Elçi zanbaqlar - İlahə İmanova

29.01.2018 15:15     YazarKlub     2874

2-ci hissə
 
*******
Evinə tələsən xoşbəxt insanlardan fərqli olaraq, yorğun olmağıma və gərgin bir gün yaşadığıma baxmayaraq, evə tələsmirdim heç vaxt. Qapı ağzında məni qarşılayacaq, “Xoş gəldin!” deyəcək heç kəsim yox idi. Tənha idim. Mənzilim də uzaq və atılmış məbədlər kimi tamamilə tənha idi. Heç kəsə lazım olmayacaq qədər dəyərsiz və tənha hiss edirdim özümü tənha mənzilimdə... Soyuq divarlar arasında qalan anamın xatirələri belə məni ovutmur, əksinə ruhumu üşütməyə davam edirdi. 
Çox zaman evdə yemək yeməyə həvəsim olmazdı. Anamın öz əlləri ilə hazırladığı küftə bozbaş, plov, yarpaq dolmasının, dovğanın qoxusunu unutmamışdım hələ də.  Hər dəfə həmin xörəkləri hazırlayanda, ya da yeyəndə qeyri-ixtiyari  gözlərimdən süzülən göz yaşları axar, yeməyimə qarışardı. Yediyim, içdiyim də nuş olmurdu canıma. 
Uşaqlıq illərim geridə qalsa da, qaranlıqdan, bəlkə də təkliyimi hiss etməkdən qorxduğum üçün, ya dəhlizin, ya da yataq otağındakı elektrik lampasının işığını söndürməzdim. Yuxuya gedənə qədər gözlərimi bir nöqtəyə zillər, düşüncələrə dalardım. İnsanların rahatlıq tapdığı mənzildə tənha olmaq həyatda tənha olmaq qədər çox çətin idi. Tənhalığımı paylaşa biləcəyim insana, həyatıma bu gündən sonra rəng qata biləcək insana isə rast gəlməmişdim. Sevgi xəyallarımı, arzularımı onun adı ilə bağladığım üçün, onunla ayrıldığım  gün bütün ümidlərim də sanki dənizin içindəki qayalıqlara çırpılmış kimi məhv olmuşdu. Sahilə can atan, çırpılan və elə ordaca məhv olan, ölən ləpələri izlərkən də onlarda özümü tapırdım. Dənizə bənzəyirdim, arzularım, istəklərim də həmin dalğalara,ləpələrə. Amma dəniz məndən xoşbəxt idi. Hər yeni yaranan dalğa, sahilə can atan hər yeni ləpə dənizin həyat eşqindən doğurdu. O, məndən daha israrlı, daha inadkar idi. Ondan fərqli olaraq, mənim qəlbim yeni sevgiyə, yeni münasibətlərə hazır deyildi. 
Adətən axşamlar yatmazdan əvvəl bir qədər kitab oxumaq yuxu gətirirdi mənə. Bu gün isə, əksinə, fikirlərimi cəmləyə bilmədiyim üçün sətirlərdə gözüm gəzsə də, heç nə dərk edə bilmirdim. Kitabı kənara qoyub işığı söndürdüm. Bəlkə qaranlıq daha tez yuxuya getməyimə səbəb olar, düşünmüşdüm özlüyümdə. Yanılmışdım... 
Pəncərədən içəri süzülən zərif ay işığı yataq otağımı aydınlatmışdı. Belə anlarda insan adətən romantik duyğulara köklənir. Ya sevdiyini xəyal edir, ya da sevəcəyi ağ atlı şahzadəsi ilə görüşəcəyi günün təfərrüatlarını xırdalıqlarına qədər düşünməyə çalışır.
Düşüncələrim iradəmdən asılı olmadan qeyri-ixtiyari illər əvvələ qayıtmışdı.
...Anamın danlaqlarına baxmayaraq, dərsdən çıxıb evə gəlməzdən əvvəl beş dəqiqəliyə də olsa, dəniz kənarında gəzər, qoxusunu ciyərlərimə çəkərək dənizə yaşadığım günün hesabatını verərdim. Gündüz gəzintilərimə narazı olub heç bir söz deməyən anam, dərsdən çıxıb dəniz kənarında gəzib dolaşdığıma görə məni danlar, demədiyi söz qalmaz, gah mülayim səslə öz fikirlərini izah etməyə çalışar, gah da səsini yüksəldib dayanmadan tənbeh edərdi. O zamanlar anamın sözlərinə ağız büzər, əlimi havada yelləyib qulaqardına vurardım hər şeyi. Əslində isə, anam haqlı idi, çünki ikinci növbənin dərsləri gec bitir, hava isə tez qaralırdı. Mənə görə narahat olmağına səbəb görmürdüm. Dənizi ən yaxınım bildiyimdən, sahildə olduğum zaman isə heç bir qorxu-hürküm qalmazdı. Ağacların başında gəzib-dolanan, nərmənazik qızlara yaxınlaşmadan, birbaşa oğlanlara yaxınlaşıb onlarla futbol oynamaq istədiyini, həm də hücumçu kimi komandaya qoşulmaq istədiyini bildirən, qızlar bir yana, oğlanların belə çəkinib ehtiyat etdiyi bir qız olaraq böyümüşdüm. Hər gün kiminləsə dalaşar, kiminsə payını verib yola salardım. Döyüb yola saldığım uşaqların anaları da anamın, nənəmin üstünə evimizə şikayətə gələrdilər. Nənəm dizlərinə döyüb “Vay, bu qızı kim alacaq!”–deyərdi. Belə vaxtlarda dodağının altında mızıldanardı:
─Mən, axı, buna niyə Afət adı qoydum! Qız deyil e, başa bəladır, bəla!
Universitet həyatı məni tamamilə dəyişdirmişdi. Qrupun ən gözəl qızlarından biri  olduğum üçün həmişə diqqət mərkəzində olmaq, daha çox xoşa gəlmək üçün, etiraf edim ki, çox zaman qrupumuzun özündən razı forslu qızlarını qıcıqlandırmaq üçün bunu edirdim, özümə, davranışlarıma daha çox diqqət edir, kitablarda oxuduğum, filmlərdə izlədiyim kübar xanımlar kimi görünməyə, davranmağa çalışırdım. Bu məndə çox gözəl alınırdı. Sonralar anladım ki, ağacların başında gəzməyi sevən qızcığazın əslində öz canında bir kübarlıq, xanım-xatınlıq varmış.
Rəfiqəm yox idi. Tələbəliyimin hələ ilk illərində anlamışdım ki, oğlanlar dostluqda daha sədaqətli və möhkəm olmağı bacarsalar da, qızların əksəriyyətində özündən razılıq və digər həmcinsinə olan həsəd ən səmimi münasibətlərin də pozulmasına gətirib çıxarır. Hələ o illərdə  insanların riyakarlığının, saxtalığının şahidi olub üzülmüşdüm. “Desəm öldürərlər, deməsəm ölləm” prinsipinə sadiq qalıb düşündüklərimi desəm də, hər dəfə qırılan və günahkar yerində qalan da mən olurdum. 
Çox üzgün və qanı qara idim həmin gün. Ağlamaq, ürəyimi boşaltmaq üçün dənizdən başqa pənah yerim yox idi. Yağan yağış ağlayıb ürəyimi boşaltmağa bir fürsət idi. Dənizə lap yaxın gəlib nəzərlərimi ayırmadan uzun-uzadı baxır, içimdə dərdləşirdim. Daha bir addım irəli atmaq, dənizə bir qədər də yaxın olmaq istərkən qolumdan tutub geri çəkdi kimsə.
─İntihar etməyi fikrindən də keçirtmə heç!
