Elçi zanbaqlar
01.02.2018 19:57 YazarKlub 2928
3-cü hissə
Bu səhər işə hamıdan tez gəlmişdim. Mühafizəçi məni qarşısında görəndə əvvəlcə özünü itirdi. Sonra salamlayıb yerinə qayıtdı.
Fəsildən, havanın isti və soyuq olmasından asılı olmayaraq, ilk işim otağın havasını dəyişdirmək olur. Masamın üzərindəki sənədləri səliqəyə salıb, qovluqları şkafa qoydum. Pəncərə qarşısında dayanıb ətrafa göz gəzdirməyə başladım. Şirkət binasının qarşısında bir-birlərini salamlayan işçilər üzərlərində olan nəzərlərimdən xəbərsiz idilər. Belə erkən gəldiyimə təəccüb edərdilər bəlkə. Adətən bilərəkdən işə yubanır, onlara özlərini, işlərini qaydaya salmaq üçün yarım saat vaxt verirdim. Gecikdikləri üçün uydurduqları yarıgerçək, yarıyalan bəhanələrini dinləməyi xoşlamırdım.
Pəncərəni bağlamaq üçün əlimi dəstəyə uzatdım. Təxminən on-on iki yaşlarında bir uşağın əlində zanbaq dəstəsi binaya yaxınlaşdığını gördüm. Binaya daxil olmağı ilə tərk etməyi bir neçə dəqiqə çəkdi. Bir qədər təəccüblənsəm də, gülümsədim.
Özümü qaydaya salıb masamın arxasına keçdim. Qəribə də olsa, səbirsizliklə katibəmi gözləməyə başladım. Özünü çox gözlətmədi. Əlində zanbaq dəstəsi ilə içəri daxil oldu. Gülümsəyərək:
─Afət xanım, bu zanbaqları sizə göndəriblər,–dedi.
Çiçəkləri güldana qoymaq istərkən:
─Narahat olma, sən işinə davam et! –dedim.
Qız özlüyündə nə düşünürdü bilmirəm, bu mənim üçün heç maraqlı da deyildi, bir anlıq nəzərlərini üzümdə gəzdirdikdən sonra otaqdan çıxdı. Qırmızı və açıq çəhrayı zanbaqların arasındakı bir sarı zanbağın da öz mənası vardı.
...İlk tanışlığımızın gecəsi səhərə kimi onu düşünmüş, xəyalımda onunla söhbətləşmişdim. Səhəri qəsdən, bilərəkdən yenə yolumu dəniz kənara salarkən məqsədim bir daha onunla rastlaşa bilmək ehtimalı olsa da, bu görüş baş verməmişdi. Bir neçə gün nəzərlərim hər yerdə onu gəzsə də, sonunda mənasız yerə üzüldüyümü düşünüb, təəssüflənməkdən başqa çarəmin olmadığını anladım. Amma qəlbimin dərinliklərində bir ümid zərrəsi qalmaqda idi. Düşünür və özümü inandırmağa çalışırdım ki, “Bakı elə də böyük şəhər deyil! Dənizi çox sevdiyini deyirdi, demək ki, nə vaxtsa görüşmək ehtimalı mütləqdir!”
Günlər keçdikcə ümidim getdikcə azalırdı. Bu aralar nənəmin adətən həmişə dediyi sözləri sanki əvvəllər olduğundan daha çox eşitməyə başlamışdım:
─Əgər qismətdə varsa, qismət özü gəlib səni tapacaq. Yoxdursa, arxasıyca nə qədər qaçsan da, xeyri yoxdur, sənin olmayacaq!
─Nə etməli? Demək ki, qismət deyilmiş!–sözlərini təkrarlamaqdan, özümə təsəlli verməkdən başqa əlimdən gələcək heç nə yox idi.
İçimdəki ümid azalmaqda, tamamilə sönməkdə idi. Son vaxtlar dərsə getməzdən əvvəl yolumu dəniz kənarından salsam da, nədənsə çox ləngimirdim, axşamlar isə birbaş evə gedirdim. Anam, nənəm belə, dalğın olduğumun fərqinə varmışdılar. Nənəmin:
─Haran ağrıyır, ay bala? –sözlərinə cavab verməmək üçün dərslərin çoxluğunu və yorulduğumu bəhanə gətirərdim.
