Nəsr, yoxsa nəzm? - SORĞU
15.08.2015 15:31 YazarKlub 6276
Görəsən nəzmlə nəsrin arasındaki incə cizgi nələrdir? Bir şair qəfil nəsrə keçərsə nəsə uğur əldə edə bilərmi? –sualına yazarlarımız necə cavab verdilər? Reaksiya.az qələm adamlarımız arasında keçirilən sorğunu sizlərə təqdim edir:
Şair Ədalət Salman hesab edir ki, nəsrin meydanı genişdir və yalnız nəzəri tələbləri var: “Nəzmin isə sərhədləri var və özünəməxsus fikir və poetik deyim tələb edir. Beliniski deyirdi ki, fikir və poetika gözəlliyi,-budur əsl poeziya...Bəlkə elə buna görədir ki, ədəbiyyata şeirlə gələnlərin bəzilərinə bu tələblər çətin gəldiyi üçün nəsrə keçməli olurlar...uğur qazanmalarını da zaman göstərər”...
Gənc yazar Şəfa Vəlinin fikrincə, həm nəsr, həm nəzmdə qələm sınamaq mümkündür: “Və ikisində də uğurlarım şükredəcək qədərdi. Nəzmlə nəsrin arasındakı sərhəd də, fikrimcə, yalnız bir incəlikdədi. O da insan daxilindəki duyğuların çırpıntısıdı. O çırpıntıdan asılı olaraq insan düşündüyünü, yaşadığını ya iki beytlə, ya da epopeya ilə çatdıra bilər oxucusuna”.
Şair İbrahim İlyaslı hesab edir ki, bir çox tanınmış nasirlərin nəsrə şeirdən gəldiyi bəlli bir həqiqətdir: “Hər nasirin içində bir şairanəlik yaşamalıdır zənn edirəm. Belə olanda yazıçının təhkiyəsi də gözəl olur. Nəsrin özəlliklərinə də vaqif olan bir şairin nəsrdə uğur qazanması təbii haldır”.
Yazıçı – dramaturq Firuz Mustafanın fikrincə bu keçiddə uğur da qazananlar olur, uğursuzluğa düçar olanlar da təsadüf edilir: “Hətta, hər iki janrda qiymətli əsərlər yazanlar da olur. (Məsələn, Hüqo, Puşkin, Lermontov) . Bu deylənlərə aid yenə onlarla misal, nümunə gətirmək olar. Nəzm daha çox hisslə, nəsrsə təfəkkürlə bağlı olur. Əlbəttə, bu bölgünü də Çin səddi hesab etmək olmaz.Hər halda qələmə alınması nəzərdə tutulan hadisələri nəsrlə daha qabarıq, daha miqyaslı, detallı, əhatəli, analitik,geniş vermək imkanı olur. Adətən, əksər yazarlar gənclik illərində şeir yazır sonra nəsrə keçer. Nadir hallarda isə qocaman nasirlər şeirə üz tuturlar. Qısası, mən bunu əsasən təfəkkür məsələsi, zəka və idrakla bağlı fenomen hesab edirəm. Söz yox ki, burada həyat təcrübəsinin, təxəyyülün, dövrün, daxili istəyin, istedadın da rolu danılmazdır”.
Şair Məmməd Dəmirçioğlu əvvəllər elə düşünürmüş ki, nəsr yazmaq nəzmdən qat-qar çətindir: “Şeir yazmağı isə könlün tələbi, Tanrının diktəsi hesab etmişəm. Şeiri hər zaman yazmamışam, gələndə, məni tut yaz deyəndə yazmışam. Amma son illər nəsrə keçid aldım. İndi anladım ki, nəsr yazmaq daha maraqlıdı. Bu keçidi etməyə azacıq cəsarət gərəkdi. İnsan daxilən zəngindirsə, madaqlı həyat yolu keçibsə, yaddaşında maraqlı xatirələr yaşayırsa, və düşündüyünü sözlə ifadə edib yaza bilirsə bu incə adlahdırdığınız keçiddən asanlıqla adlaya bilər. Bir sənədli povestim çap olundu, uğur qazandı. Hesab edirəm ki, nəzmdən nəsrə keçən yazarlar əla uğur qazana bilər. Amma nəsrdən nəzmə keçənlərin uğur qazanmasına rast gəlməmişəm”.
Şərhlər