Mehri Mustafa - "Dənizin bu tərəfi"
06.06.2015 00:52 YazarKlub 2043
Reaksiya.Az saytı "YazarKlub" layihəsində Mehri Mustafanın "Dənizin bu tərəfi" hekayəsini təqdim edir
Xeyli vaxt idi ki, buralardan uzaqlaşmaq istəyir, gedəcəyi günü səbrsizliklə gözləsə də o günün hansı gün olacağını bilmirdi.
Hava heç olmadığı kimi tutqundu. Külək yer üzərindəki bütün qara-boz buludları qabağına qatıb qova-qova bu dənizin üstdə cəmləmişdi. Bununla belə axırıncı dəfə yağışın nə vaxt yağdığı da yaddaşlardan silinmişdi. Sahildən bir az aralıdakı torpaq cadar-cadardı.
Qaradinməz olan bu kəsin özünə xas xüsusiyyətləri də vardı. O, bəzən gecələri səndələyərək sahildə gəzişir, öz-özünə danışırmış kimi kimlərisə ucadan söyür, gündüzlərisə limana yaxınlaşan gəmini görənlərin çığırışa-çığırışa ona sarı qaçaraq bir parça çörək dilənməsi daim qəhqəhəsinə səbəb olurdu. Dilənən donuq gözlərin hər birində bir ümid qığılcımı da sezirdi. O ümid ki, mövcudiyyətdən əl üzüb gələcəyi gözləməyə kömək edir. İlğımtək həm var, həm də yox olan ümid buradakıların yeganə təsəllisi idi.
Qəribə bir yüngüllük duyduğu sahildə gəzişdikcə dalğaların məharətlə havaya qalxıb göyə doğru can atmasını özünün qaçmaq -azad olmaq arzusuna bənzədirdi. Üşüsə belə bu arzudan yanıb qovrulur, can verən xəstə kimi sonun nə ilə nəticələnəcəyini gözləyirdi. Gözləməksə onu rahat yaşamağa qoymurdu. Yan-yörəsində ora-bura qaçışan fəhlələr, onların yarım-yamalaq böyüyən uşaqları, boynubükük arvadları, üz-gözü qırışmış qarılar, beli bükük qocalar- hamı, hər kəs sonu gözləyirdi. Günlərlə ac olan bu kəslər yem üçün quduz it kimi hər dəlmə-deşiyə baş vurmağa hazır idilər. Buradakı hər bir sima kədərin ayrı bir çaları, doğan hər yeni gün hüzünlü bir başlanğıc, dünyaya göz açan hər bir körpə tükürpədici yoxsulluq demək idi. İlk əvvəllər çətin olsa da, artıq bu yaşantıya öyrəşməyən qalmamışdı. O da onlardan biri idi və dözürdü. Onun da istəyi nəzərə alınmamışdı. Axı onlar kim idilər ki? İnsanmı?
Yaşadığı bu şəhərin bir tərəfi möhtəşəmliyi ilə seçilsə də, digər tərəfdə giley-güzar, fəlakətlər, qəm-qüssəli simalar, ucuz ölümlər hakim idi. Şəhərin bir tərəfinə gur parlayan işıqlar, çılçıraqlı saraylar , digər tərəfinəsə şamla işıqlandırılan ütük daxmalar, yoxsul komalar səpələnmişdi. Bu şəhərin dənizi də ikiyə bölünmüşdü. Bu tərəfin payına bulanlıq, zir-zibilli, üfunətli, çirkab sular düşmüşdü. Və onlar da hər gün ötdükcə daha çox bu çirkabın içində itib-batırdılar. Bu məxluqlar, sözün həqiqi mənasında, müqəvvadan başqa bir şey deyildilər. Səhərdən axşama kimi əlləşən, taleləri ilə barışan, həyatın haradan gəlib hara getdiyini belə bilməyən müqəvvalar... Və onlar o biri tərəfdəkilərin əl-ayaqlarını yuduqları suları içdiklərinə də dözürdülər. Əslində, məsələ bunda deyil. Məsələ artıq xeyli vaxtdı yağış yağmadığından olan-qalan ağacaların qurumasında, təbiətin ölməsində də deyildi. Həm də ölən təkcə təbiət idimi?
Qeyri-təbii olaraq şəhərin iki hissəyə bölünməsi özü ilə qəribə qanunlar da gətirmişdi. Əgər kimsə ayağını sürüyə-sürüyə belə o tərəfə keçsə idi bir göz qırpımında içalatı oyulardı. Yalvarışlı səsə isə kimsə hay verməyə cürət etməzdi. Beləcə, bu sahildəkilərin gözlərinin odu alınmışdı. O tərəflərin isə ölümləri belə təntənəli idi.
O, qaçmağın kişiliyə yaraşan bir iş olmadığını anlasa da qaçmaq, bu tərəfləri tərk etmək istəyirdi. Ayda bir ya iki dəfə yolunu azaraq limana yanaşan gəmilərin biri ilə istəyini həyata keçirə biləcəyinə də arxayın idi. Artıq heç bir işə yaramayan qalaq-qalaq kitabların yandırılıb külünü göyə sovurmağın məqamı yetişmışdi.
Allah yaddan çıxarmışdı buraları... Buralarda ancaq və ancaq bədliklər, əzablar, xəstəliklər vardı. Sanki bu tərəfdəkilərin hamısı lənətlənmiş, həyat ətri üfunətə qarışmışdı. Bir vaxtlar pardaxlanan gül kolları da soluxub yerə yaslanmışdılar.
Nə zamansa insan olan o müqəvvalar əl-qol atıb xilas olmaq hissini də yadırğamışdılar. Əyilməkdən yerə dəyən başları hiyləgərliklə sığallandıqca onlar bellərinə qoyulan yükü ehmalca daşıyır, qabaqlarıana atılan qəpik-quruşla güzəranlarını keçirirdilər. Lazımsız varlıq olaraq bu tərəfə səpələndiklərini dərk etdiklərindənmi belə idilər?
Bir vaxtlar oxuduqlarını xatırladıqca özünün də o müqəvvalardan biri olduğunu dərk etdiyi anda dünyanın ən iyrənc varlığı olduğunu düşündü. Əllərini gözlərinin üstə qoyub göz işlədikcə uzanan o biri tərəfə baxdı. Orada səma mavi idi. Dənizin bu tərəfindəsə dünyanın o biri üzü yaşanırdı...
Şərhlər