Evdən bayıra çıxmağa da həvəsim olmurdu son vaxtlar. Eləcə özümə qapanıb dərslərimi oxumaqla, mütaliə etməklə günlərimi yola verirdim.
─Sənə nolub? Axır vaxtlar heç evdən bayıra da çıxmaq istəmirsən, –anam həmin gün dedi,–Bayırda yaxşı hava var, Aynuru da götür, get bir az gəz-dolan. Evdə oturmaqdan rəngin də saralıb.
─Aynur kimdi? –Nənəm tez dilləndi.
─Qonşunun qızıdır, –anam cavab verdi.
─Rəfiqəsidir? –nənəm soruşdu. Narazı halda başını yelləyib sözünə davam etdi, –Məndən sənə məsləhət: Afət, bu dünyada özündən başqa heç kimə inanma! Rəfiqə yoxdur indiki zamanda! Yaxşı qızın rəfiqəsi olmaz!
Nənəmin bu sözləri demədiyi gün olmazdı. Onsuz da rəfiqəm yox idi. Tək-tənha gəzib dolanmağa vərdiş etmişdim.
Bacım keçən yay ailə qurub öz evinə köçdükdən sonra özümü tənha hiss etməyə başlamışdım. Hər xırda şey üstündə mübahisə etməyimizə baxmayaraq, iki yaşlı qadından fərqli olaraq, onunla daha rahat söhbət edə, fikirlərimi, hisslərimi bölüşə bilirdim. Darıxırdım onunçün. Telefonla əlaqə saxlamağımıza baxmayaraq, gec-gec görüşərdik. Anamla nənəmin “Ərə gedən qız gündə ana evinə gəlməz; öz evində öz ocağının istisini qoruyar” sözləri bacımın düşüncələrinə, görünür, daha çox təsir etmişdi.
Qadınların məişət qayğıları və evdarlıq söhbətləri məni sıxdığından anamın məsləhətinə əməl edib qapıdan çıxdım. Gedəcəyim yer məlum idi.
Bir qədər sərin olmasına baxmayaraq, hava həqiqətən çox gözəl idi bu gün.
Payızı yazdan daha çox sevirdim. Digər üç fəsildə bir-birinə bənzəyən təbiət, məhz payızda daha fərqli, daha əlvan, rəngarəng libaslara bürünür. Hər bitkinin, hər ağacın öz gözəlliyi olduğu kimi, payızda büründüyü don da fərqlidir, axı, bir-birilərinə bənzəməzlər.
Dənizin soyuq havası, küləyi üzümə toxunduqca payızın nəfəsini açıq-aşkar hiss edirdim. Üşümürdüm, əksinə, xoşuma gəlirdi. Ayağım altında qalıb xışıldayan xəzəl, dənizin və xəfif küləyin səsi sanki mənə həzin hekayə danışmaqda idi. Yorulmadan dinləyə bilərdim. Xeyli vaxtdı dənizimlə belə yaxın olmadığım üçün özümü qınadım. Özümə, qismətimə olan küskünlüyüm, incikliyim dənizə olan sevgimə də təsirsiz ötüşməmişdi.
Nəzərlərimi ayırmadan dənizə baxırdım. Son bir ayda dəyişildiyimin fərqində idim. Hətta dənizimlə də söhbət etmək, dərdləşmək istəmirdim.
Bir anlıq beynimdən bir fikir gəlib keçdi:
─Görəsən, doğrudan intihar etmək istəsəm, məni xilas edərdi? Gələcəyinə əmin olsaydım, düşünmədən özümü dənizə atar, məni xilas etməsini istərdim. Amma yox...
Qəlbimdə yaranan bu qəfil istək məni daha artıq dənizə yaxınlaşdırırdı.
─Hava soyuq olduğundan dənizin suyu da çox soyuqdur. Sətəlcəm olmaq istəməzdim...
Cəmi bircə dəfə eşitdiyim bu səs necə də mənə tanış idi. Diksinib geri çevrildim. O idi! Özü idi! Mülki geyimdə qarşımda dayanmışdı. Gülümsəyib əlini alnına aparmaqla məni salamladı. Deməyə sözüm yox idi. Qəfil, heç gözləmədiyim bir anda yenidən peyda olmuşdu.
─Ümid edirəm ki, bu dəfə də intihar etmək fikrin yoxdur.
Gülümsədim. Bu görüşə sevindiyim qədər heç nəyə sevinməmişdim ömrümdə bəlkə. Gözlərinin içinə baxmağa çəkinmirdim, deyiləcək o qədər sözüm var ikən, susurdum. Tanımadığım bir insana illərlə tanıdığım biri kimi sarılmaq, boynunu qucaqlamaq istəyirdim. Hardan idi məndə ona qarşı bu qədər doğmalıq...
─Düzünü deyim?
─Təbii ki! –deyərək gülümsədi.
─Bu gün həqiqətən, bir anlığa da olsa, özümü dənizə atmaq fikri keçdi beynimdən.
─Bəs niyə etmədin? –mülayim səslə soruşdu.
Gözlərinin içinə baxıb bütün düşündüklərimi ona demək istəsəm də, susdum:
─...
─Hə, əlbəttə, gündüz vaxtı, hamının gözü qarşısında bunu etməyə cəsarətin çatmadı demək! Həqiqətən, qız deyilsən, baş bəlasısan!–deyib güldü.
Gülümsədim. Gülüşü də özü kimi gözəl və fərqli idi.
Fikrimdən keçən suallara özü cavab verdi:
─Neçə vaxtdı şəhərdə yox idim. İşlə əlaqədar ezam olunmuşdum. Dünən günortadan keçmiş gəlmişəm. Bir az rahatlanıb dincəldikdən sonra dəniz qırağına gəldim. Dənizin havası daha rahat yuxuya getməyimə səbəb olur. Bu gün də bazar günü olduğundan, düşündüm, bir az gəzib dolaşım. Sabah tezdən işdə olacam.
Gülümsədim. Beynimdə günlərlə dolaşan suallarıma öz dilindən eşitdiyim cavab içimi rahatlamışdı.
─Səndən bir şey xahiş etsəm...
Üzümdəki təbəssüm dərhal ciddi ifadə ilə əvəz olundu.
─Yanlış anlama... Əgər vaxtın varsa, səni mənimlə bir yerdə oturub bir stəkan çay içməyə dəvət etmək istəyirəm. Şəhərə yeni gəlmişəm, heç bir dostuma, tanışıma da qayıtdığımı xəbər etməmişəm.
Nə deyəcəyimi, təklifi rədd edib, ya qəbul etməli olduğuma qərar verə bilmirdim. Özlüyümdə qəbul edərsəm, haqqımda nələri düşünə biləcəyi fikri, rədd edərsəm, bir daha onunla görüşməyə biləcəyim fikri ilə qarışmışdı.
─...
─Anlayıram... Narahat olma, israr etməyəcəm. Üzrlü bil! –deyib üzrxahlıq etdi.
Günlərlə arzuladığım bu görüş idi. Təklifi qəbul etməyi ən doğru qərar hesab edirdim. Gülümsəyib:
─Təklifi qəbul edirəm. –dedim.
Təklifini qəbul etdiyimə peşman deyildim. Düşündüyümdən, təxmin etdiyimdən də maraqlı, son dərəcə nəzakətli, mədəni, yüksək intellektual səviyyəsi olan bir insan idi. Maraqlı mövzular ətrafında söhbət və müzakirə o qədər xoş təsir bağışlamışdı ki mənə, zamanın necə keçdiyinin fərqinə belə varmamışdım. On beş-iyirmi dəqiqə zənn etdiyim görüş, əslində üç saatdan çox idi davam edirdi. Telefonuna gələn zəng söhbətimizi yarı böldü. Masadan qalxmadan üzr istəyib zəngə cavab verməli olduğunu bildirdi. Nə deyim, düzü, zəng gəldiyi an fikrimdən nələr gəlib keçdi,bir Allah bilir. Zəng edənin sevgilisi ola biləcəyini düşündüyüm an isə içimi qəribə qısqanclıq hissi bürüdü. Nə baş verirdi? Kənardan özümü görmək istərdim bu an. “Görəsən üzümdəki ifadədən nə düşündüyüm hiss olunmur ki” fikri məni narahat etməkdə idi. Gözlərimin içinə baxıb gülümsədi. Elə ilk sözdən, danışıq tərzindən zəngin işlə bağlı olduğunu anladım. Nəfəsimi çəkib dayandığımdan indi rahatladım.
