad olsun tanımadığım tanışım!                               

 Nübar Lətifli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar