Tural Sahab - "Çörək oğrusu" - Hekayə

05.06.2015 23:07     YazarKlub     2224

Reaksiya.Az saytı "YazarKlub" layihəsində oxuculara Tural Sahabın "Çörək oğrusu" hekayəsini təqdim edir:
 
Bunu etməyi heç istəməzdi, həm də heç.... Ancaq məcburdu. Gecənin qaranlığında ölüm qoxuyan addımlarla küçələri gəzir, asanlıqla çörək əldə edəcəyi bir yer axtarırdı. Göyün üzü açıq olsa da, ulduzlar görsənmirdi. Bu şəhərdə sonuncu dəfə ulduzu haçan görmüşdü, görmüşdümü?!- bilə, bilmirdi...
 
 Qəlbində şeytan və Tanrının elçisi olan vicdanı mübarizə aparırdı, ancaq bu mübarizədə onun evdə ac- çörək gözləyən iki körpəsi də şeytanın tərəfində idi. Yəni evə çörək aparmamaq kimi bir şansı yoxdu. Həyatında oğurluq etməmişdi, heç vaxt.... Ancaq bu gecə fərqliydi, bu gecə məcburdu. Aylar öncə işlədiyi tikintidə işlər dayandırılıb, bütün işçilər işdən çıxarılmışdı. Nəymiş?- sən demə bina yanlış yerdə tikilirmiş, bu ərazidə bina tikmək olmazmış. Bu qədər iş görüləndə bunlar harada idi, görmürdülərmi burada ev tikmək olmaz? Ancaq bütün bunlar ona təəccüblü gəlmirdi. Çünki bu cəmiyyətdə su xətləri asvalt çəkiləndən sonra yada düşür, ustalara bəzən evi tikəndən sonra xatırlayırdılar ki, sən demə evə qapı da qoymaq lazımmış....
 
 İşdən çıxandan sonra nə qədər çalışsa da yeni iş tapa bilmədi. Əlində- ovucunda olan nə varsa da xərclənmişdi. Onun üçün bu gecə oğurluq etməli, evdə onu gözləyən uşaqlarına çörək aparmalı idi. Bu fikirlərlə küçələri dolaşarkən birdən uca minarələrindən ətrafa işıq saçan məscidi gördü. Vicdanı ona Tanrının salamını çatdırdı. Nəsə qəlbində bir ümid doğdu. Yəqin ki, məsciddə kimsə olar deyə düşünüb, ora doğru addımladı. Böyük məscidin qapısı açıqdı, içəridə də işıqlar yanırdı. Gecə olmasına baxmayaraq bir neçə adam oturub quran oxuyurdu. Utana- utana içəri daxil olub salam verdi. Evdə uşaqlarının ac olduğunu, ondan çörək gözlədiklərini söylədi. Ancaq içəridəkilər ona inanmadılar. Biri : “ cavan oğlansan, niyə işləmirsən?” deyə onu məzəmmət etdi. Başqa biri bahalı ayaqqabılarının oğurlanacağından qorxub, tez məscidin girəcəyinə- qapının ağzında olan ayaqqabı şkafına tərəf yönəldi. Bir digəri də daha da irəli gedib, onu küçələrdə tüfeyli həyat yaşayan səfillərdən adlandırdı və məsciddən qovdu.
 
Elə o an şeytan onun vicdanını- Tanrısının elçisini öldürdü. Ancaq nədənsə heç təəccüblənməmişdi bu olanlara. Elə qonşusu Həci Məmməd düz on dəfə həcc ziyarətində, onlarca dəfə isə ümrədə olmuşdu. Ancaq qapı bir qonşusunun evdə acından ağlayan uşaqlarının səsini eşidə bilmirdi. Soruşsan özünü haşa, Allahın bacısı oğlu adlandıracaq. Biri çıxıb deyəndə ki, ay həci bir dəfə getdin də həccə bəsdi, indi bir acı doyur, bir yetimi geyindir. Kirmişcə yolunu dəyişdirib gedəcəkdi. Allahın evindən dönərkən çox şeylər keçdi ağlından. Daha oranın Allahın evi olduğuna inanmırdı. Nə olsun ki, Allahın adı çəkilirdi. İnsanlara bu qədər məscidi, kilsə və sinaqoqu tikməyi Allahmı, əmr etmişdi görən?! Bu qədər ac, evsiz insan varkən Tanrının bu evlərə həqiqətən ehtiyacı vardımı?. Allahın evi qəlblər könüllər deyildimi?! Yəqin ki, yenə insanlar Tanrını Yanlış anlamışdılar.
 
 Indi ona şeytanın sözləri çatırdı. “ Bax, o qabaqdakı dükanı görürsənmi, bir daş götür yerdən və sındır şüşələrini. İçəridə çoxlu çörək var” Şeytanın sözlərinə əməl etdi. O gecə uşaqlarının qarnı doydu, tox yatdılar. Ancaq sabah tezdən polislər onu tutub apardılar.  Kürəkənin tutulduğunu eşidən qayınata gəlib qızını rayona- evinə apardı. Uşaqları istəmədi. Qızı nə qədər ağlasa da xeyri olmadı. Uşaqları verdilər kimsəsiz uşaqların olduğu bir yerə.
 