Baxışlarının üzümdə, saçlarımda, hətta əllərimdə gəzdiyini belə hiss etməkdə idim. Görəsən məndən xoşu gəlirdimi? Niyə də yox?! Qrupun ən gözəl qızı idim! Məni bəyənməməsi üçün səbəb görmürdüm!
Telefonun ekranındakı saata, sonra gözümün içinə baxıb:
─Yəqin ki evdəkilər səndən nigaran qalıblar. Qalxsaq yaxşıdır,–deyib əli ilə yaxınlıqdakı ofisianta işarə etdi.–Zəhmət olmasa, hesabı gətirin.
Yolumuzu dənizkənarından saldıq. Dəniz baxışlarımızın paylasdığı ümumi məkan idi. Əslində isə, fikrim dənizin mavi sularında, ağ köpüklü ləpələrində deyildi heç.
Gündüz olmasına, havanın qaralmamasına baxmayaraq, ənənəsinə sadiq qalıb yenə də məni əvvəlki qayda ilə evə ötürdü. İlk görüşümüzdə dayandığımız ağacın yanında yenə də xudahafizləşdi:
─Gözəl və maraqlı gün üçün sənə minnətdarlığımı bildirmək istərdim.
─Mənə də çox xoş oldu,–deyə gülümsərkən qəsdən nəzərlərimi üzündən ayırmırdım.
Bir qədər susdu. Nə isə demək istədiyini, son anda fikrindən vaz keçdiyini hiss etdim. Özlüyümdə nə deyə biləcəyini ehtimal edirdim.
─Yaxşı... Qorxub çəkinmədən birbaş evə!
Evimizin qapısına yaxınlaşıb içəri keçməzdən əvvəl bir daha boylandım. Xeyli aralıda, lakin görə bildiyim bir yerdə dayanıb məni izləyirdi. Xoşbəxtlikdən qanad açıb uçmağa hazır idim, səmada süzən ağ göyərçin kimi hiss edirdim özümü.
─Sənə elə bəhanə lazım imiş ki evdən baş götürüb getməyə! Neçə saatdır hardasan? Get, gəz-dolan dedim. Day demədim ki, get, bir də axşam gəl, –anam deyinmək üçün yeni bir səbəb tapdı sayəmdə.
Mənim üçün isə fərqi yox idi. İndi heç kəs, hətta anamın danlaqları, tənbehi belə kefimi poza bilməzdi. Xoşbəxt idim! Çox xoşbəxt idim.
Xoşbəxtliyim uzun sürmədi amma. Ayrılarkən sadəcə xudahafizləşdiyimizi düşündüyüm an kefim pozuldu. Yoxsa yeni görüşümüz də təsadüfə bağlı olacaqdı? Bu təsadüf olmasa bəs? Öz-özümə “Atalar üçdən deyib” misalını təkrarladım. Əgər həyat bizi iki dəfə qarşılaşdırıbsa, demək üçüncü dəfə görüşmək ehtimalımız da vardı.
Bu üçüncü görüş isə, nə az, nə çox, iyirmi bir gün sonra baş tutdu. Soyuq və şaxtalı günlərin birində.
Universitetin qapısından çıxdığım an üzümə toxunan soyuq hava cismimlə bərabər ruhumu da titrətdi sanki. Gödəkçəmin papağını başıma keçirib əllərimi cibimə saldım, iti addımlarla evə tələsdim.
Arxadan gələn ayaq səsləri diqqətimi çəksə də, heç nəyə, heç kimə fikir vermirdim, tək istəyim özümü evə yetirmək, isti çay içib nəsə yemək idi. Görəsən, anam nə hazırlamışdı indi?
Hava qaraldığı üçün, düzü, içimə vahimə dolmağa başlayırdı. Qaranlıq və dar küçələrdən işıqlı, daha çox gediş-gəliş olan küçələrlə getmək daha münasib idi. Heç kəsdən qorxmamaq hünər deyil, ehtiyatı da əldən vermək olmaz, deyir nənəm. Onu qınamıram, anamla bərabər o qədər kriminal verilişlərə, cinayət işlərinə baxırlar ki, hər kəsdə, hər yerdə təhlükə görür, hər işin içində cinayət tərkibi axtarırlar.
Səkilərdə uzanan kölgə və yaxınlaşmaqda olan ayaq səsləri birisinin mənə çatmaq istədiyinə olan şübhələrimi təsdiqlədi. Təqib edilirdim. Arxaya çevrilmədən daha iri addımlarla yeriməyə başladım. Çantamda kitablarımdan dəyərli onsuz da heç nə yox idi.
Yaxınlaşdığı an qolumdan tutub saxladı:
─Arada bir nəfəsini dər! Belə iti addımlarla yerisən hərbçilər də sənə çətin yetişə bilə.
Gözləmədiyim halda Rauf yenə də qarşıma çıxdı bu gün. Gülümsəyib onun salamını aldım.
Bir himə bənd imiş kimi başını bulayıb gileyləndi:
─Bu cür soyuqda, açıq havada dayanıb kiminsə dərsdən çıxmağını gözləyəsən, o da sənə əhəmiyyət vermədən yanından ötüb keçə...
─Məni gözləmisən? Harada? Mən səni görmədim, axı, qapıdan çıxanda...
─Aralıda dayanmışdım. Qrup yoldaşlarının yanında sənə yaxınlaşmaq istəmədim. Daha münasib zamanı gözlədim. Yoxsa qorxutdum səni?
─Bir az...
─Üzrlü bil. İstəməzdim.
─Bu dəfə günahından keçdim!–deyib güldüm.
İslanmış saçlarıma, üzümə nəzər salıb heç bir söz demədən gülümsəyirdi. Yenə də mən dilləndim:
─Çox gözlədin?
Saatına baxıb başını tərpətdi:
─Hə, bir saat on səkkiz dəqiqə, –dedi.
─Necə tapdın məni? –sualı özümə də yersiz göründü. Axı, elə ilk görüşdə özümü təqdim etmişdim.
Göz vurub dedi:
─Hərbi sirlər söylənilməz!
─Aydındı!
Təkcə məni görmək üçün saatlarla soyuğun altında dayanıb gözləyən zabitin fədakarlığı ona olan rəğbətimi daha da artırmış oldu.
Bu görüş münasibətlərimizin başlanğıcı oldu əslində. Qışın soyuğuna, şaxtasına, hətta qarlı havaya belə baxmadan vaxt tapıb istirahət günlərində, bəzən isə həftə içi görüşürdük. Küləkli və şaxtalı havalar bizi qorxutmurdu. Yanımda mənə biganə olmadığını hiss etdirən doğma bir insan, soyuq havada əlimi tutub ovcunda isidən bir əl var ikən, bütün dünya gözümdə deyildi.
Rauf tanıdığım insanların heç birinə bənzəmirdi, tamamilə fərqli idi. Xasiyyəti, davranışı, mühakimələri, dünyagörüşü ilə hər kəsdən seçilə bilirdi. Mənə qarşı isə son dərəcə diqqətli idi. Hər zaman qayğı və diqqətini hiss edərdim. Hər dəfə görüşə gələndə mütləq mənə bir çiçək gətirərdi. Pis öyrətmişdi məni. Hər dəfə əlində çiçək gördüyümə adət etdiyimdən, işdən çıxıb görüşümə tələsdiyi bir yaz günündə əliboş görüb “Çiçəklərim hanı?” –deyə ağız büzmüşdüm.
