Sona Vəliyeva: “Cavid təxminən 30 yaşlarında türk dünyasına vəsiyyət yazıb”

24.12.2018 13:10     YazarKlub     1704

Azərbaycan Dillər Universitetində dahi Azərbaycan şairi Hüseyn Cavidin seçilmiş əsərlərinin özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə giriş sözü ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bildirdi ki, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyevanın, eləcə də digər Azərbaycan ziyalılarının təşəbbüsü ilə Özbəkistanda görkəmli şair Hüseyn Cavidin əsərləri təbliğ olunur: "Bu təbliğ gözəl bir əsər şəklində işıq üzü görüb. Bizim özbək qonaqlarımız nəşr edilən kitab şəklində Hüseyn Cavid dünyasına müraciət ediblər. Azərbaycan üçün Hüseyn Cavid müqəddəs şəxsdir. Cavidin nəşini Naxçıvana apararkən ulu öndərin orada söylədiyi nitq onun həm Azərbaycan mədəniyyətinə, həm də Hüseyn Cavid sənətinə verdiyi böyük qiymət idi. Bu gün Hüseyn Cavidin yaşaması Azərbaycan ziyalılarının, ədəbiyyatsevərlərinin, hər bir ailənin sanki mənəvi bir borcu kimidir."

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirdi ki, Hüseyn Cavidin özbək dilində seçilmiş əsərlərinin ilk təqdimatı Özbəkistanda Nizami adına Universitetdə keçirilib: "Onu qeyd edim ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov orada böyük bir tərcümə mərkəzi yaradıb. Azərbaycan ədəbiyyatını özbək dilinə, özbək korifeylərini isə Azərbaycan dilinə tərcümə etmək sahəsində onun çox böyük zəhməti var. Bu haradasa sovet dövründə sınmış olan ədəbi körpülərimizin bərpası deməkdir. Biz ruh, qan, dil, düşüncə birliyi olan xalqlarıq və müxtəlif zamanlarda bunu bizdən almağa çalışıblar. Azərbaycan və Özbəkistan müstəqillik qazanandan sonra bu əlaqələrin bərpası yolunda əziyyət çəkən insanlar olub və buna görə onlara minnətdarıq."

Sona Vəliyeva qeyd edib ki, Hüseyn Cavidin əlinə qələm aldığı gündən son əsərinə qədər yazdıqları Azərbaycan üçün idi: "Cavid təxminən 30 yaşlarında türk dünyasına vəsiyyət yazıb. O burada türkçülük, elm, din, ailə, böyüklərə münasibət, yəni həyatımızı əhatə edən əxlaqi, siyasi, ideoloji kateqoriyaları əhatə edən hər bir məsələyə türk övladının necə yanaşmalı olduğunu ortaya qoyub".

AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev bildirdi ki, Cavid haqqında danışmaq həm tarix, həm də müasir dövr haqqında danışmaq deməkdir. Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Babaxan Şərifov qeyd etdi ki, Hüseyn Cavid millətini sevən və bu yolda qurban olan bir şəxsiyyətdir. Tədbirin sonunda Türk Xalqlarının Ümumdünya Konqresi tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvləri Babaxan Şərifov və Atxambek Alimbekov, şairələr Şəhla Qasımova və Xasiyyət Rüstəmova, eləcə də Özbəkistandakı Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Samir Abbasov diplomla mükafatlandırıldı.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar