Kəpəz Pənahlı - "Qarışqa yuvası"
04.06.2015 23:18 YazarKlub 1634
Reaksiya.Az saytı "YazarKlub" layihəsində Kəpəz Pənahlının "Qarışqa yuvası" yazısını təqdim edir:
İşdə yer metlakla döşənib. Altı torpaqdır. Bir küncdə, metlakların arasında balaca bir torpaq yığının üzə çıxdığını gördüm. Yaxınlaşıb gördüm ki, qarışqalardır. Yerin altından yerin üzünə qazdıqları torpaq qırıntılarını daşıyırdılar. Heç biri boş çıxmır, heç biri də boş durmur və bir-birinə mane də olmurdu. Hər biri ağızlarında öz bədənlərinin dörddə biri qədər balaca torpaq kəltəni ilə çıxırdılar. Nədənsə hamısı torpağı yuvanın bir tərəfinə daha çox yıığırdılar. Şimal tərəfə - ki, bu da instinkdir. Bəs niyə "nədənsə" dedim? Bizim yarımkürədə "Şimal" calılar üçün "soyuq" anlamı daşıyır. Cənub isə isti. Torpaq təpəciyi şimal tərəfdə ona görə artırdı ki, soyuğa qarşı istehkam rolunu oynasın. Yuvanın həmin şimal tərəfində isə yenə iki qarışqa vurnuxurdu. Diqqətlə baxanda gördüm ki, onlar da ələrinə nə keçir şimal tərəfə - özlərindən gediyə - daşıyırdılar. Çünki yer altından gələn qarışqalar həm yorğun olurdu həm də yubanmasın deyə tez torpaq kəltənini atır dəliyə doğru qaçırdılar. Bu iki qarışqa isə onların yarım qoyduqları işi tamamlayırdılar.
Birdən yanımda süpürgəçi qadın peyda oldu. Salamlaşdıq - qorxmağa başladım. Kapron süpürgəsini və ağzı enli xəkəndazını qara sellofanından çəkib çıxartdı. Yeri süpürə-süpürə yuvaya yaxınlaşırdı. Az qalmışdı. Qarışqalarsa öz aləmlərində; kəltənləri atıb yuvaya qayıdırdılar - iş səngimirdi. Utanmadım, dedim ki:
- Xala, bəlkə oranı süpürməyəsən?
- Nöş?
- Bu yuvanı yenicə qururdular, bəlkə yan-yörəsini süpürüb oranı saxlayasan?
- Bıy allah ürəyinə görə versin, a bala (güldü).
- Sağol xala - dedim; alındı yəqin.
Xəkəndazı yuvanın cənubuna qoyub yuvanı Şimaldan Cənuba süpürdü! Xəkəndaz içində torpaq, torpağın içində bayaqkı fəhlələr çabalayırdılar. İlahi! Bir süpürgə daha. Ortalıq toz-duman oldu. Yerdəki qarışqalar hara gəldi qaçırdılar. Molotofları partlamayanda geri qaçan gənclər kimi.. Sonra baxdım ki, mən də toz-torpağın içindəyəm. Vasvasılıqla üç-dörd addım kənada çəkildim. Xala getdi. Ortalıq sakitləşdi. Yuva ağzı tər-təmiz idi – bir qarışqa belə qalmamışdı. Elə paltarımı yenicə çırpıb təmizləyirdim ki, gördüm yuvanın ağzında nəsə tərpəniş var. Bir qarışqa çıxdı, torpaq qırıntısını atıb yuvaya qayıtdı. Ardınca biri, o biri, digərləri və hamısı...
Şərhlər