Əlini burnuma toxundurub gülmüş, sonra yarıciddi ifadə ilə demişdi:
─Bütün qadınlar belədir e! Bir dəfə əliboş gəldinsə, vəssalam...
Zarafatla dediyini bilsəm də, həmin dəqiqə sözünə çox pərt olmuşdum. Əslində isə, onun varlığından dəyərli heç nə yox idi mənimçün. Özü bunu bilirdi, axı. İncikliyimi açıq-aşkar bəlli etməkdə idim. Nə düşündüsə qəfil ayağa qalxdı. Bayaqdan bəri gözünü zillədiyi çiçəklərə yaxınlaşıb, əlinə keçən zanbaqlardan birini qırıb yanıma qayıtdı. Çəhrayı rəngli zanbağı mənə nəzakətlə təqdim etdiyi an, gözlənilmədən bir polis bizə yaxınlaşdı. Mənə, əlimdəki zanbağa nəzər saldı. Bir neçə addım aralanıb işarə ilə Raufu öz yanına çağırdı.
Mənim ucbatımdan Raufun bəlaya düşəcəyini görüb həyəcanlanmaya bilmirdim. Ayağa qalxdım. Polisə hər şeyi izah etmək, günahın məndə olduğunu bildirmək istəyirdim.
İmkan vermədi:
─Narahat olma, otur, indi qayıdıram,–deyib aralıda dayanmış polisə yaxınlaşdı.
Özümü günahkar hiss edirdim. Onu bu əmələ mən vadar etmişdim deyə, çox dilxor idim. Nə danışdıqlarını eşidə bilməsəm də, nəzərlərimi də ayırmırdım. Cibindən vəsiqəsini çıxarıb təqdim etdiyi an polisin üzündəki sərt ifadənin bir qədər yumşaldığını, daha sonra mənə nəzər salıb gülümsədiyini də hiss etdim. Vəsiqəsini geri alan Rauf gülümsəyib illərin tanışı kimi polislə əl sıxdı.
Geri qayıdıb skamyada yanımda əyləşdi. Bir kənara atdığım zanbağı əlinə alıb fırladı.
─Polis sənə nə dedi? Nə danışırdız? –kimi suallarla Raufu bezdirməkdə idim.
Nəzərlərini zanbaqdan ayırıb mənə baxdı, gülümsəyib:
─Polis mənə dedi ki, o qızdan sənə xeyir gəlməz. Ondan uzaqlaşmağın məsləhətdir, –dedi.
Zarafatla deyilmiş bu sözlər uşaq vaxtı oxuduğumuz kiçik hekayədən olsa da, ciddiyə almışdım.
─Belə dedi? Həqiqətən belə dedi? Sən nə dedin, bəs?
Nəzərlərini məndən ayırmadan ciddiyyətini saxlamaqla sözünə davam etdi:
─Nə deyəcəm... Adam haqlıdır.
Daha çox üzgün və ya əsəbi olduğumu bilmirdim həmin an:
─Haqlıdır? Belə də dedin ona? Dedin ki, hə, haqlısan?
Başını yellədi:
─Yox, elə demədim.
─Bəs nə dedin?–bəlkə heç vaxt bu günki kimi israrlı olmamışdım.
─Dedim ki, o gördüyün qız var ha, başımın bəlasıdır: özü də bəladır, adı da bəladır; tanıdığım gündən bu yana hər zaman onun ucbatından başıma bəlalar gəlir.
Gözlərimi süzdürüb üzümü yana çevirdim. İncimişdim. Qırılmışdım. Belə ifadələri heç gözləmirdim Raufdan.
Qəfil üzümü əlləri arasına alıb gözlərimin içinə baxaraq dedi:
─Bilmək istəyirsən, ona nə dedim?
─...
─Dedim ki, həmin baş bəlasını gördüyüm gündən sevirəm... dəli kimi sevirəm. Uğruna bir çiçək cəriməsi nədir ki, ölməyə belə hazıram!
