Söz sahibinin kimliyidir - “ZƏRRƏLƏR” antologiyası ilə bağlı incələmə

30.07.2015 20:49     YazarKlub     3782

“ZƏRRƏLƏR”antologiyasının ilkin təqdimatı maraqlı keçməklə yanaşı ətrafına xeyli adam toplaya bildi. Hansı ki, məndə də xoş ovqat yaradan tədbir kitabla daha yaxından tanış olmaq, bu günki gəncliyin yaradıcılıq imkanlarını incələməklə xeyir-dua vermək marağımı artırdı.
Əslində təqdim olunan yazıların səviyyəsi, dəyəri ilə daha çox önəmli olsa da bu layihənin hansı yöndə, tərtibatda və keyfiyyətdə təqdimatı bu günün oxucusu üçün maraq kəsb edir. Ən azından xərc çəkib aldığı “malın” bu günün imkanlarına uyğun xoş ovqat yaradan nümunəvi görünüşlü olmasını vacib sayır. Bu baxımdan antologiyanın üzlüyü, tikilişi, rəsimlərin görüntüsü o qədər də ürək açan olmaması naşırın peşəkar “fəallığı” olaraq göz önündədir. Hətta kitabda mündəricatın olmaması ilkin tanışlıq imkanlarını məhdudlaşdırmaqla kitabda kimlərin və hansı şeirlərlərin yer aldığını bilmək üçün bütün kitabı vərəqləmək məcburiyyətində qalırsan.
Bütün bunlara baxmayaraq “Avrasiya şairləri antologiyası”-nin qüsürlu nəşrindən sonra belə bir uğurlu layihə ilə tezliklə qarşılaşacağımı gözləmirdim. Həqiqi mənada uğurlu iş olaraq layihə rəhbəri Gülnarə İsrafilqızının fəallığı alqışa layiqdir. Onun tövhəsi ədəbiyyat həvəskarları, oxucuları üçün böyük hədiyyədir. Məhz bu xanımın fədakarlığı ilə məmləkətimizin müxtəlif bölgələrindən olan söz-sənət adamları bir araya gəlmiş, yaxşı hesab olunan şeir nümunələri seçilərək bu günümüzün oxucusuna ərmağan olunmuşdur. Təqdim olunan imzalardan söz yox ki, tanıdığım və yaradıcılığına bələd olduqlarım var idi. Çoxluğu bu günümüzün gənc qələm sahibləri təşkil edirdi ki, onların varlığından və yaradıcıliq fəaliyyətindən məlumatsız idim. Ona görə də yeni imza sahibləri ilə tanışlıq mənə xüsusi zövq verən tapıntı idi. Bu da sözun sehrinə düşən, sənətə həqiqi mənada peşəkarlığla yanaşmağa çalışan gəncliyin varlığına güvən, inam yaratdı. 
Beləcə aşağıda Sizə təqdim edəcəyim incələmələr “Zərrələr” antoloğiyasının 1 nəşrində yer almış, özünəməxsus ifadə tərzi ilə daha çox diqqətimi çəkən imza sahibləri oldu ki, onların yaradıcılığı ilə tanışlıq hər hansı mənada məndə maraq oyatmış oldu:
-İlk oxunuş, ilk qənaət... Söz sahibinin kimliyinı bəlli edər!-deyə düşünürəm. Buyurun mənə bəlli olanlarla Siz də tanış olun:

“Mənim bostanıma daş atan adam,
O daş mənə dəyər, səni göynədər.
Bilmirəm mən sənə nə qədər yadam,
Daşlara döğmayam, toz-torpaq qədər.”- kimi maraqlı misralar müəllifi Amil Ağayevlə ilk tanışlıqla başlayır bu kitab. (Səh.3) Sumqayıt bölgəsindən olan müıllifin həyat həqiqətləri haqqında kifayət qədər məlumatlı olması maraqlı mövzulara giriş imkanı verir. Lakin demək istədiyi fikirlər bədii həllini tapmadıqca bəndlər arası rabitə qırılır, şeirin səviyyəsi enir və səslənən fikirlər ayrı-ayrılıqda görüntü yaratmış olur:
“Mən zəifliyimi, xəstəliyimi,
Möhkəm sağlığımdan üstün tuturam”-deyə gəldiyi yanğılı qənaət də özünə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyildir. 

