Biz terrorçu, barbar, vəhşi deyilik... - “Ədalət carçıları”na mesaj

16.10.2020 21:10     YazarKlub     1106

Əsirlər sıraya düzülür, amansızca güllələnir...

Tanış səhnədir. Uşaqlığımız bu səhnələri izləməklə, dinləməklə keçib. Həmin hadisələrin üzərindən çox yox, cəmi 30 il keçib. Ermənistanın işğalçı, vandal ordusu bu vəhşilikləri Azərbaycanın dinc əhalisinə qarşı edib.

İndi isə dövr dəyişib, o vaxtı əzilən azərbaycanlılar bu gün şanlı dövrünü yaşayır. Əlində oyuncağı ilə torpaqlarından qovulan uşaqlar, əlində silahla tank üstündə şanlı dövlətin əsgəri olaraq öz kəndinə, rayonuna qayıdır. Bəli, Rəşadətli Ordumuz düşmənə ağır şəkildə cavab verir. Amma onların tərzində yox, müharibənin  şərtlərinə uyğun! Çünki biz terrorçu, barbar, vəhşi deyilik. Biz əsrlərdir tarix yazan, dövlət idarə edən şanlı və köklü TÜRKÜK!

Sosial şəbəkələrdə yayılan məlum videodan danışaq - erməni əsirlər sıraya düzülüb, edam edilir. Təəssüflər olsun ki, bəzi şəxslər buna inandı və yayılmasında rol oynadı. Əslində düşmənin məqsədi də bu idi – videonun yayılması!

Çox güman ki, bəzi “ədalət carçıları” həmin saxta görüntüləri əllərində bayraq edib, bizə qarşı istifadə edəcəklər. Buna təəcüblənərikmi? Əlbəttə, yox! Çünki illərdir biz buna şahid oluruq. Azərbaycana qarşı edilən soyqırıma susan dünya, ermənilərin qondarma soyqırım aktlarını təbliğ edirlər.

Ermənilərin bizə etdiklərinə baxsaq, o videodakından da artığını etmək bizim ən təbii haqqımızdır, amma biz heç vaxt düşmən belə olsa, əlibağlı insana qarşı zorakılıq etmərik. Bunu ermənilər də, həmin o “ədalət carçıları” da yaxşı bilir. Çünki humanistliyin ən böyüyünü dəfələrlə ermənilərə etmişik. İllərdir, hətta əsrlərdir bizə etdikləri vəhşiliyə baxmayaraq, biz onlara insanlıq göstəririk.

Biz insanıq, bizim davamız əliyalın insanlarla deyil, torpağımıza, vətənimizə göz tikənlərlədir!

Mahir Xəttab, jurnalist

Şərhlər

Çox oxunanlar