İlahə İmanova - Elçi zanbaqlar

08.02.2018 10:14     YazarKlub     2936

 

VI hissə

 

Ertəsi günü Raufla qarşılaşmamaq üçün axırıncı dərsdən icazə alıb evə getdim. Yazıb- yazmayacağını maraq etdiyimdən telefonu yandırsam da, mesajları oxuyub heç birinə cavab yazmır, zənglərə isə cavab vermirdim; ikinci zəngdən sonra isə söndürüb sanki kiminsə görəcəyindən ehtiyat etdiyim üçün ya çantamda, ya da yastığımın altında gizlədirdim. Təsadüfən pəncərəyə yaxınlaşan zaman Raufun qonşu evin divarına söykənib nəzərlərini pəncərəmizdən ayırmadığının da şahidi olmuşdum. Bir anlıq beynimdən inad etdiyim üçün qapını döyüb evə gələ və anamın yanında belə məndən hesab sora biləcəyi fikri keçdiyindən ehtiyat etdim, lakin  sonra heç vaxt buna cəsarəti çatmayacağına özümü inandırdım.

 

Son bir neçə gündə mühazirələr mənə daha ağır gəlirdi, heç on dəqiqə keçməmiş yorulur, diqqətim yayınırdı. Nə qədər diqqətimi toplamağa çalışsam da, əlimdə deyildi. Hətta ən sevdiyim fənlər belə mənə maraqsız görünməyə başlamışdı. Dərs başlamadan onun bitməsini, günün sonunu gözləyirdim. Əsəblərim çox gərgin idi. Son günlər baş verənlər, dünən axşam anamla aramızdakı çətin söhbət, bir yandan da hələ ölkəni tərk etməmiş duymaqda olduğum həsrət qəlbimə təsirsiz keçməmişdi.

Tənəffüs olsa da, çox zaman auditoriyadan çıxmazdım. Bufetə də nadir hallarda düşərdim.

Tələbə yoldaşım otağa daxil olub dedi:

─Afət! Bu xanım deyəsən səni axtarır.

Qapı ağzında dayanmış qızı heç vaxt həyatda görmədiyimə baxmayaraq, dərhal tanıdım. Bu həmin qız idi. Şəkildə gördüyüm, Raufa qısqandığım qızı nə vaxtsa qarşımda görəcəyimi ağlıma belə gətirməzdim.

Səsi də özü qədər incə və lətafətli idi:

─Salam. Afət xanım sizsiz? Sizinlə söhbət etmək istərdim. Mən...

Kim olduğunu söyləməsinə imkan verməyib sözünü kəsdim:

─Aşağı düşək.

Rahat söhbət edə bilmək üçün pilləkənlərlə bufetə endik. Ən axırdakı masalardan birini seçdim. Çay və şokolad sifariş verib qızla üzbəüz keçib oturdum.

Allahın əhvalının ən xoş vaxtında xəlq etdiyi bu qızın gözəl üz cizgilərinə, uzun və sıx kirpiklərinin arasından bir cüt ulduz kimi parlayan qara gözlərinə, uzun saçlarına nəzər saldıqca onun zərifliyinə, incəliyinə qızlığımla heyran qalırdım. Etiraf edim ki, hətta içimdə ona qarşı bir həsəd də baş qaldırdı. Özlüyümdə düşünür, özümlə onu müqayisə edir, vaz keçilməyəcək bu gözəllikdən Raufun imtina etməyəcək qədər ağılsız olmadığını anlayırdım. Başını aşağı salıb susan qıza, nədənsə birdən yazığım gəldi. Rəqibinin qarşısına çıxıb öz qürurunu, mənliyini alçaldan bir qızın mənə nə deyə biləcəklərini ehtimal edirdim.

─Sizi dinləyirəm.

─Mən...

─Kim olduğunuzu söyləməyə ehtiyac yoxdur. Bilirəm...

