Yusif Hansen - Cibini güdənlər

05.06.2015 00:05     YazarKlub     1979

 
Reaksiya.Az "YazarKlub" layihəsində Yusif Hansenin "Cibini güdənlər" yazısını oxuculara təqdim edir:
 
İnsan kimdir? Maraqlı sualdır, elə deyilmi? Öz mənafeyi üçün yaşayan dardüşüncəli səfehmi yoxsa cəmiyyət üçün faydalı olmağa çalışaraq ümumi mənafelərin qorunmasına çalışanağıllımı?
Bizim balaca cəmiyyətimizdən yazmaq və fikrlərimi paylaşmaq istəyirəm. Gözümü açandan insanların yalnız öz mənafelərini düşündüyünün şahidi olmuşam. Bir insan təsəvvür edin. Düşməni saydığı qonşusunun evinin yandığına sevinən. Alovun onun da mənzilinə çatacağını düşünmədən. Bir insan təsəvvür edin. Tanıdığı şəxsin başına iş gəlir, susur və vecinə almır. O ki həmin iş öz başına gəlir tumanını başına qaldırır.
 
Fevralın 21-də manat devalvasiya olunanda yaşanan vəziyyəti xatırlayıram. Təşviş yarandı, sahibkarlar piştaxtadan ərzaq məhsullarını yığışdırdılar, mağazaları bağladılar. Ölkədə həyat bir neçə günlük dondu. Sonra isə nə oldu? Anbarlarda və vitrinlərdə olan texnika, məişət avadanlıqları, komputer və mobil telefonlar, avtomobillərin üzərinə 35% gəlməklə yeni qiymətə təklif edilməyə başladı. Bəs adama deməzlər ki, bu mallar zamanında dolların ucuz vaxtında gətirilmişdirsə, ay şərəfsiz, niyə bəs əlində olanın üzərinə 35% əlavə edirsən? Bunun tək 1 səbəbi var. Daha çox qazanc, mənfəət əldə etmək, acgözlük. Bunun üstünə olsun 10% qoyarlar, daha 35% yox ki.
 
Gündəlik həyatda ən çox qarşılaşdığım situasiya. Parkda oturanda yanındakı şəxsin fikrini almadan burnunun dibində siqaret çəkməsi, kitab oxuyanın yanında ucadan deyib-gülməsi. Özü də maraqlı olan odur ki, siqareti yanındakı şəxs tərəfə tutmayıb yanında olan kənar şəxs tərəf saxlamaqlarıdır.
 
Bakının dar küçələri ilə gedərkən insanların qarşılaşması. Arxada gələn insanlara fikr vermədən yolun tən ortasında dayanıb bir-biri ilə söhbət edirlər. Yolu tutub digərlərinə mane olmaq. Özü də təsəvvür edin ki, hər iki qarşılaşan tərəf ailə olsun. Utanmadan 9-10 nəfər yolu kəsir. Elə bil ki digər insanlar spidermandır.
 
İctimai yerlərdə, metroda qarşılaşdığım digər situasiya. Birinin telefonuna zəng gəlir, o da dayanır yolun ortasında, arxada gələn kütlənin qarşısının kəsir. Özü də bunu eskalatorun ağzında, metronun çıxışı və yaxud girişində edirlər. Hələ insanların çox olan, qarışqa kimi addım-addım gedilən vaxt dayanıb 2 rəfiqənin, dostun ürəyi gedəcək dərəcədə gülməsini heç demirəm.
Bütün qeyd etdiklərimin səbəbi isə çox açıq-aşkar bilinir. İnsanları özlərindən başqa qarşısındakılar maraqlandırmır. Nə qarşısındakının, nə millətin, nə də cəmiyyətin halı.
Bir vəziyyət təsəvvür edin. Göydən bir daş düşür. Qarşında da 1 nəfər gedir. Sən canını qurtarmaq üçün yan tərəfə atılsan, xilas olacaqsan. Amma qarşındakı xəsarət alacaq. Əlbəttə ki həm özünü, həm qarşındakını itələyib kənara atılsan hər ikisi xilas olacaq. Digəri üçün barmağını belə tərpətmək istəməyən isə anlamalıdır ki, zamanı gəlincə heç kim onun üçün də bamağını tərpətməyəcək.
İnsanın bir çıxış yolu var. Daima öyrənməyə meyl etmək, can atmaq. Dəyişmək heç zaman gec deyil. Düşüncə tərzinin inkişafı üçün isə hər zaman kitablar, xüsusilə də bədii əsərlər oxumaq, filmlər izləmək mütləqdir. Film sözünü gördükdə isə ağlına ilk olaraq 18+ filmlər gəldisə, sən düzələn deyilsən artıq.
 

Şərhlər

Çox oxunanlar