Geri çevrildim. Qarşımda dənizçi qiyafəsində bir gənc dayanmışdı. 
Əlini hiddətlə geri itələdim. Üz-gözümü turşudub üstünə bozardım:
─İntihar edəcəyimi kim dedi?
─On dəqiqədir sizi izləyirəm, gəldiyim qənaət belə oldu, –deyib qolumu buraxdı.
─Səhv düşünmüsüz! Elə bir fikrim də yox idi heç!–Tanımadığım zabitin sözləri məni daha da əsəbləşdirmişdi.
─Lap yaxşı... –deyib gülümsədi.
Onun məndən aralanmasını istəsəm də, bir addım belə kənara atmaq fikri yox idi, deyəsən. Təkliyimi pozduğu azmış kimi hələ imkan versəm, elə bu dəqiqə mənə moizə də oxumağa başlayacaqdı bəlkə.
─Bəs əgər birdən intihar etmək istəmiş olsaydım?– maraq mənə güc gəldi, qəfil soruşdum.
─Mən buna imkan verməzdim!–deyib gözlərimin içinə baxıb gülümsədi.
─Necə?–növbəti suallarım şıltaq bir qızın söz oyunu idi artıq.
─Özünü dənizə atsan, mən də səni xilas etməyə məcbur qalacaqdım. 
 ─Nədən? –bu dəfə gözlərinin içinə baxaraq sualımı verdim.
─Gənc bir qızın gözlərim qarşısında intihar etməsini biganəliklə seyr etməyə vicdanım yol vermədiyi üçün. 
Zabit üçün xarakterik olan bu cavab, düzü, çox xoşuma gəlmişdi.
─Dedim, axı, intihar etmək fikrim yox idi! 
Başını bulayıb güldü:
─Adətən intihardan vaz keçənlərin hamısı belə deyir. 
─Mən hamı deyiləm! –hirslə cavab verdim.
Səsimin tonu, ya kobudluğum acığına gəldi, bilmirəm, səsini qaldırdı:
─Elə isə, cavab ver görüm, havanın qaraldığı bu saatda, özü də belə yağışlı havada sənin tək-tənha dəniz kənarında nə işin var? Bu saatda evdə olmağın daha məqsədə uyğun deyilmi?
Başımı aşağı salıb susdum.  Gənc zabitin üstümə qışqırmağı mənə yer eləmişdi, ya sözlərindəki gerçək, bilmirəm, çox pərt olmuşdum. Anamın qulaqardına vurduğum sözlərini yad birindən eşitmək mənə təsir etmişdi. Deyəsən, o da bunu hiss etmişdi.
Əli ilə başımı qaldırıb üzümə baxdı. Saçlarımdan, yanaqlarımdan süzülən yağış damlalarının içində göz yaşlarımı ayırd etmək onun üçün çətin olmadı. 
─Ağlayırsan sən? 
Nədənsə sözləri məni bir qədər də qəhərə boğdu. Başımı yelləyib dedim:
─Yox, ağlamıram. Niyə ağlayım ki?!
Titrəyən səsimi hiss etməmək mümkün deyildi. Əli ilə çənəmi qaldırdı. Sərt səsi mülayimləşdi, bir qədər də qayğı hiss olundu səsində. 
 ─Xətrinə dəydim? Bağışla, bunu istəmirdim. Uşaq deyilsən amma, özün də bunu anlayırsan yəqin ki.
Başımı tərpətdim. Sözlərindəki gerçəkləri mən yalnız bu gün anlamışdım.
Üzünü mənə tutub zabit rəsmiyyəti ilə dedi:
─Gəl, belə danışaq: indi birbaş evə gedirsən. Və bundan sonra da, nə qədər üzgün, kədərli olsan da, bir daha heç vaxt dənizə yaxınlaşmırsan! Söz? 
