Ölülər ekrandan zibil əndərir - Rüfət Əhmədzadənin şeirləri

04.06.2015 23:53     YazarKlub     1817

Reaksiya.Az "YazarKlub" layihəsində Rüfət Əhmədzadənin bir neçə şeirini oxuculara təqdim edir: 

 

Son dua

(Oğlum Mətin üçün)

 

Allahım, bir az da yaşayım, nolar!
Gör hələ nə qədər borc verməliyəm.
Valideyn borcunu qaytarmalıyam,
Borcuma şəriklər böyütməliyəm.

 

Sənə borcum elə quru canımdır,
Bununla iş bitsə, nə dərdim qalar?
Yerdəki tanrılar kabinetindən
Bizimçün gündə bir xərac uydurar.

 

Səninçün cihad da alverdi, alver!
Can alar, can satar siyasətbazlar…
Bir də boynumuzda Vətən borcu var,
Bu borcu kasıba bağışlamazlar!

 

Oyuna düşmüşük, əcəb oyuna…
Sənə də oyunmu gəlirlər, bəlkə?
Heç düşünürsənmi, bəzək içində
İnsanlar acından ölürlər bəlkə?

 

Ən pis aclığımız ruhumuzdadır,
Bizi qorxaq edir, yem edir qurda.
Ay Allah, torpağa gömülmək nədir…
Nə qədər ölülər gəzişir burda.

 

Ölülər toy edir, gəlin köçürlər…
Ölülər məktəbə uşaq göndərir.
Ölmədən vətənə xidmətmi olar?
Ölülər ekrandan zibil əndərir.

 

Bu qədər zibilin içində diri
Tapmaq çətin olub, çətin, ay Allah!
Mən özüm ölmüşəm, götürənim yox…
Elə et, bilməsin Mətin, ay Allah!

 

11 may, 2015

atam Seyidəhmədin dəfn günü

 

Hədiyyə

Bir az özümdən qoparıb qoymuşdum
O hədiyyə qutusuna
– Ruhumun ən təmiz parçasını üfürə-üfürə.
Hər ehtimala qarşı,
əllərimdən belə toz hopar deyə.
 
Bir az da əzablarımdan var imiş,
Onlar məndən xəbərsiz qaçıb oturdular həmin qutuda
Salladılar ayaqlarını sırtıq dilənçi uşaqlar kimi.
Bir az da sevinclərim…
Utancaq, rüşvət üzü görməyən
bir elmi işçi balaları kimi
Qısılmışdılar qutunun küncünə.
 
Ən çox da ümidlərdi
Qutunun tam mərkəzində,
O üzüyün qaşında oturaraq
Sevinclərin, əzabların əlindən tutmuşdular…
Qarşımda necə xoş mənzərə vardı…
 
O dəniz sahilində
Gözlərimi üfiqə zilləyərək,
səni gözləyirdim mən.
Ümidlərim səni salamlayacaq…
Sevinclərim sənlə qanadlanacaq
Əzablarım səni görüb özlərini yığışdıracaqdılar…
Ruhumun ən təmiz parçası isə
Bu fürsətdə sənin ağuşuna atılacaqdı.
 
Əlbəttə ki…
Son mənzilləri dəniz olmasaydı.

27 yanvar 2015

 

Artist

…Və sənə aşiq oldum.

əvvəlini bilmirəm, unutmuşam.
Sonrasını düşünmək istəmirəm,
Bəlkə də…
Bəlkə də haqlıdırlar fədakar aşiqlərə lağ edənlər…
Mən sadəcə özümü artistliyə qoymuşam.

Əslində cilovlaya bilərdim özümü…
Laqeyd və soyuqqanlı keçərdim qarşından.
Gözlərimin soyuqluğundan qorxub qaçardın…
Yaxşı, bəs niyə indi alovundan qaçırsan?

Məsələn,
səni günlərlə görməyəndə titrəməzdi ürəyim….
Gördüyümdə isə həyəcanla “hardaydın,
Səndən nigaran qalmışdım” deməzdim.
Sonra adi bir tonla çaya dəvət edərdim…
Sənsə daha ikinci təklif olmaz deyə razılaşardın.

Sonra sənə rahat-arxayın danışardım keçmişimdən…
Nə qədər insanın qəlbini qırmağımdan öyünərdim.
Amma deməzdim heç vaxt…
İzah edə bilməzdim ağrısını…
Sevdiyim şəxsin ölüm xəbərinin.

Sənsə görərdin ki, həyatın başqa üzü də var…
Sənə ən uzaq sahil ovcunun içindədir.
Ya da ovcunun içi o qədər uzaqdır ki…
Hər dua oxuduqca,
səsin quyunun dibindən qayıdır.

Noyabr, 2014

Şərhlər

Çox oxunanlar