 Bütün bunlar olarkən isə, onu həpsxana həyatı gözləyirdi. Bu həyat heç asan olmayacaqdı. Elə ilk gün bunu anladı.  Beş nəfəri öldürüb, ömürlük cəza alan biri ona xox gəlib, buranın sahibi olduğunu dedi və ilk iş olaraq ayaqqabılarını silməsini istədi. Bura gəlmədən öncə bir neçə gün  başqa yerdə saxlanılmışdı. Yəni, arvadının uşaqlarının başına gələnləri bilirdi. Bu cəhənnəmdən beş il çıxa bilməyəcəyini də ....
 
Dükan sahibi vicdanını unudub, minlərlə manat ziyana düşdüyünü demişdi. Onun üçün ömrünün ən gözəl beş ilini burada keçirməli olacaqdı.
   Sinəsinin qılları köynəyindən çölə çıxmağa can atan bu yekəpər əmrini təzələdi : “ sənə deyirəm tez ayaqqablarımı sil, yoxsa səni cücə kimi boğacam” Sakincə gülümsündü və baş üstə dedi. Qarşıdakı bir az arxayınlaşıb güldü və ayağının birini yaxınlıqdakı stulun üstünə qoymaq istədi, silinmək üçün. Elə o an gözlərinə  qaranlıq çökdü, yerə yıxıldı. Yerdəki stul başında sınmışdı. Başının üstünə gəlib, üzünə tüpürdü və dodaqlarından çıxan bu sözü oaradakı hər kəs eşitdi ...” şərəfi ilə yaşayan birini sındıra bilməzsən, alçaq”
 
Bu hadisədən sonra on gününü tək nəfərlik hücrədə keçirdi. Bu günlər ərzində çoxlu idman edir, qəlbində qalan sonuncu sevgi və mərhəmət qırıntılarını da nifrəti ilə boğurdu. Daha gözəl olan heç nəyə inanmırdı. İndi onun nə şeytana, nə Tanrıya ehtiyacı vardı. Yalnız və yalnız güclü olmaq, canını acıdan hər kəsdən intiqamını almaq istəyirdi. Buz kimi betonun üzərində yatarkən ağlından nələr keçmirdi....
 
Uşaqlıqda onun topunu kəsən dükan sahibini, qardaşı olmadığı üçün üç qardaş birləşib, onu döyən- kəndin yuxarı tərəfində böyük evdə yaşayan Mamedin uşaqlarını, dördüncü sinifdə ona “ yox “ deyən o yaşıl gözlü qızı daha kimləri, kimləri... hər birini öldürmək istəyirdi, hətta ona sünnət edən həkimi belə canını acıtdığı üçün cəzalandıracaqdı. Həkim əməliyyatı yanlış aparmış və nəticədə o, aylarca yataqda qıvranaraq yatamaq məcburiyyətində qalmışdı. İndi buz kimi betonda onu donmağa qoymayan, isidən nifrəti idi. Yata bilmirdi gecələri. Gözlərini yuman kimi qantər içində oyanır, xatirələr tikan kimi batırdı ruhuna...
 
 On günündən  otağa gələndə daha əvvəlki- hər kəsin gülərək baxdığı insan deyildi.  
 
Oradakıların hər biri qorxu içində onun davranışlarını izləyirdi. Yekəpər də otaqdaydı. Sakitcə ona yaxınlaşdı “ sən ayaqqabılarımı silməyəyə belə layiq deyilsən, ancaq ayaqladığım yeri öpə bilərsən...” dedi. Yerindən tərpənmək istəməyən yekəpərə bu dəfə bir sillə dəydi.
 
Tez diz çöküb yerdən öpdü. Sanki oon gün öncə o yekə- yekə danışan bu deyildi. İnsanları ya qorxudacaqdın, ya qorxacaqdın onlardan. Bunun üçüncü bir yolu yoxdu. Bura girməmişdən öncə hər kəsdən, hər şeydən qorxurdu. İndi isə buradakılar ondan it kimi qorxur, qabağında işləyirdilər. Çöldə bu qədər pulu heç vaxt bir yerdə görməmişdi. İndi isə əli pul ilə oynayır, getdikcə güclənirdi. İllər keçdikcə hətta çöldə də bəzi işləri gördürə bilirdi.
 
Beş il çətin olsa da keçmişdi. Keçmişdi, ancaq onunun ruhunu, qəlbini də özü ilə aparmışdı. Buradan çıxanda bahalı bir maşın gözləyirdi onu. Və özü kimi, ancaq qorxaq adamlar. İnsanlardan intiqamını amaq üçün tələsirdi. Buradan elə o gecə çörək oğurladığı dükana gəldi. Maşını bir az aralıda saxlayıb içəri daxil oldu. Dükan sahibi yerində əyləşmişdi onu tanımadı. Heç o, da özünü tanıtdırmaq ehtiyacı duymadan, belindəki silahı çıxarıb atəş açdı. Neçə dəfə güllə səsi gəldi, bilmədi. Özünə gələndə kişinin axan qanı ayaqqabılarını isladırdı. Ordan tez uzaqlaşdılar. Əvvəlki kimi ələ keçirə bilmədilər onu, indi güclüydü. Uşaqlarını axtarmadı belə, güclü olsalar həyatda özlərinə yer edə biləcəkdilər. Zəif olsalarda elə ölsələr yaxşıdı. Buz kimi betonun üzərində ağlında tutduğu siyahını nəzərdən keçirdi. Oradakıların hər birini cəzalandırmadan təkrar gəldiyi yerə dönməyəkdi. Ölümdən qorxmurdu. Bütün insani hisslərini unutmuşdu.
İndi o, sadəcə bir qatildi, qatil.
 
 

Şərhlər

Çox oxunanlar