Mənə belə bir ağır şərt kəsən bir insanın sözlərinə həmin dəqiqə etiraz etdim:
─Dəniz mənim dostumdur! Mən hər gün bura gəlirəm, bir qədər gəzib dolanır, ürəyimdəkiləri boşaldıb, qoxusunu içimə çəkib sonra evə gedirəm.
Sözlərimə inanmamışdı. Məni başdan ayağa süzdü:
─Belə havada və axşam saatlarında yox! Tərsliyinə salma, sözlərim həqiqət olduğu qədər, həm də faydalıdır sənin üçün.
─...  
Cavab verməyə sözüm yox idi, ya cəsarətim çatmırdı, bilmirəm, ona görə də susmağa məcbur olmuşdum. Sükutu özü pozdu:
─Dənizi mən də çox sevirəm. Gündüzlər bir başqa gözəldir, axşamlar bir başqa... Sənin kimi gözəl qıza gəldikdə isə,... məsləhət bilmirəm... Gedək, səni evə ötürüm.
Zabitin sözlərindən duruxdum. Beynimdən min cür fikir keçdi:
─Narahat olmayın, evim yaxındadı, özüm gedəcəm.
Fikrimdən keçənləri hiss etdiyi üçündür bəlkə gülümsəyib sözünə davam etdi: 
─Bu gün sənin əmin-amanlığına özümü cavabdeh bilirəm. Odur ki, sus və leytenant Hüseynovun əmrinə tabe ol! 
─Kimin? –təəccüblə soruşdum. 
Güldü:
─Doğrudan e, bayaqdan özümü təqdim etməmişəm, axı!–Əlini alnına doğru aparıb zabitlərə xas tərzdə özünü təqdim etdi, –Hərbi dəniz qüvvələrinin gənc zabiti, baş leytenant Rauf Hüseynov!
Gəncin zabit təqdimatına kübar xanım tək yüngülcə başımı tərpətməklə cavab verdim:
─Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsi Afət. 
─Afət? 
Bəlkə də zabit olduğu üçün daha dolğun təqdimat gözləyirdi. Gülümsəyib:
─Hə, sadəcə Afət! –dedim. 
─Demək Afət! Deyirəm, axı, axşam saatında bu nə bəla idi üzləşdim, –deyib güldü.
Onun sözlərinə qeyri-ixtiyari mən də güldüm. Yalnız həmin an qarşımda dayanmış uca boy, mütənasib bədən quruluşuna malik gənc zabitin qiyafəsinə, yaraşıqlı üzünə, tünd şabalıdı saçlarına, ala gözlərinə nəzər saldım. Özlüyümdə bu qədər yaraşıqlı gəncə filmlərdə belə rast gəlmədiyimi düşündüm. Bəlkə də, şişirdirdim bir az...
 
Qarşıma özümdən də inadkar və tərs biri çıxmışdı. Məni evə qədər ötürmək israrından əl çəkmədi. Bu inadkarlığı xoşuma gəlsə də, narahat olurdum, düzü. Qarşımıza məni tanıyan kimsənin çıxacağından ehtiyat etdiyim üçün sıxılırdım. Məhəlləmizin qeybət etmək üçün hər dəqiqə yeni mövzu axtaran qadınlarının dilinə düşməkdən çəkindiyimi hiss etdim. İlk dəfə idi ki, özümdən daha çox anamı, ailəmi düşünürdüm. Amma ən çox nənəmi düşünürdüm: məni körpəlikdən böyüdüb, boya-başa çatdıran nənəmi... Anamdan çox nənəmin zəhməti vardı üzərimdə. Heç kəsin barəsində artıq-əskik söz deyə bilmədiyi, hökmlü bir qadına xəcalət, utanc hissi yaşatmaq, dəyərsiz insanların yanında  pərt olmağını istəməzdim. Nənəm mənim üçün elə ana demək idi. 
Yağan narın yağış, sərin və təmiz hava, torpağın nəm qoxusu şəhərin axşam mənzərəsini daha gözəl edirdi. Dirəklərindən süzülən işıqlar sanki kölgələrlə birgə rəqs edir, dəcəl uşaqlar kimi agaclardan başlamış qarşısına çıxan hər şeyin üzərində öz imzasını atıb keçirdi. 
İçəri şəhərin çay daşları döşənmiş küçələri ilə bərabəq addımlayırdıq. Bilərəkdən gah iti yeriyir, gah da addımlarımı yavaşıdırdım. Hərbi nizam-intizama tabe olan, sırada olan digər yoldaşları ilə bərabər addımlamağa vərdiş edən zabit addımlarıma uyğunlaşmağa çalışırdı. Bu məni əyləndirirdi. Yol boyu oğrun-oğrun ona nəzər salırdım. Hərəkətlərini izləmək xoşuma gəlirdi.
Qoşa qala qapısından bir qədər yuxarı qalxmışdıq ki, ayaq saxladı:
─Məncə burada sağollaşsaq yaxşıdır. 
Təəccüblə məni evə qədər ötürməyə israr edən  gəncin üzünə baxdım. Başımı tərpədib onunla razılaşdım:
─Hə, düzdür. Hər şeyə görə çox sağ olun.
Başını yüngülcə yellədi. Gözlərini açıb yumdu. Gülümsədi:
─Gecən xeyrə. Allaha əmanət ol! 
Bir neçə addım atıb geri çevrildim. Yerindən tərpənmədiyini, baxışları ilə məni izlədiyini görüncə gülümsədim. Cavab olaraq gülümsəyib əlini alnına apardı. 
Fikirlərim və hisslərim bir-birinə qarışmışdı. Sevinirdim, yoxsa ki üzülürdüm, bilmirəm. Anlamırdım. Yaraşıqlı gənc zabitlə xudahafizləşib ayrılsam da, ürəyimin onun yanında, həmin ağacın altında qaldığını hiss edirdim. Deyəsən, axı, mən elə ilk baxışdan aşiq olmuşdum. 
Yubandığıma görə anama hesabat vermək fikri də beynimdə dolaşdığı an addım səsləri duydum. Axşam saatlarında səssiz və qaranlıq dalanlarda  daha aydın eşidilən bu səslər, doğrusu, bəzən insanın içinə vahimə salır. Əvvəlcə geriyə baxmamaq, daha iti addımlarla  getmək qərarına gəldim. Bir neçə addımdan sonra dayandım. Geri döndüm. Addım səslərinin və kölgənin Raufa məxsus olduğunu anlayınca geri qayıtdım. Dayandığımı və geri qayıtdığımı görüb yaxınlaşdı. 
─Noldu? Niyə dayandın?
─Bu sualı mən verməliyəm...
Sakit səslə:
─Qorxutdum səni deyəsən...İçəri Şəhərin qaranlıq və dar dalanları ilə gedəcəyindən narahat olub, əmin-amanlıqla evə çatdığından arxayın olmaq istədim, –dedi.
Yaraşıqlı üz cizgilərinə, ala gözlərinə nəzər saldım. Baxışlarındakı ifadə səmimiyyətinə şübhə etməyimə səbəb qoymurdu. Ömrümdə ilk dəfə idi ki, yad bir insanın mənim üçün bu qədər narahat olmasının şahidi olurdum. Nə gizlədim, bu qayğı, diqqət mənə xoş idi. 
─Sənə yaxınlaşmadan, on beş-iyirmi addım aralıdan səni təqib edəcəm. Heç nədən və heç kəsdən qorxmadan düz evə! Yaxşı? 
Razılıq əlaməti olaraq gülümsədim. Raufun divarlarda, səkilərdə uzanan kölgəsi belə mənə arxayınçılıq, güvən hissi bəxş edirdi. 
 
Ardı var...

Şərhlər

Çox oxunanlar