Sözə necə başlayacağından çəkinən qızın qarşısında özümü ailə dağıdan biri kimi günahkar hiss etməyə başlayırdım. Qeyri-ixtiyari barmağına nəzər saldım. Üzük taxmamışdı.

─Sizinlə görüşmək öz qərarımdır. Raufun bundan xəbəri yoxdur.

─Aydındı...Arxayın olun.

─Raufla aranızdakı münasibətlər məni narahat etdiyi üçün görüşmək və hər şeyi aydınlaşdırmaq istədim.

Bir qız və ya qadın üçün rəqibinin qarşısına çıxmaq qürur və mənliyini, ləyaqətini alçaltmaqdan əlavə, həm də qarşısındakının ondan daha yaxşı olduğunu etiraf etmək demək idi. Qarşımda dayanmış gözəl qıza bu cəhəti yaraşdıra bilmədiyimdən halına acıyırdım. Yəqin ki, onun yerinə olsam, mən heç vaxt bunu etməzdim.

─Deyəcəyiniz sözləri təxmin etdiyim üçün, sizə yalnız bunları deyə biləcəm. Qayınananızla görüşdüyüm günə qədər barənizdə heç nə bilmirdim. Bilsəm, heç vaxt bu münasibətlərə yol verməzdim. Bir qızın xoşbəxtliyini, səadətini əlindən alacaq qədər vicdansız deyiləm. Başqasının bədbəxtliyi, göz yaşları üzərində  xoşbəxtliyimi qurmaram heç vaxt. Narahat olmayın, Raufla münasibətlərimizə birdəfəlik son qoyulub.

Qızın həyəcanla dediyi:

─Əslində elə mən də bu barədə danışmaq istəyirdim, –sözlərinə,

─Raufun həyatından bir dəfəlik çıxıb gedirəm. Sizin xoşbəxtliyinizə mane olmayacam, –deyə cavab verdim.

─Siz məni səhv anladınız. Mən...

─Bizim münasibətlərimiz özü bir səhv idi. Mən bu səhvi düzəltdim.

─Rauf sizi həddindən çox sevir. Sizin də onu sevdiyinizə şübhəm yoxdur.

─Raufla aranıza girdiyim üçün, bilməyərəkdən sizdən onun sevgisini oğurladığım üçün son dərəcə üzgünəm. Səmimiliyimə inanın, belə olmasını  istəməzdim.

─Rauf...

─Həyatından çıxdığım kimi, sabah axşam şəhəri də tərk edəcəm. Ondan sonra xoşbəxtliyinizə heç nə mane olmayacaq. Bacarırsınızsa, məni bağışlayın.

─Siz mənə danışmağa imkan vermirsiz!

─Buna ehtiyac da yoxdur. Hisslərinizi anlayıram.

─Amma siz bilməlisiniz ki, ...

─Rauf sənə əmanət. Onu xoşbəxt et! Xoşbəxt olun! –deyib masadan qalxdım.

Bu sözləri dediyim ana qədər hələ də qəlbimin dərinliklərində Raufla münasibətlərimizin mümkünlüyünə inanırdım. Dilimdən qopan kəlmələri –dediyim son sözlərimi qulaqlarımın eşitdiyi an, artıq münasibətlərimizin qeyri-mümkün olduğunu anladım. Sevdiyim insana xoşbəxtlik arzu edib onu başqasına əmanət etməklə hər şeyə son qoymuşdum.

