“ELÇİ ZANBAQLAR” - ILAHƏ İMANOVA
23.01.2018 11:39 YazarKlub 3208
I HİSSƏ
Nədənsə mənə elə gəlir ki, səhərlər dənizin rəngi kimi qoxusu da fərqli olur. Bu qoxunu içimə çəkmək üçün səhərlər dəniz kənarında bir qədər gəzişmək adət halını alıb. Dənizin ətrini içimə çəkmədən, onunla bir qədər dərdləşmədən yeni günə başlaya bilmirəm. Dəniz mənim sirdaşımdır. O həmişə məni sükutla dinlər, heç vaxt irad tutmaz, qınamaz. Ləpədöyəni izlədikcə düşünürəm ki, dəniz öz qəzəbini, hiddətini təlatümlü dalğaları ilə bildirir. Elə buna görə də çox zaman küləkli, çiskinli havalarda onunla dərdləşməyə gəlirəm. Elə bu gün olduğu kimi.
Bəlkə də payızda doğulduğum üçündür ki, dumanlı çiskinli havanı, narın, hətta leysan yağışları belə sevirəm. Göz oxşadıqca uzanan dəniz, səma, hətta elə şəhərin özü də bu gün bomboz idi. Hava açılana, gün çıxana oxşamırdı heç deyəsən. Olsun! Belə daha gözəldir.
Səhərin sərin xəfif mehi üşüdürdü məni, yoxsa ki içimdəki narahatlıqlar, təlatümlər, bilmirəm. Bütün dünyaya üsyan etmək istəyim şahə qalxan dalğalara bənzəyirdi. Ətrafımdakı insanların riyakarlığı, qeyri-səmimi münasibətlər, saxta təbəssümlərin arxasında gizlətmiş olduqları əsl simaları məndə o qədər ikrah hissi yaradırdı ki, hər kəsdən uzaqlaşmaq, dənizin sularında qərq olmaq istəyi keçirdi içimdən bəzən. Yalnız doğan günəşi, sakitləşən dənizi seyr edəndə bütün problemlərin də yaxında həll olunacağına əminlik hissim artırdı. Özümü dənizin bir parçası, bəzən də elə özü hiss edirdim.
─Afət!
Adımın çəkildiyini zənn edib arxaya çevrildim. Yaxınlıqda heç kəs gözə dəymirdi. Bu saatda, özü də belə bir yağışlı, küləkli havada dənizkənarında heç kəs gəzib dolanmazdı. Küləyin uğultusunda, dənizin səsində belə öz adımı eşitmək istəyi idi içimdə bəlkə də.
Deyirlər ki, körpəlikdə verilən ad insanın taleyinə, xarakterinə də təsir edir. Mən də bəzən düşünürdüm ki, adım başqa olsa, bəlkə də həyatımda hər şey fərqli olardı. Kimiləri üçün qısqanclıq və həsədlə süzdükləri biri, kimiləri üçün isə, sözün əsl mənasında, baş bəlası idim. Əslində isə, göz yaşlarını yağan yağışda gizlətməyə çalışan kövrək, həssas bir qəlb sahibi idim. Sərt təbiətin arxasında gizlənmiş, incə hisslərlə dolu olan zərif qəlbi isə hər kəs görməyə qadir deyildi.
Dənizin qoxusunu içimə çəkib sahillə axşamadək vidalaşdım. Hər gün təkrarlanan yeknəsək həyata qayıtmaq zamanı idi. Rəhbərlik etdiyim böyük şirkətin hər dəqiqə üzləşdiyi sıxıntılı durumlar, gündəlik qayğılar işlərə daha məsuliyyətli olmağımı tələb edirdi. Həyatımdakı boşluğu işə olan sevgim doldurmuşdu. Hər bir uğurlu layihə həyatıma yeni bir rəng qatırdı. Amma zaman-zaman işlərdən də yorulub məzuniyyət götürmək, dağlar arasında, dəniz qırağında, yaxud da meşənin içində kiçik bir ev kirayələmək, şəhərin səs-küyündən uzaq, hüzur dolu bir həyat yaşamaq istəyirdim.
Kabinetimdə gül-çiçək buketləri görmək mənim üçün adi hala çevrilmişdi. Bu səhər də otağa daxil olanda təəccüblənmədim heç. Əməkdaşlıq etdiyimiz şirkətlərin rəhbərliyindən tez-tez minnətdarlıq əlaməti olaraq gül-çiçək buketləri almaq, düzü, çiçəklərə hədsiz sevgisi olan xanım rəhbər kimi mənə xoş təəssürat bəxş edirdi.
Bəzilərindən fərqli olaraq, bu gün sahibi olduğum şirkət valideynlərimdən mənə miras qalmamışdı. Atamdan mənə qalan yalnız anam və bacım idi, bir də onun məsləhətləri. Bu gün böyük bir şirkət sahibi olmağıma baxmayaraq, kasıb, həm də çox kasıb bir ailənin qızı idim. Anam ətə, yağa ayırdığı pulu çox zaman dərslərdən yayınmamaq və tələbə yoldaşlarımın yanında pərt olmamaq üçün paltarlarıma və kitab-dəftərlərimə xərclərdi. Belə vaxtlarda qəhərimi güclə boğar, hiss etdirməməyə çalışardım.
Həmin gün... Həyatımı dəyişən həmin gün...
─Afət xanım!–Katibənin səsi məni fikirdən ayırdı. –Hüquqşünas sizinlə görüşmək istəyir.
─Dəvət edin, gəlsin,–deyib masa arxasına keçdim. Stolumun üstünə qoyulmuş sənədləri gözdən keçirib imzaladım.
Şirkətimizin gənc hüquqşünasının savadına və iş bacarığına heç bir şübhəm yox idi. Ona etibar edirdim. Bu dəfə də yeni layihə barədə onun fikirlərini bilmək və imzalayacağımız sazişin hüquqi tərəflərini araşdırıb aydınlaşdırmaq istəyirdim. Gələcəkdə yarana biləcək hər cür xoşagəlməz hallardan uzaq olmaq və işimizin uğurlu olması üçün daha diqqətli olmaq, məsələyə incəliklə yanaşmaq vacib idi.
Pəncərənin bir küncünə qoyulan kiçik gül dəstəsi qəfil diqqətimi çəkdi. Otağın ən gözəl guşələrində yerləşdirilən gül buketlərindən fərqli olaraq, bu kiçik zanbaq dəstəsi bir kənara atılmış, küncə qısılıb səsini çıxartmağa cürət etməyən yetim uşağı xatırlatdı mənə nədənsə. Bu balaca dəstənin kim tərəfindən hədiyyə edilə biləcəyinə olan marağım bütün diqqətimi yayındırdı. Artıq hüquqşünasın nə fikirlərini, nə də məsləhətlərini dinləyə bilmirdim. Getdikcə artan maraq məni pəncərənin qarşısına çəkir, bir neçə zanbaqdan ibarət olan dəstəyə toxunmağa vadar edirdi.
─Fərid bəy! Mən sizə tamamilə etibar edirəm. Bütün sənədləri hazırlayın.
Öz sözlərimə gənc hüquqşünas kimi, özüm də təəccüb etdim. Zanbaqlara olan marağım məni müzakirəni dayandırmağa vadar etmişdi. Gənc sənədlərini toplayıb otaqdan çıxan kimi, dərhal özümü pəncərənin qarşısına atdım. Zanbaqların kimdən olduğunu bilmək üçün dəstəni araladım. Arasında kiçik də olsa bir kağız parçası, vizitka tapmaq istəyim hədər idi.
Zanbaqları əlimə aldım, qeyri-ixtiyari əzizləyib dodaqlarıma yaxınlaşdırdım. Maraq üçün digər buketlərin üstündəki vizitkalara da nəzər saldım. Aralarındakı kiçik açıqçalarda minnətdarlıq, hətta sevgi etirafları da vardı. Şeirlə yazılmış açıqçaları oxumaq isə, nə deyim, doğrusu məni əyləndirirdi. Özlüyümdə gülürdüm saxta səmimiyyətə.
Zanbaqları hədsiz sevirdim. Gözəl olduğu qədər sirli bir görünüşü vardı məncə. Fərqliliyi bəlkə görünüşündə idi, bilmirəm... Jalüzün arxasında gizlənmiş kiçik güldanı su ilə doldurub zanbaqları içinə qoydum. Masanın üstündə, gözümün qarşısında olmağını istəyirdim.
Zanbaqlara gözümü zilləyib nə qədər düşüncələrə daldığım yadımda deyil. Katibə qız içəri girdiyi zaman fikrə getdiyimin fərqinə vardım.
─Bu kiçik dəstəni bəyənməzsiniz düşündüm... Düzü, atmağa heyfim gəldi. Ona görə də bir kənarda qoydum...
Nəzərlərimi zanbaqlardan çəkmədən dalğın şəkildə soruşdum:
─Bu zanbaqları kim gətirib?
─Bilmirəm...–deyib qız çiyinlərini çəkdi,–qapıda nəzarətçiyə verib “Afət xanım üçündür” deyiblər.
Bu kiçik zanbaq dəstəsi digər buketlərə bənzəmirdi və güman etdiyim heç bir kəs tərəfindən də bağışlana bilməzdi. İri və son dərəcə gözəl bağlanmış buketlərin qarşısında nəzərə çarpmayan bu fərqli çiçəklər gözümdə daha möhtəşəm idi. Zanbaqları qoxuladım.
Qəribə idi. Bir anlıq mənə elə gəldi ki, məhz mənim üçün dərilmiş bu zanbaqların ləçəklərində, yarpaqlarında hopub qalmış qoxu mənə tanışdır. Sanki tanıdığım və məni çox yaxşı tanıyan, ruhuma bələd olan bir kəsin əlinin hərarəti, nəzərimi ayırmadığım çiçəyin üzərində nəzərləri ilişib qalmışdı.
Eh...nələr düşünürəm... Bu zanbaqlar məni reallıqdan ayırıb çoxdan xəyal etmədiyim bir məkana, zamana çəkib aparmağa çalışırdı.
Özümü ələ aldım. Reallıq hissini itirmək, romantikaya köklənmək olmazdı. Elə də ünsiyyətcil olmadığım üçün, özüm barədə danışmağı, maraq və düşüncələrimi bölüşməyi sevmədiyim üçün heç kəs bu zanbaqların mənim üçün nə qədər dəyərli olduğunu bilə bilməzdi. Yoxsa... Qəfil beynimdən keçən fikirdən özüm də diksindim. Özüm-özümlə danışırdım:
─Bu ola bilməz! Bu gün mənə nə olub?! Gah dənizkənarında öz adımı eşidirəm, indi də bir neçə zanbaqdan ibarət olan kiçik dəstəyə baxıb xəyallar qururam. Nənəm sağ olsaydı, əlbət ki, belə deyərdi: “Afət, kimsə hardasa səni düşünür, adını çəkir, səni səsləyir”. Eh, qoca arvad idi də! Telepatiyaya və buna bənzər heç nəyə inanmamaq üçün kifayət qədər oxunmuş və savadlı qızam. Kimdir məni düşünən?! Yox, niyə ki... Öz xeyrini güdən, mənimlə evlənməyə can atan nə qədər insan var. Bəs, görəsən... Unut! Unut, Afət, unut! Adını belə çəkmə! Xəyal belə etmə!
Pəncərəyə yaxınlaşdım. Səhər yağan narın yağış daha da güclənmişdi. Leysan gedirdi. Pəncərədən süzülən damlalar bir vaxt yanaqlarımdan süzülən göz yaşlarım tək üzüaşağı axıb gedirdi.
Ardı var...
Şərhlər