Məni Salyan bölgəsindən olan Aqil Sabiroğlunun (səh.10) mövzuya yanaşma tərzi düşündürdüyü kimi darıxmağının qəribəliyi ilə şənləndirə bildi:
“Qələmi götürüb, kağızı alıb,
Özünə bir kəlmə yaza bilmədim...
Sıxdım... Əllərimi başıma sıxdım;
yatmadım,
fikirdən üzülüb evimi yıxdım-
bax, belə darıxdım, belə darıxdım!” 

Şəki bölgəsindən olan Araz Səmədə gəlincə, artıq burada tamamilə fərqli biri ilə üz-üzəyik. Hansı ki, ailə-məişət problemlərinin girdabına düşərək çabalıyan müəllifın bəzən qəzəbli-üsyankar, bəzən sakit-susqun, bəzən də hər şeydən əlini üzmüş zavallı halı dil açıb danışır: 
“Sənin əlin bir arzuya uzananda,
Mənim əlim cibimə yapışır...
Nə bir söz tapa, nə söndürə bilirəm ürəyimin odunu,
Sanki çarmıxa çəkirsən,
Susmağı sevməyən atanı.”- deyə bu şeiri oğlu Dənizə ünvanlayır. Hansı ki, artıq bu ağrıları yaşıyır və həssaslıqla yazır. Hərdən də ağrı-açıya dözümsüzlük göstərərək usyankar danışığı və davranışı ilə adamları heyrətləndirir. Bəlkə də bezdirir. Kaş ki... Bütün səmimiyyəti ilə yaşıyaraq yazdığı şeirlərdə isə həqiqi ürək döyüntüləri belə duyulur. Necə ki, atasının ölümünə yazdığı kimi:
“Ehh ata, ehh ata,
Sən torpağın altda rütubətdən,
Mən torpağın üstündə 
Xəcalətdən çürüyürəm.”

Gədəbəy bölgəsindən olan Aybəniz Qafarlı ilə artıq əvvəlki antoloğiyadan “Bizi əsir xocalı” (səh 150) şeiri ilə tanışıq. Bu dəfə “Bizi bağışlama, əsir Xocalım” adı ilə həmin şeir yenidən təqdim olunur. Adın yaratdığı təsir məsuliyyət hissi oyadaraq oxucu düşüncəsini hansısa çıddi, dəhşətli bir hadisənin yaşamından söhbətə hazırlayır. Lakin taleyi ilə barışmış, üzgün bir xanımın səsləndirmək istədikləri ilə rastlaşırıq:
“Qoy daha açmasın baharın-yazın.
Bu sənin qismətin, bu sənin yazın.
əldən ələ keçdi gəlinin, qızın.
Bizi bağışlama əsir Xocalı.”-deyə təzadlı bir səhnə yaradır. Əsarətin artıq yaddaşlara köçməsinin şahidiyik. Şeirin adına yatan, fikirlərin bir birini izləyərək hiss-həyəcan oyadaraq oxucunu düşündürməsi lazım ikən ortaya sual çıxır:
-Xocalı bizi niyə bağışlamasın, əyər bu onun qismətidirsə? 

Zəngilan bölgəsindən olan Aysel Nəsirzadə (filosof) ilə tanışlıq da özünəməxsus məqamları ilə yaddaqalan oldu. 
“Başı üstü bulud qara,
Ocağının odu sönüb.
Neçə vaxtdı düşüb dara,
Vətənin anası ölüb.”- kimi misraların müəllifi vətənə olan münasibətdə hadisələri kənardan müşahidə edən tamaşaçı qismində görünür. Hansı ki, tamaşadan sonra tamaşaçının hələ təsir altında ikən tamaşa haqqında təsurat ortaya qoymağa qərarlı olmasına bənzəyir. Müəllifin ən azından vətənə, yurda sahib çıxacaq oğul dünyaya gətirəcək bir xanım, ana olmağın vacibliyini unutmamalıdır. Onu da qeyd etməyi vacib hesab edirəm ki, vətəndaşlığını uzaq tutaraq fikir hasil etmək ənənəsi “siyasətçı” oyununbazların ağrılı əmanəti olaraq qələm adamları üçün təhlükəli mirasdır.
“İlahi, ölümü geriyə çağır” şeirində isə ölümə qarşı qiyam edərək “qurtar məni “ölürəm” qorxusundan”- deyə Tanrıya yalvaran Aysel xanım sonunluga doğru anasına ərk edən ərköyün uşaq kimi davranır:
“Üzaq tut ölmünü,
Uzaq tut məndən
əl çəksin ömrümün yaxasından.”-deyə niyyətini Tanrıya bəlli edərək nazlanır. Bununla belə Aysel Nəsirzadə uğurlu mövzu seçimi və səmimiyyəti ilə xoşagələn, yadda qalan gənclərimizdəndir. Hansı ki, peşəkar yanaşmaya və düzgün istiqamətə ehtiyacı var. “Sehirli açar” şeiri də məhz o qəbil nümunələrdəndir. Dəniz sahilində qumdan, balıqqulağından ev tikən gənc bir xanım təsəvvür edin... Şeirin bir hissəsini elə yeridəcə bəzi ifadələri redaktə edərək təqdim edirəm: 
... Qapını kilidlədim,
Kimsə girməsin diyə.
O evi də mən sənə 
Verəcəkdim hədiyyə.
Saatın zəngi çaldı,
Mən yuxudan oyandım.
Götürməyi unutdum,
Açar yuxumda qaldı.”

Səh. 41 Göyçə mahalından olan Ceyhun Göyçəli (filoloq) imzası ilə təqdim olunan yazıların ruhunda xəyal qurmaqla uydurulan, tamamlana bilməyən bir sevgi var:
“Süzüb göz altından mənə baxan yar,
Od vurub bu süzgün baış qəlbimə.
Söndürənməz daha heç vaxt bu odu,
Döysə dolu, yağsa yağış qəlbimə”- misraları ilə başlayan, izzahı çətin olan bir sevgi hekayəsi; bir anda qurulan xəyal ilə sehrindən çıxmağa macal tapmamış ayrılığa dözümsüzlük nümayiş etdirən qeri adi yəqinlik:
“Ürəyində başqa yer yox heç kimə,
Qadağadır başqa giriş qəlbimə”- qənaəti hasıl edən müəllif bir anda o gözəli özünə məhrəm sandığı gözəlin qəlbinə yol tapmaq lazım gəldiyini unutmuş... Beləcə bu ruh onun düşüncələrinə hakim olaraq yazılarında da ön plana keçir. Qarşılıqsız sevgi qınaq, danlaq dolu bəhrə verir:
“Enişlı,yoxuşlu həyat yolunda
Özün bilə-bilə itirdin məni...” -kimi etirafından sonra bu sevda da beləcə bitmiş olmalı.

Fizuli bölgəsindən olan xanım şairəmiz Dilşad Arazın ənənəvi şeir uslubuna sədiqliyi diqqət çəkir. Hansı ki, çoxları artıq asan şöhrətə çatmaq yollunu şeirın ibtidai formasına qayıdışda görürlər. Dilşad xanımın bu inadını alqışlayaraq onun söz sehrinə qonaq oldum:
Görməyib səndə vəfa, mən qəmi yar eyləmişəm,
Qəm çəkib həsrətilə, səbrimi dar eyləmişəm.- deyə yarımadığı sevgisindən bəhs edir. Vaxtın və məqamında sevgisinə sahib çıxa bilmədiyi üçün özünü qınayır. Sonda isə nədənsə yada vətən düşür və sevdiyi kişidən əsirgədiyi canı vətən adına çıxaraq bunu bütün Azərbaycana bəyan edir: 
“Dilə gəlmir ürəyim arzularım ölmədədir,
Ölməmiş arzulara qəlbi məzar eyləmişəm.
Dilşadın var vətənə vermək üçün bircə canı,
Onu da Azərbaycanıma car eyləmişəm.” 
Mənə elə gəlir ki, bu qədər cəsarətli bir xanım üçün sevə biləcəyi bir ərkəyi-vətəndaşı bəxtiyar etməkdən artıq vətənpərvərlik ola bilməz. Bu bayağı, pafoslu yanaşma isə onsuz da tam açılmamış şeirin ruhunu və bədii səviyyəsini aşağı salır...