 

********

Fərq etməz nə qədər müddətə, vidalaşmaq son dərəcə ağır duyğudur. Ən əvvəl, evinin daş-divarına nəzər salarsan: bu günə qədər bəlkə heç diqqətini çəkməyən əşyalar belə, sənə o qədər doğma və dəyərli görünər ki bir anda. Nə vaxtsa kənara atıb unutduğun, üstünü toz basmış oyuncağın, ad günlərinə hədiyyə edilmiş kiçik suvenirlər, rəflərdəki kitabların, masanın üstündəki yazıb qaraladığın köhnə dəftərin belə sanki dil açıb sənə nələrsə demək istəyirmiş kimi diqqət kəsilərsən. Sevimli ayını belə bağrına basıb “Darıxma mənsiz. Sənin üçün çox darıxacam” deyərsən pıçıltı ilə. Hər kəsə təsəlli verib, hər şeyin yaxşı olacağına özün qarışıq hamını inandırmağa çalışsan da, ilk özün kövrələr, gizlincə göz yaşlarını silərsən ki, arxanca gözləri qalmasın, səndən narahat olmasınlar. Üzündəki təbəssüm həm dodaqlarına, həm də qəlbinə yük olar.

Mənim üçün darıxmamaları üçün bütün günü deyib-gülməyə çalışır, gələcəklə bağlı elə gözəl xəyallar qururdum ki. Anama zarafatla bundan sonra qohum və qonşuların yanında daha çox hörmətli olacağını deyib, kasıb bir ailənin qızının Almaniyada təhsil almasının necə böyük fəxr olduğunu və qürur hissi bəxş etdiyini bilərəkdən vurğulayırdım.

─Həmişəlik getmirəm ki! Gələcəm də.

─Yad ölkədə təkbaşına necə olacaqsan... Dünyanın o başıdır! Yaxın da deyil ki, biş-düş edib tez-tez yanına gələm...

Güldüm:

─Yaxşı ki də yaxın deyil! Yoxsa bir gündən bir babadan qalma həsir zənbili, səbəti  doldurub durub gələrdin. Narahat olma, dövlət bizim təhsilimiz üçün bütün vəsaitləri ayırıb. Heç nəyə ehtiyacımız olmayacaq. Yalnız sizin dualarınıza ehtiyacım olacaq.

Anam və nənəm sözlərimdən kövrəldi. Elə mən özüm də kövrəlmişdim. Onların üzündəki kədərli ifadəni gördükcə, hətta fikrimdən vaz keçmək, bu səfərdən imtina etmək istəyirdim.

Qürbət ölkədə bəlkə də ən çox nənəm üçün darıxacaqdım. Nənəmin boynuna sarılıb əllərindən, üzündən öpməkdən doymurdum. Qoxusunu içimə çəkib özümlə aparmaq istəyirdim. Yad yerdə nənəm qədər kim çəkəcəkdi nazımı mənim... Kim səhvlərimi ört-basdır edib, himayə edəcəkdi məni...

Anam məni bağrına basarkən içimdə qəribə bur duyğu yarandı. Sanki ilk dəfə idi içindəki bütün sevgisini hiss etdirirdi. Qolları arasında sıxıb bağrına basır, arada da “Özündən muğayat ol. Bayıra çıxanda əynini qalın gey. Hava qaralanda küçələrdə tək gəzib dolaşma, qürbət diyardır. Fikrin bizim şəhərə getməsin, oraların adamları bir başqa cürdür, bizimkilərə bənzəməzlər” –deyə öyüd və nəsihətlərindən son anda da əl çəkməzdi. Gülümsədim. Anlayanda ki, anamın danlaqlarını, hər səhər deyintisini eşitməyəcəm, indidən qəribsədim.

 

Təkidlərinə baxmayaraq, anamın və nənəmin hava limanına qədər məni ötürmək istəyinə etiraz etdim. Hava limanları, vağzal məndə hər zaman kövrək hisslər oyadır. Bu məkanların özündə cəmlədiyi ayrılıq, həsrət qoxan duyğusunu bir də əzizlərimin vidası ilə ağırlaşdırmaq istəmirdim. Buna tab gətirməzdim.

Bacım və yoldaşı ilə görüşüb, anamı, nənəmi onlara əmanət etdim. Söz verdilər ki, onları darıxmağa qoymayacaqlar. Heç kəs baş bəlasını əvəz edə bilməsə də, amma bacımın uşaqlarının nənələrinin başını qatacağına əmin idim. Nəvə şirin şeydir, yorulub əldən düşən iki nənənin bəlkə heç məni xatırlamağa belə vaxtları qalmayacaqdı.

