SÖZün torpağına ruhum dən səpir - ŞEİRLƏR

15.08.2015 15:43     YazarKlub     3364

ÖMÜR GİLEYİ

Saçımın ağlığı üz qaraltmasın,
Saçımın ağlığı çoxalıb bir az.
Ömrümün üstünə bir il də gəldi,
Sinəmdə ürəyim yuxalıb bir az.

Bir vaxt at çapardı üzü dağlara
Köçlər daşdananda, ərlər-ərənlər
Nə çox bar gətirib bu il ağaclar,
Yaman azalıbdı meyvə dərənlər

Ömrümün əlindən tutub da gedir,
Səhərin doğması, günün batması.
Min ilin yükünü yola versə də,
Tutacaq bu kəndi ürəktutması.

GÖYƏRÇÜN DİLLƏRİN DUASI

SÖZün torpağına ruhum dən səpir,
Yaddaşım eydirir qan ağrısını.
Fikirlər yuxumu gözünə təpir,
Çəkir misra-misra can ağrısını.

Umudum boydadır Göyüzü mənə,
İçində baharın şəkli boy verir.
İslanmış nəğmədi payız buludu,
Altında ürəyim təkdi? - boy verir.

Səbrim yurd salıbdı iynə ucunda,
Ağrının gözündən can addadıram.
Dərdin gözlərinə sıxıb qanımı,
Ömrü nağıllardan yan addadıram.

Ahıma bükdüyüm ağrılarımı
Dəfn edib telimin bəyaz yerində,
Qərib nəğmələri səfə düzmüşəm
Durna səslərinin ayaz yerində.

Göyərçin dillərin duası yorğun,
Lal simin nəğməsi mizraba məzar.
Ləngəri yol yoran köç havaları
Oxuna-oxuna qəmimdə azar.

Bir ağrı daşıdım min ildən bəri,
Daş yonan səbirnən, sonuclu döznən.
Könlümün üstündə Tanrı duası,
Dilimin ucunda ilahi SÖZnən.


YADDAŞIM OXUMUR DURNA SƏSİNİ

Beləmi demişdim?..
Sındı gümanım,
Sınıqçı sağaltmaz ümid sınanda.
Üzü Göyüzünə, ağzı dualım,
Könül nə diləsin ümidsiz anda?

Ağ günə gün salmaz qara sevdalar,
Aşılmaz yolları qarlı, qovğalı.
Ağaran saçlarım nağıl dilidi,
Susmağı öyrədir baxtı-yığvalı.

Ağ saç kəfəndimi?
İlləri bükəm,
Anam da sağ deyil, bələk yollasın.
Dağlar götürməsə, ahımı yandır,-
Deyin durnalara, lələk yollasın!

Hələ ki payızı nəmişlik sıxır,
Bəxtim quraqlıqdı - dərd çiçək-çiçək.
Yaddaşım oxumur durna səsini,
Yolüstü gözümə sərçə şəkli çək.


ÖLÜRƏM SÖZ İÇİNDƏ

Qanımda köç havası,
Yol görünür gözümə.
Daha səbrim daş yonur,
Vaxt satıram dözümə.

Vaxtdan çıxa bilmirəm,
Haqqın əlində yaxam.
Sözüm üşüyən yerdə,
Məni soruşma, yoxam.

Ruhum yenə yol çəkir
Bu gecə yerdən göyə.
Ölürəm Söz içində,
Söz diri qalsın deyə.

MƏN GƏLMƏYİM, SƏN GÖZLƏ...

Könlüm cətir açıbdır,
İslanmaz fikrin catı.
Ruhuma sıgal cəkir
Sözün xoş salavatı.

Yol-izimə əl verir
Ayrılıgin salamı.
Keşikçisi səbrdir
Fikir adlı qalamın.

Qəm yedirdir yoxluğun
Könlümə yavan sözlə.
Ayrılıq nədir, öyrən...
Mən gəlməyim, sən gözlə.

ANAN ÖLMƏSİN, PAYIZ

Anan ölməsin, payız,
Nə gündədir üst-başın.
Ağaclar heydən düşüb,
Yönü göynəyir qışın.

Boşalmış yuvaların
Havası qəm oynadır.
Fikirlərim daranır
Sükutunda,- aynadır...

Köçdü köçəri quşlar,
Həmdəmindi sərçələr.
Torpağı bük xəzələ,
Bəlkə ruhun dincələ.


AYRILIQ DÖYÜR MƏNİ

,,Yenə qapım döyülür’’-
X. İsmayılqızı

Yolların ,,ağzı kəsmir”,
Dönüb paslı xəncərə.
Sükutnan kilidlənib
İçəridən pəncərə.

Soyuq fikrin bıçağı
Boğazlayıb yuxumu.
İsti təsəllilər də
İsitməyir ruhumu.

Ahnan qurduğum evdə
Sənsizlik əyir məni.
Yoxluğuna qapıyam,
Ayrılıq döyür məni.

YOLUN SƏSİMDƏN UZUN

Yolun səsimdən uzun,
Uzaqlığın xoş nağıl.
Qar üstündə gül arzum -
Dolu kədər, boş nağıl.

Sözüm özümə həyan,
İçimin yolları daş.
Baxtın qıl körpüsündən
Vaxt ötür yavaş-yavaş.

Sükutum sığmır sözə,
Səs çatmır varlığına.
Yoxluğunu dəfn etdim
Səbrimin darlığına.

GERÇƏK GÜNÜN HAVASI

İçimə sığmır daha
Piyada ağrılarım.
Dönüb mənə dost olur
Röyada ağrılarım.

Nağıl kimi yaşanır
Gerçək günün havası.
Xoş təsəlli gətirir
Boz sərçənin yuvası.

İtkilərə alışdım,
Gecikdim qorxmağa.
Daha yer də tapmıram
İçimdə darıxmağa.

İÇİNDƏN ASIB ÖZÜNÜ

İçindən asıb özünü,
fikrin yelləncəyində
xəyalnan oynadır sevincini.
Dərdnən silir əllərini
yeyib doyandan sonra içini.
Ömrünün içində üşüdükcə,
ahıyla yamadığı
qırılmış səsidir.

O vaxtdan
kədəri
ehtiyacın soyuğunda 
əllərini isidir.
 

Şərhlər

Çox oxunanlar