Elçi zanbaqlar - İlahə İmanova

13.02.2018 16:33     YazarKlub     3212

VIII HISSƏ
 
EPİLOQ
Dəniz... Təlatümlü, hərdən də çox sakit, mehriban dəniz... Gözəlliyindən zövq almaq, qoxusunu içinə çəkmək, bəzən də mənim kimi birilərinin öz qəlbindəkiləri bölüşmək üçün getdiyi tək ünvan... Özündə nə əmanətlər, nə sirlər saxladı bu günə qədər. Müdrik bir qocaya bənzədirəm onu. Hər kəsi dinlər, heç kəsə sirrini verməz. Pıçıldayan ləpələri, şahə qalxan dalğaları ilə bəzən səninlə söhbət etmək istər. Onun biz insanlara deyiləcək o qədər sözləri var ki! Sadəcə onu dinləməyi bacarmaq lazımdır. Diqqətli olsan, nə demək istədiyini, şübhəsiz ki, anlaya bilərsən. Nələr görmədi, nələrə şahid olmadı o. Dünyanın, zamanın gərdişləri gözü qabağında olub keçdi. 
Dəniz... Sevgisinə qovuşa bilməyən aşiqə də bənzədirəm onu. Üfiq xəttində sanki qovuşduqlarını zənn etsən də, heç vaxt qovuşmazlar. Bəlkə də, elə buna görə bütün aşiqlər ona pənah aparır. Axı, o da tənhadır. Gündüzlər necə olsa, vaxtı keçir. Bəzən birilərini müşahidə edir, birilərini dinləyir, başqa birisinə pıçıldayaraq nəsə demək istəyir, arada da yaşlı insanlar kimi bir neçə saniyəliyə mürgü də vura bilir. Gecələr isə, insanların əl-ayağı dənizkənarından yığışdıqdan sonra heç vaxt qovuşa bilməyəcəyi Səmanı səslər, gah öz sevgisindən söz salar, gah da yorğun –yorğun şikayətlənər.
 
Fəsildən asılı olmayaraq, hər gün dəniz kənarında gəzişmək adət halını aldığından  yolumu mütləq burdan salardım. Seyrinə dalar, səsini dinlərdim. İçimə çəkdiyim ətri, qoxusu ruhuma təravət, təzəlik bəxş edərdi. 
─Dəniz! –deyə həyəcanla çığırdım. 
Dəniz kimi mavi gözləri, günəş kimi qızılı saçları olan, hər dəfə əlimdən dartınıb qaçan bu dəcəl və şıltaq qız mənim Dənizimdir. Tanışlığımıza səbəb, sevgimizə şahid olan dənizimizin şərəfinə onu belə adlandırmışıq. Axı, bir ömür sevəcəyim insanla görüşməyimə səbəb o idi. Sevgimizin, yaşadığımız acıların şahidi olduğu kimi, xoş günlərimizin də şahidi edə bilmişdik onu. 
Bir zamanlar tənhalığımı bölüşdüyüm, sirlərimə ortaq etdiyim dənizdən öz əmanətlərimi geri almışdım. İllərlə arxasıyca göz yaşı axıtdığım həmin zabit bir daha heç vaxt əlimi buraxmayacağına əmin olduğum həyat yoldaşım idi artıq. Xoşbəxt ailəmiz, dəniz kimi mavi gözlü Dəniz qızımız vardı. Bir neçə aydan sonra doğulacaq körpəmizə də ad seçmişdim. Raufa hələ deməsəm də, doğulacaq qızımın adını xoşbəxtliyimizə səbəbkar olan Günəşimizin şərəfinə Şəms qoymağı düşünürdüm. 
Bəli, bəli, bir zamanlar gözəlliyinə həsəd apardığım, Raufa qısqandığım həmin qız, indi mənim –ömründə heç bir rəfiqəsi olmayan Afətin ən yaxın rəfiqəsi idi. Bütün sirlərimi onunla bölüşür, hər işdə onunla məsləhətləşirdim. Raufun məndən daha çox dəyər verib, qəlbində ona xüsusi yer ayırdığını düşünüb, sevgisini məndən oğurlayacağını zənn etdiyim qız, indi qəlbimdə özünə elə yer etmişdi ki, Rauf özü də mehribançılığımızı qısqanmağa başlamışdı. 
Rauf haqqında bilmədiyim çox həqiqətləri Şəms mənə danışdı. Anası ilə görüşməyimizi də, ölkəni tərk edəcəyimi də Raufa Şəms xəbər veribmiş. Arxamca aeroporta gəlib məni dayandırmaq, yarı yoldan qaytarmaq üçün hərbi hissəni iznsiz tərk edən zabitin məsuliyyətə cəlb olunmasına onun qədər həyəcan keçirən, üzülən, göz yaşı axıdan ikinci insan olmamışdı bəlkə. Raufu məsuliyyətə cəlb edilməkdən, az qala həbsxanaya düşməkdən xilas edən də elə Şəmsin atası olmuşdu. 
Raufla ailəsi arasında uzun illər davam edən gərgin, incik münasibətlərə də son qoya bilmişdim. Atası məni doğma qızı kimi sevir, övladlarından ayırmırdı. Anasına gəldikdə isə, evdə onun qədər qayğıma qalan, nazımı çəkən yox idi. Onun timsalında bir ana qazanmışdım özümə. Valideynlərimin yoxluğunu heç vaxt hiss etdirməzdilər mənə. Rauf işdən gec gələndə, ya da aramızda kiçik söz-söhbət olanda oğlunu tənbeh edər, həmişə də mənim tərəfimi saxlardı. Məni hər zaman himayə edən, qoruyan nənəmi də Dənizimin nənəsində tapa bilmişdim.
Anam demişkən, təyyarədə bir tayını itirdiyimi zənn etdiyim həmin sırğaları anamdan, nənəmdən bir xatirə kimi saxlayıram, qulağımdan çıxarmıram. Sən demə, qapı ağzında vidalaşarkən, sırğa qulağımdan açılıb anamın çiyninə saldığı şalına ilişibmiş. Təhsil aldığım müddət ərzində anam hər dəfə mənim üçün darıxanda onu ovcuna alar, sanki məni əzizləyirmiş kimi əzizlərdi. Mənim üçün son dərəcə dəyərli olan bu sırğaları  mən də on səkkiz yaşı tamam olanda qızım Dənizə hədiyyə edəcəm.
─Ana! Bax! –Qızım əlində tutduğu zanbaqla qarşıma qaçdı.–Gör, nə gözəldir! 
─Hə, canım, gözəldir. Sənin kimi gözəldir, –deyib qızımın mənə uzatdığı çəhrayı zanbağı əlindən alıb üzündən öpdüm. 
─Atamın əlində yenə zanbaq var, –deyə qızım yenidən əlimdən dartınıb bir qədər aralıda dayanmış atasına tərəf qaçdı. 
Rauf boynuna sarılan qızımızı qucağına alıb mənə yaxınlaşdı. Əlindəki zanbaq dəstəsini mənə uzadıb çiyinlərimi qucaqladı. Ata-balanın üzümə toxunan isti nəfəsi, əllərinin hərarəti, yanaqlarımdakı öpüşləri bir qadının, bir ananın xoşbəxtliyinin ifadə olunmayacaq sözsüz kəlmələri idi.
Hə, bir də sevgimizin şahidinə, elçisinə çevrilən bu zanbaqlar... 
 

Şərhlər