Təyyarəyə minik başladı. Trapın pillələri ilə yuxarı qalxdıqca son dəfə imiş kimi ətrafa boylanıb səmaya, geniş aerodroma nəzər saldım. Ayaqlarımın həqiqətən vətən torpağından üzüldüyünü hiss edincə kövrəldim, kirpiklərimdə donub qalmış yaş az keçmədən yanaqlarıma süzüldü. Vətənimin havasını ciyərlərimə çəkdim.  Bacardığım qədər daha çox bu havanı içimə çəkmək, ehtiyac duyacağım günlərə ehtiyat saxlamaq istəyirdim. Hər gün onlarla insanın yanından ötüb keçərkən nə danışdıqlarına, səslərinə diqqət etməzdim. İndi isə tanımadığım, lakin mənə yad olmayan bu insanları daha çox eşitmək istəyirdim. Həmyerlilərimin söhbətləri üçün, öz dilimiz üçün nə qədər darıxacağımı bilirdim. Öz vətənindən üz döndərən, qürbət ellərdə öz xoşbəxtliyini tapmağa çalışan insanları heç vaxt anlaya bilməsəm də, tək olmadığımı, mənim kimi öz millətini, dövlətini, dilini sevən yüzlərlə, minlərlə vətənpərvərlərimizin olduğuna əmin idim. Yaşadığımız müvəqqəti ayrılığın əslində dövlətimizə, insanlarımıza faydalı olacağını anlayan kəslərdən biri kimi mən də özümə bununla təskinlik verirdim.

Təyyarənin pəncərəsindən baxıb harada olduğumuzu müəyyən etməyə çalışırdım. Üstündən uçduğumuz tarlalar, çay və dənizlər xəritədə olduğu kimi görünürdü. Bu qədər yüksəklikdə kiçik nöqtəyə bənzəyən tikililəri gördükcə böyük bir qalaktikanın nə qədər kiçik bir zərrəsi olduğumu anlayır, həmçinin özümü Allaha həmişə olduğundan daha yaxın hiss edirdim.

Stüardessa gülümsəyərək:

─Azərbaycan sərhəddini keçdik, –dediyi zaman kövrəldim, sanki canımdan can ayrılırdı. Geridə qoyduğumuz hər mil məni doğma Bakımdan, vətənimdən uzaqlaşdırırdı. Azərbaycan hava yollarına məxsus təyyarədə olduğumu xatırladıqda isə, bu həsrət azalır, hələ də özümü vətəndə hiss edirdim.

Başımı oturacağa söykəyib düşüncələrə dalmışdım. Üzümə tökülən saçlarımı arxaya verdim. Əlim qeyri-ixtiyari qulağıma toxunduğu zaman sırğamın bir tayını itirdiyimin fərqinə vardım. Üzüldüm. Görünür, həyatda nəyisə qazanmaq üçün yola çıxarkən, sənin üçün dəyərli olanları itirmək şərtdir. Mənim üçün son dərəcə dəyərli olan bu qızıl sırğa nənəmin yadigarı idi, on səkkiz yaşım tamam olarkən mənə bağışlamışdı. 

Sırğanın tək tayını bir müddət ovcumda tutduqdan sonra onu da itirməmək üçün çantama qoydum. Üzünə baxmaq belə istəmədiyim telefonu çıxardım. Adət etdiyimdəndir bəlkə, mesaj bölməsinə daxil oldum. Yazdığı mesajların heç birini silməmişdim. Təkrar-təkrar oxuduqca daha da kövrəlirdim. Öz-özümə:

─Hisslərin ən güclüsü ayrılıq imiş! Bildim. Təkcə ailəmi, yaxınlarımı deyil, sevdiyim insanı  da  sənə əmanət edib gedirəm, Vətən! –pıçıldadım...”

 

Ardı var...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar