“Kaş ki, xəstəlikdən də yetim qalaydın, Kənan...” - Yazıçının evindən reportaj - FOTOLAR
06.08.2015 14:00 YazarKlub 4419
“Anamı yandıran oydu ki, məni üfləyə-üfləyə, ovcunun içində saxlamağına baxmayaraq, sarılıq xəstəliyindən qoruya bilmədi...”.
Bunu mən yox, Kənan Hacı deyib. “Yaddaş kartı” avtobioqrafik kitabında yer almış “Kənd həkiminin qəmli hekayəti”ndə.
Hər zaman müsahibə götürməyə gedəndə əvvəlcədən, beynimdə ən azından nədən və necə danışacağımı götür-qoy edirəm. Amma bu dəfə tam fərqli oldu. Boğazımda qəhər elə düyünlənmişdi ki, danışa biləcəyimə belə şübhəliydim. Xəstəliklə qol-boyun olmuş insanları, xüsusilə də dəyərli insanlara görməyə tabım heç yoxdu. Ümidim İlhamə xanıma qalmışdı.
Kənan Hacı qapıda özü qarşıladı bizi. Onu ayaq üstə görməyə çox sevinsəm də 55-60 yaşlarında yorğun kişi görkəmindən çox məyus oldum.
Bapbalaca darısqal evlərində elə böyük ürəklə qarşıladılar ki, sanki saraya düşmüşdük. Zatən saray idi. İki dəyərli, gözəl insanla bərabər qiymətsiz kitabların bulunduğu saray...
İlhamə xanım təkidlərimə baxmayaraq, balaca mətbəxinə qaçır, çay qoyur, nəsə hazırlayır. Mən də fürsətdən istifadə edərək onunla söhbətə başlayıram. Çünki o, çox fədakar qadındır.
“Bəlkə də inanmayacaqsınız, amma mən Kənanı 15 yaşım olanda yuxumda görmüşdüm. Yuxuda onu mənə göstərmişdilər və “Sənin qismətin bu oğlandır” demişdilər. “Ondan başqa heç kimlə ailə qurmayacaqsan”. Qəribə yuxunun təsirindən neçə gün çıxa bilməmişdim. O oğlanı tanımırdım, heç vaxt rastlaşmamışdım. Zaman keçdi və yuxum çin oldu, Kənanla ailə qurduq. Bizim talelərimizdə oxşarlıqlar çoxdur. Atalarımızın, əmilərimizin adı, doğum günlərimiz belə eynidir. Kənan deyir ki, kaş atam sağ olaydı və səninlə evləndiyimi görəydi. Çünki atası həmişə onun dağlı qızı ilə ailə qurmasını arzulayırmış”.
Kənan bəyin yerini rahatladığını görüb söhbətə onunla davam edirəm. Ancaq yorğun və aram səslə danışmağa başlayır:
“Virusa nə zaman yoluxduğumu dəqiq bilmirəm. Ancaq 2008-ci ildə müayinə zamanı öyrəndim ki, Hepatit C daşıyıcısıyam. Düzü ilk əvvəl heç anlamırdım ki, bu, nə xəstəlikdir. Xəstəliyimdən xəbər tutan yaxınlarımın reaksiyalarından sonra xəstəliyin ciddiyyətinə vardım. Amma yenə də nə olduğunu tam dərk etmirdim. İlhamədən soruşdum ki, mən xərçəngəm?! O, mənə toxdaqlıq versə də görürdüm ki, özü məndən çox narahatdır, təlaşlıdır. Günlərlə ağlayırdı”.
Buradan İlhamə xanım davam edir:
“Toyumuza lap az qalmışdı. Dəvətnamələri də artıq paylamışdıq. Toy bazarlığımıza gedəcəkdik. Ancaq gördüm ki, Kənanın vəziyyəti heç də yaxşı deyil. Ayaqları onu idarə etmir. Elə zənn etdim ki, ağ ciyərində problem var. Təkidlə Respublika klinik xəstəxanaya müayinəyə apardım. Vəziyyət o qədər ciddi idi ki, Kənan pilləkənlərdə müvazinətini itirib yerə yıxıldı. Müayinələrin cavabını alanda baxdım ki, Hepatit C bölməsinin qabağında “+” işarəsi qoyulub. Sevindim, elə bildim ki, xəstəlik çıxmayıb. Sən demə, yanılırammış. Həkimin “Allah özü sənə şəfa versin” cavabından sonra ayıldım. Həmən ərəfədə iş yoldaşımın qardaşı hepatitdən ölmüşdü. O anda sanki dünyam dağıldı. Əllərimizi üzümə tutub ağlamağa gücüm çatdı təkcə. Ancaq Kənana görə özümü ələ almalıydım, onu qorxuda bilməzdim. Axı onun məndən başqa kimsəsi yox idi. Dərdinə həyan olacaq, qayğısına qalacaq nə atası, nə anası, nə qardaşı, nə də bacısı vardı. Mən də onu elə ağır vəziyyətdə atsaydım, nə özüm-özümü bağışlayardım, nə də Allaha xoş getməzdi. Çox düşünmədən hər şeydən vaz keçdim, toy bazarlığı, cehiz filan gözümdə deyildi. Pulumuzu toplayıb dərhal müalicəyə başladıq. Toyda yığılmış pulları da götürüb Türkiyəyə getdik. İki min manatlıq dərman almışdıq. Ancaq bura qayıdandan sonra həmin dərmanları heç istifadə edə bilmədik. Bakıda getdiyimiz həkim bildirdi ki, həmin dərmanlara başlasaq, sona qədər o dərmanlardan istifadə etməliyik. Əks halda Kənan dərhal həyatının itirə bilər. Dərmanlar çox bahalı olduğundan həmin müalicəyə başlamadıq. Türkiyədən aldığımız dərmanları da zibil qutusuna atmalı olduq”.
Kənan bəy özü danışır:
“2010-cu ildə Türkiyəyə getdik, “Palmali” şirkətlər qrupunun vitse prezidenti İbrahim Nəbioğludan müsahibə götürürdüm. İlhamə də mənimlə bərabər getmişdi. Danışıq əsnasında İlhamə İbrahim bəyə xəstəliyim barəsində danışdı. Bakıya qayıtdıqdan sonra İbrahim bəy mənə zəng edərək bizi Türkiyəyə dəvət etdi. Bildirdi ki, şirkət tərəfindən müalicəm və əməliyyatım həyata keçiriləcək. Ancaq həmin ərəfədə sanki hər şey tərsinə baş verdi. Nə qədər çalışsaq da, hansı tərəfə əl atsaq da Türkiyə getməyə pul tapa bilmədik”.
İlhamə xanım davam edir:
“Qızıllarım vardı o zaman, çalışdım ki, satım, yol pulu edək. İnanın ki, bu da alınmadı, sata bilmədim. Bankdan kredit çəkmək istədik, o da alınmadı. Sanki hər tərəfdən yolumuz bağlanmışdı”.
Otaq sərin olsa belə Kənan Hacının libası danışdıqca su içində qalırdı. Hiss edirdim ki, çox otura bilmir, taqəti danışmağa zorla çatırdı. İlhamə xanımdan Kənan bəyin indiki durumunu soruşuram.
“İşləməyə taqəti yoxdur. Azacıq yol yeriyən kimi başı hərlənir. Halsız tər basır bədənini. İnanın ki, səhərə qədər ağrıdan zarıyır, bütün bədəni ağrıyır. Qorxuram ki, qarın boşluğuna su yığılar Bədənini, xüsusilə də ayaqlarını ovuşdurmağımı istəyir. Qollarım yorulsa da hiss etdirmirəm ona. Mümkün qədər daha çox qayğısına qalmağa çalışıram. Kənan hər tərəfdən yetim qalmışdı, kaş ki, xəstəlikdən də yetim qalaydı. Ən qorxduğum üç xəstəliklərdən biri Hepatit C idi. O da başımıza gəldi. Ancaq təsəlliedici bir məqam var ki, imkanlarımız xaricində olsa belə bu xəstəliyin müalicəsi var. İmkanım yoxdur, deyə Kənanın göz görə-görə məhv olmasına izin verə bilməzdim. Düşündüm ki, bu barədə mütləq mətbuata xəbər etməliyəm. Dostlarla məsləhətləşdik və onların dəstəyi ilə mediaya müraciət etdik”.
Bu məqamda Kənan bəyin gözlərində özündən ixtiyarsız iki damcı yaş gilələnir. Danışmağa başlayır:
“Bu müraciət mənim üçün çox ağır idi. Amma gördüyüm reaksiya məni o qədər xoşbəxt edib ki, təsəvvür edilməsi mümkünsüzdür. Mən anladım ki, ətrafımda dost dediyim insanlar, sözün həqiqi mənasında can dostları, dar günün dostları imiş. Mənimçün maddiyatdan da öndə mənəviyyat dayanır. Bu günlərdə dostlarımdan gördüyüm mənəvi dəstək mənə bir ömür bəs edər. Çox xoşbəxtəm. Xoşbəxtəm ki, İlhamə kimi vəfalı, qayğıkeş həyat yoldaşım və sizlər kimi dostlarım var”.
Xəstə canıynan, şəraitsiz və çox darısqal, özünün belə olmayan quş damından seçilməyən evində dost sevgisiynən xoşbəxt olmağı bacaran Kənan Hacının son sözlərindən o qədər təsirləndim ki, daha davam edə bilmədim. Bayıra qaçmağa, doyunca hönkürməyə tələsdim...
Məni ötürməyə çıxan İlhamə xanımın kandarda dediyi “Kaş ki, Kənan xəstəlikdən də yetim qalaydı...” sözlərini isə ömrüm boyu unutmayacağam.
Şərhlər