Susurdum. İlk sevgi etirafının bu şəkildə olması məni sevindirdiyi qədər də, kövrəltmişdi. Gözlərimdən hər an yanaqlarıma süzülməyə hazır olan iki damla yaş kirpiklərimdən asılıb qalmışdı. Astadan:
─O nə dedi? –soruşdum.
Saçlarımı, yanaqlarımı oxşayıb gülümsədi:
─“Allah özü sənə böyük cərimə kəsib” deyərək məni sərbəst buraxdı.
Incik halda dirsəyimi böyrünə toxundurdum.
Əllərimi tutub gözlərimin içinə baxdı, söyüd ağacının altındakı skamyada ilk dəfə mənə hisslərini etiraf etdi:
─Başımın bəlası, səni sevirəm, həm də çox, lap çoooox sevirəm!
Yanaqlarıma həmin an süzülən iki damla yaş ona olan hisslərimin, sevgimin, sevincimin cavabı idi. Başımı çiyninə qoyub köksünə qısıldım.
Alnımdan öpüb saçlarımı tumarladı. Kənara qoyduğu zanbağı yenidən əlinə aldı:
─Bax, bu zanbaq sevgimizin şahidi olsun. Bundan sonra sənə yalnız zanbaq bağışlayacam. Fərqi yoxdur, nəyin bahasına başa gələcək bu zanbaqlar, ya pul, ya cərimə, ya həbs.
Sözünə sadiq qaldı. O gündən mənə yalnız zanbaq bağışlardı. Bəzən müxtəlif rənglərin qarışığından, bəzən isə eyni rəngdə olanlardan dəstə bağlatdırardı. Əvvəllər qızılgülləri çox sevsəm də, həmin gündən zanbaqlar mənim üçün ən gözəl, ən dəyərli oldu.
Görüşlərimizdən birində mənə kağız bağlama verib dedi:
─Bir müddət görüşməyəcəyik. İşlə əlaqədar bir neçə ay şəhərdə olmayacam. Amma ürəyim sənin yanında qalacaq.
─Niyə? Hara gedirsən ki? Nə vaxt qayıdacaqsan?
─Bilmirəm nə vaxt qayıdacam. Vəziyyətdən asılıdır.
─Hara getdiyini də deməyəcəksən?–bir zabitin bu sualıma cavab verməyəcəyini bilsəm də, üzgün halda soruşdum.
─Qayıdıb gəlim, inşallah, sənə hər şeyi danışacam. Hətta daha artığına da hazır ol! Necə deyərlər, dönüşüm möhtəşəm olacaq!–deyib əllərimi buraxmadan göz vurdu.
Bu aylar ərzində ona o qədər öyrəşmişdim ki, indi uzun bir müddət ayrılığa necə tab gətirəcəyimi bilmirdim. Üzünü görmədən, səsini eşitmədən necə qalacaqdım...
─Yaxşı da, üzülmə! Ömürlük getmirəm ki! Təlimə gedirəm. Ən geci iki ay çəkər. Sonra yenə şəhərdəyəm.
─Zəng vuracaqsan?
─İlk fürsətdə!
Zəng edəcəyinə, əlaqə saxlayacağına söz verməsinə baxmayaraq, yenə də üzgün idim. Həyatımda ilk dəfə idi kimisə sevirdim. Başımı sinəsinə sıxıb qoxusunu içimə çəkirdim. Saçlarımı oxşayan əllərinin tumarını, hərarətini də yaddaşıma yazmaq, səhraya çıxanların su ehtiyatı kimi görüşəcəyimiz günədək özümdə saxlamaq istəyirdim.
Gecə yarısına qədər telefonda danışıb, sözlərimiz bitəndə isə yenə də dəstəyi asmamış, sükutu paylaşmışdıq. Bir neçə dəfə sağollaşmağımıza baxmayaraq, yenidən telefona əl atıb mesaj bölməsinə keçid etmişdik. Səhərə qədər gözümü yummayıb onu düşündüyüm kimi, əmin idim ki, Rauf da eyni hissləri keçirir. Səhər sübhdən aldığım ilk mesaj da fikirlərimi təsdiq etmişdi. Həmin səhər hava limanında yazdığı mesajı isə heç vaxt silmədim. Bu gün də telefonumun mesaj bölməsində qorunur. Hər darıxdığımda açıb oxuyar, təskinlik tapardım.
Həmin səhər günəşi pəncərə önündə salamlamışdım. Gözlərimi səmaya dikərək sevdiyim insanı məndən alıb uzaqlara aparan təyyarənin izini axtarırdım buludların arasında sanki.
İlk günlər Raufla ayrılıq daha çətin oldu. Hər gün dəniz kənarına enir, tək-tənha gəzib dolanır, ətrini, qoxusunu dənizdən almağa çalışırdım. Dalğaların səsində, küləyin pıçıltısında da onu tapmağa çalışırdım. Raufu tanıdığım gündən dəniz mənə daha doğma olmuşdu çünki.
Vidalaşdığımız gün mənə verdiyi kağız bağlamanı isə çantamda unutmuşdum. İçində nə olduğundan belə xəbərsiz idim. Bir neçə gün sonra kağızı açdım. Vərəqdə bu sözlər yazılmışdı:
“Yəqin ki indi təəccüblə baxır, bunların nə olduğunu düşünürsən. Çox düşünməyəsən deyə, özüm deyim: bunlar zanbaq soğanlarıdır. Gül mağazasının sahibi zanbaqlarla bağlı sirrimizdən agah olub, bir müddətə ayrılacağımızı biləndə bunları mənə verdi. Soğanları ək, onlara qulluq et. Yanında olmadığım müddətdə qoy həmin bu zanbaqlar sənə məni xatırlatsın. Onlara baxanda, toxunanda məni düşün. Səni çox sevdiyimi düşün və heç vaxt hisslərimin səmimiliyinə şübhə etmə! Başımın bəlası, səni çox sevirəm!”
Rauf gül-çiçəklərə olan sevgimdən xəbərdar idi. Bir neçə dəfə məni evə ötürəndə pəncərəmizdəki dibçəklər nəzərini çəkmişdi. Dibçəklərimin çoxluğu onu təəccübləndirmiş, özünün də otaq güllərinə marağı olduğunu bildirmişdi.
Əvvəlcə ayrı-ayrı qablara əkmək istəsəm də, sonra düşünüb soğanların hamısı eyni qaba əkməyə qərar verdim. Bu zanbaqlar sevgimizin şahidi olduqlarından, hissələrə ayırmaq istəmədim. Digər otaq güllərimdən fərqli olaraq, zanbaqları əkdiyim dibçəyə daha çox diqqət edirdim, nazını çəkir, bəzən söhbətləşir, saatbasaat, saniyəbəsaniyə onların boy atmasını görmək istəyirdim. Soğanların sayı doqquz olsa da, onlardan yalnız yeddisi cücərmişdi, digər ikisi isə torpaqda məhv olmuşdu. Üzülməmişdim, çünki yeddi rəqəmi mənim üçün müqəddəs idi və bunda bir hikmət görürdüm.
İlk cücərti həm də mənə xoş xəbərin müjdəçisi oldu. Elə həmin gün Rauf zəng edib hər şeyin yaxşı olduğunu söylədi. Hər gün zəng edə bilməməsinə baxmayaraq, ilk fürsətdə mesaj yazır, meil atırdı. Ciddi hərbi nizam-intizam tez-tez əlaqə saxlamağımıza mane olurdu. Hər söhbətimizdə zanbaqları soruşmağı da unutmurdu. Bu müddət ərzində isə zanbaqlarım bir qədər boy atmış, yaşıllaşmışdı.
Zanbaqlarımın açmağı Raufun şəhərə dönməyi ilə eyni vaxta təsadüf etdi. Açan zanbaqlardan üçü çəhrayı, ikisi qırmızı, biri bənövşəyi rəngdə idi. Yeddinci zanbaq isə inkişafda yoldaşlarından geri qalırdı. Səbirsizliklə həmin zanbağın açacağı günü gözləyirdim. Maraq mənə güc gəlir, onun nə rəng olacağını təxmin etməyə çalışır, çəhrayı, ya da qırmızı olacağını güman edirdim.
Ardı var...
Şərhlər