Səh.37 Gədəbəy bölgəsindən Bəxtiyar Abbasovun Cinaslı təcnisi xalq bayatılarını bir yerə toplamaq istəyindən o yana keçə bilməyib. Baxmayaraq ki;
“Dərdin biri az idi,
O da gəldi dərd ilə.” –kimi uğurlu misralar da yox deyil. O cümlədən “Nəğmə”si də elə adı “kənd” zümzüməsidir ki, həvəskar baxışı və səmimiyyəti ilə başadüşüləndir. 

Səh. 51 Masallı bölgəsindən olan fılsəfə doktoru, professor Əli Şirin Şükürlünü gənclər arasında görməyin özü də xoş idi. Həm gözəl ziyalı, həm də dost adam olaraq xatirini çox istərəm. Gənc şairlər arasında yer aldığı üçün təhlildə də onu gənclərdən ayırmaq ədalətsizlik olardı.
Müəllifin “Mutasiya”sı da maraqlı fikirlər, peşəkar keçidləri ilə diqqət çəkir. Ancaq əldə olunan nəticə və canlandırılan mənzərə şeirin sərhədlərini aşır. Daha çox esse motivləri ilə doğmalaşır. Dilin quruluşu qəliz, ibarəli, təm-təraqlı üslubu ilə özünü bəlli edir. Məhz “Auditoriya-insan mənzərələri” də eyni dil qurluşuna malik olsa da təsvir müəllifin özünün də əmin olmadığı qənaətlə yekunlaşır ki, dünyamızın bu günü ilə səsləşir. Hansı ki, oxucunun da hər gün rastlaşdığı hadisələrin gedişinə, şəraitinə uyğundur. Mütaliyəyə vaxt sərf edərək içində yorğunluq və ümüdsüzlük hasil etmiş oxucu: -Bunu mən də bilirəm. Təzə nə var, nə yox? –deyə soruşa bilər.
“Gəlin 
Zamanın tərsinə gərdişinə baxaq. 
Bəli, bəli, məhz tərsinə gərdişinə
Gözlənilmədən doğulan birinin timsalında...” -yeni ixtirasını numayiş etdirmək istiyən alim və təcrübə labaratoriyası... yenə də gözlənilən nəticə ortada olmadığı kimi, Mümkünsüz olan fərziyələr, formalar, görüntülər peşəkar formada. Lakin dünyamızın gözlınılmız heçnəyi yoxdur. Xəbərsiz olduğumuz hallar və qənaətlər istisna olmaqla Tanrının məlum həqiqətləri ortada.

Səh. 61 Neftçala bölgəsindən olan (filoloq) Elmir Coşqun səhifəsi ilə tanışlıq “Məsum baxış sahibi” şerinin yaratdığı təsuratla yadda qaldı. Səfil bir qadına müəllifin fərqli baxışı- fədakar yanaşması ilə könül sızladan bir insan taleyinə açıyırsan:
“Yaşıyır, bu dolama,
Sahibsiz küçələr tək.
Allahsız bəndələrə,
Allah, Allah deyərək .”-kimi misraların təsiri ilə həyatın gizlinlərində sızlayan həqiqətin simasını çanlanır. Şair üçün bunu görmək və gördüklərinin rəsmini söz-söz çəkmək üçün sənətkarlıq tələb olunur. Ancaq müəllifin vətən haqqında bilgiləri hələ yetərli olmadığı üçün eşitdiklərini, oxuduqlarını pafosla oxucuya ötürməklə kifayətlənir... 
“Aç, aç qəlbin qulağını,
Bəxtəvər Vətənoğlu.
Fəxr elə, fəxr elə ki,
Səndən başlanır Vətən”

Səh. 71 Saatlı bölgəsindən Əziz Muğaninin qələmi də həqiqi mənada həvəskar şair olaraq gənclik dövrünü yaşıyır... Qayğısız yaşamaq və əylənmək ehtiyacı bəlli mənzərə yaradır:
“Bir olsa da iki cahan,
Sevgimizi bölüşərik.
Istəmirəm özgə məkan,
O sahildə görüşərik”-deyə sevgiliyə yalnız bir görüş vəd edir.

Səh.77 Gədəbəy bölgəsindən Gülnarə xanım İsrafilqızının özünəməxsus cəsarəti, mərdliyi və səmimiyyəti ilə seçilir. Hədən özünün kobud, daş kimi biri olduğunu qələmə verməyə çalışır və özü də buna inanırmış kimi danışır da. Əslində o kobud görkəmin arxasında diqqət və qayğıya möhtac, kövrək qəlb sahibi bir xanım gizlənir:
“Bu qış da ömrümə nağıl danışdı.
Nağıl yaman doğma, yaman tanışdı.
Uşaq yuxularım dağılmamışdı,
Gəncliyin yuxusu apardı məni.” –deyə söz-söz, kəlmə-kəlmə böyüyür. Beləcə yuxusunu almış, yenidən yatmaq istəmiyən dəcəl bir uşağı xatırladır. Unudur ki, “uşaq” yata-yata böyüyər. 
Həyata fərqli baxışı, cəsarəti ilə yeni söz, yeni fikir sərgiləməkdən həz alır. İçində göynüyən ağrılara, hərəkətsizliyə etiraz edərək həqiqi mənada yaşamaq, yaşatmaq istəyir:
“Dənizin sahilində
Yosun olum, ot olum.
Vulkan kimi püskürüm,
Insan kimi yox olum.”-. 
Bu günün çətin olan yaşam tərzi qələm adamlarımızın diqqətini dilənçi, səfil həyat sürən qadınlara, uşaqlara yönəldir. Yaxşı mənada özündən o qədər də uzaq olmuyan bir obraza münasibət-fikir sərgiləyir. Baxmayaraq ki, Gülnarə xanımın “Qarı nənə”si onun qınağına tuş gəlib:
“Sə dalansan,
Sən küçəsən,
Yox, elə sən özün boyda bir şəhərsən.
Kimdi səni qəpik-qəpik
Küçələrə, tinə kömən?” –deyə sabahımızdan nigarançılığını bu yöndə bəyan edir.

Səh. 83 Gəncədən olan Gülnarə Sadiq xanımlıq ədası ilə Tanrıdan mərhəmət uman şairədir. Hansı ki, qəminə uyğun xəyal qurub, yaşamın özünə bir fədakarlıq lazım gəldiyini görür. Ona görə də hər şeyi dünəndə buraxıb, yenidən başlamaq arzusu ilə qovrulur:
“Yığıb ətəyimə günahlarımı,
Alıb əllərimə ahu-zarımı,
Sərib yollarına arzularımı
Rəhminə sığınıb, gəlmişəm, Allah.
Səninlə görüşə gəlmişəm, Allah.” 
Şeirlərində bəzən ifrata varma, bəzən də təzadlı ifadələrin yaratdığı ağırlıq olmasına baxmayaraq Gülnarə xanımın uğuru həm də onun ənənəvi şeir formalarından yararlanmaq məharətindədir. Bu halı ilə mənə daha doğmadır: 
“Yağışın suyunu mən pak sanırdım,
Sən demə həsrətin göz yaşı imiş.
Qara buludları mərmər sanardım, 
Demə ki bir ömrün baş daşı imiş.”

Səh. 95 Gəncədən olan Günay Həsənli də daha çox “Yaradıcılıq fəkultəsinin” tələbəsi kimi diqqət çəkir. Hansı ki, “Tərs dönəcək bu dünya” şeiri ilə məni təccübləndirdi:
“Çevirəcəm oxunu,
Tərs dönəcək bu dünya.
İnsan qoca doğulub,
Körpələşib, öləcək..”- bu qədər oxşarlıq, bu qədər bənzərlik təbliğatın bəhrəsidır ki, bu tip təkrar yanlış təsəvvürdən qaynaqlanmış olsun. Belə düşünürəm ki, uşaq bir mələk doğulur. Mələklər ölməz olur. İnsan övladı da günahları ilə ölmünü qazanmış olur.
Bir sözlə ağıların, ağlaların tutuşduğu bəlli bir ünvanı var. Hansı ki, dünyaya sevginin gözü ilə baxmış, sevgi bitdiyində baxış da bitmiş olmalı. Bu zaman yanında olan ərkəyin xatirinə dəyməmək üçün dünyanın başına kül ələmək yada düşür... 
“Min baş bir başa dəyər
Kül dünyanın başına.”

Səh. 117 Naxçıvan şəhərindən olan İlkin Abbasın hələ kövrək addımlar atdığı, poetik dildə danışmaq marağı təbii olduqca gözəldir. Çünki bu gözəllikdə gəncliyin saflığı kölgələnir: 
“Bir məktub yazıram şam işığında
Verəcəm gətirsin küləklər sənə.
Sən də gəl cavabsız qoyma məktubu,
Yaz, ötür küləyə, gətirsin mənə”-deyə hələ sevgi küləklərinin xumarında uyumağa çan atır. Sözü küləyə verməyin hikmətini anladıqca şeirin çətin, şərəfli yolçuluğunda büdrəməyəcəyini ümüd edirəm. ***************

Səh. 148 Kənan Aydıoğlu (filoloq) şeirlərini oxuduqca içimdə bir narahatçılıq baş aldı. Hələ kövrək addımları ilə, titrək misraları ilə nəsə demək istəyən gənc müəllif dünyadan doymuş dərdli aşıqlər kimi dad çəkir. Əslində oxuduğu, öyrəndiyi fəlsəfənin təsiri altında xumarlanır, öz fəlsəfəsini diktə etməyə çalışaraq “əyləndiyini” güman edir:
“Mən sənin nəyinə inanmalıyam,
Sən mənim qədrimi bilmədin, dünya.
Nə vaxtı tökdümsə gözümün yaşın,
Gözümün yaşını silmədin dünya”- deyə ərköyün uşaq kimi dünyadan umur, küsür də. Göz yaşı tökməklə nəyəsə nail olmaq ənənəvi uşaq kələyi olaraq, dəfələrlə sınaqdan çıxmışdır. Zamanı yetdikcə ana da bu kələkdən yorulur və əhəmiyyət vermir... Uşaq da məcbur qalaraq ağlamağın daşını atır. Beləcə başa düşür ki, nəyəsə nail olmaq üçün onu qazanmaq lazım gəldiyi kimi ona layiq olmaq da vacibdir. Bu artıq dünyəvi tələbdir. Əks halda dünyagörüşü tam formalaşmamış gənci üçün dünyadan (ana və ya sevgili kimi) küsmək bacarıqsızlıq, ümüdsüz olmaq deməkdir. Böyümək üçün tələsmək-hərəkət lazımdır. 

Səh.170 Tərtər bölgəsindən olan Nəcibə İlkini (filoloq) illər öncə olduğu kimi hələ də gənclik təravətini saxlamağa çalışır. Hələ də ötən günlərin xəyalından qırılmaq istəmir:
“Burax əllərimi, qoy çıxım, gedim.
Nəyinə lazımdır sənin bu sevgi.
Həsrəti gözümdə qoy sıxım, gedim, 
Olsun ürəyinə qənim, bu sevgi.” –deyə həqiqi mənada zaman qarşısında açızliyini, yorgunluğunu ifadə edərək təslim olmaq istəmir...

Səh. 177 Əslən Bakılı olan Nicat Həşimzadə ilə tanışlıq məndə təbəssüm oyatdı. Özünəməxsus sözü, bir az kobud da olsa yanaşma tərzi və barışmaz mövqeyi ilə fərqlənən gənclərdəndir. Hansı ki, poeziyada “xarici” dildə danışmağı önəm verir:
“Bir qadın ağlayır ruhumda mənim,
Bir qadın nifrətlə baxır üzümə.
Bir qadın dolanır başımda mənim,
Bir qadın şərabla yad edir məni”-deyə bu günümüzün reallığı ürək ağrısı ilə sərgilənir. Fərqliliklərin fonunda öz həqiqətini bər-bəzəksiz görür. Öz hisslərini gizlədərək, yaxşı fikir söyləmək həvəsilə coşur. Gəldiyi qənaətlər doğru olduğu qədər də ağrılı və biçimsizdir:
“Öldün, dostum, öldün,
Geri gələn deyilsən.
Amma xoşbəxtsən,
Bir də ölən deyilsən,
Xilas oldun bu gicbəsər dünyadan.”

Səh. 190 Qəbələdən olan Qoşqar Qaraçaylınin fantaziyası və aydın təsviri ilə önümüzdə. Hansı ki xalturaçı rəssam kimi düşüncələrdən asılan kiçik lövhələr çəkir və satır:
“Hamı tələsir harasa...
Kimi evə, kimi işə, kimi görüşə...
Təkcə mənəm bu şəhərdə tələsməyən, təkcə mən...
Çünki nə yaşamağa evim var,
Nə işləməyə işim,
Nə də məni gözlüyən var hardasa...”

Səh. 196 Qarabağlı Ramil Mərzili ilə tanışlıq mənimçün yaddaqalan xatirə oyatdı. Hələ gənc olsa da od-alovdan keçərək bərkimiş, həyata baxışlarına belə hüzün, ağrı-açı qarışmış köhnə kişiləri xatırladır:
“Sənin gəlişindən sonra anladım,
Köksümdə bir ürək daşıyırammış!?
Bu qədər illəri ağrı-açısız
Görən bəs necə yaşıyırammış?!” – deyə özü də öz dərdlərinin çoxluğuna heyrətini ifadə edir. Adamlar arasında tənhalığı ilə barışa bilmədiyi kimi, adamlara yovuşa da bilmir. Hətta iş o yerə gəlib ki, onu həyata gətirən anaya müraciət edərək dərdlərini dilə gətirir:
“Mən özüm ağrıyam, öz çəkim boyda.
Hər yanım kədərdi, dərddi, qübardı.
Ağrını dünyaya gətirmək üçün,
Başqa bir ağrıya nə gərək vardı?”- deyə öz həqiqətini anlamaq, çətin olan mətləbləri aydınlıq gətirmək istəyir...

Səh.202 Naxçıvan bölgəsindən olan Rəhim Mehnət şeirlərini oxuduqca darıxdım. Məni darıxdıran təkcə şeirlərin bədii çəhətdən zəifliyi deyildi. Hüzün, qəm-kədr və ümüdsizliyə qapanmış bir aşıq obrazı. Hansı ki, bu günümüzün tələblərinə cavab vermir. Əslində zamanla barışmamazlıq, sevdikləri qadınlara anlayışsızlıq numayiş etdirilir:
“Sən gedərsən həyat durar,
Günlər məndən hesab sorar.
Yoxluğun qamətim qırar,
Gəl sən getmə.”- deyə dil açır. Lakin bu şeirdə belə qadına əminlik verəsi heçnə yoxdur. Hardasa ayrılığın bəlli səbəbi özünü büruzə versə də bu birgəliyi qoruyacaq qadına fədakarlıq eləməsi üçün meydan açan yalvarış, yazıqlıq və ehtiyaclar görüntülənir:
Sev deməyə ürəyim,
Gözləməyə səbrim yox.
Diri gəzən ölüyəm,
Gizlənməyə qəbir yox.”-kimi həqiqi mənada məzmunlu, məntiqli, poetik misralar Rəhim Mehnətin hansı imkanlara malık olduğunun göstəricisi olaraq diqqət çəkir. 

Səh. 220 Cəlilabad bölgəsindən olan Ruslan Talıblə görüş də maraqlı məqamlarla yadda qaldı. Hansı ki, öz gizlinlərini poetik dilə gətirərək sanki yeni bir sevgi dastanı başlayır:

“Gözümdən qəlbimə axar hər gecə,
Gözümdən süzülüb düşər hər səhər.
Itən səadətim, ötən günlərim
Məni gecikdirər işə hər səhər.”

Onun şeirlərində həqiqi şair ürəyinin döyüntüsü var. Hansı ki, sözə ciddi münasibət formalaşdırır. Sevməkdən çəkinmir. Nifrəti bəlli. Görmək lazım olanı görür, yaşıyır və yazır... Düşüncəsi aydın, həqiqəti danılmazdır:

“Yazırıq, yazırıq bir ucdan elə,
Yenə də elə bil nə isə çatmır.
Yazıq tox-quduran, açından ölən
Şairlər çoxalır, şeirlər artmır” 

Hərdən mənə elə gəlirdi ki, bütün bu şeirləri bir adam uydurub, bir adam yazıb. Bir-birinə bu qədər bənzəyiş, oxşarlıq dəhşətli xəstəlik kimi özünü büruzə verir. Adı da “yaradıcılıq xəstəliyi.” Ən maraqlı olanı odur ki, hamının könlündən Tanrı olmaq keçir. Hamı nəsə yaratmaq, kiməsə yararlı olmaq, hardasa yadda qalmaq istəyir. Ən qiymətlisi və ən təmənnasız olanı söz sənətidir ki, həmişə diqqət mərkəzində olub. Tanrı bir sözün sehrinə dünya yaradıb. Bu istəyə görə alqışlananlar da var, lənətə tuş gələnlər də. Hətta heçnəyi olmuyanlar da “heçnə” silə yadda qalmaq istəyib. Amma unutmamalıyıq ki, şeir əslində danışıq dilində ifadə etməyə çətinlik çəkdiyimiz, dilə gətirməyə belə çəsarət etmədiyimiz fikirlərin qısa, lakonik və obrazlı şəkildə ifadə formasıdır. Hansı ki, burda söz seçimi vacib əməl sayılar. Danışıq formasında daha aydın çatdırılması mümkün olan fikrin qəlizləşdirilərək şeir adıyla yazıya alınması, oxucuya ötürülməsi də qəbahətdir. Yaz və özünçün saxla. Vaxtı, zamanı yetəndə bir otağa sığmadığının fərqinə varacaqsan. Qapı, pəncərələri gen açaraq dərindən nəfəs alaraq azadlığa çıxmağınla şənlənəcəksən. Məhz o zaman sənin təbəssümün ətrafına gülümsəməyə ehtiyacı olanları yığacaq. Zərrə-zərrə, damla-damla, söz-söz özünü tapan adamlar artıq həyatın reallığı ilə yaşamaq öyrənəcək. Yaşadıqlarına görə təssüflənənlər belə sehirli sözün, ocağın işığına yaxın gələrək üşüyən qorxularını isitmək istəyəcəklər...
Söz sahibinin kimliyidir! Sözü olmuyanın özü də olmaz!- deyə düşünərək beləcə bu kitabın da sonuna gəldik. Kimi nə qədər incəliyə bildik, buna da şükür. Sözü olanı da gördük, sözünün olmasını istiyəni də... Hər birinizi ayr-ayrılıqda təbrik edərək bu çətin, lakin şərəfli yolda uğurlar diləyirəm.

 

Şərhlər

Çox oxunanlar