"O adı bilmək olmaz, sirrdir" - Rəşad Məcid
21.08.2015 13:33 YazarKlub 3934
Bu gün yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcidin doğum günüdür. Onun 51 yaşı tamam olub.
Reaksiya.az Rəşad Məciddən yaradıcılığı ilə bağlı müsahibə alıb.
-Salam, Rəşad müəllim? İlk öncə doğum gününüzü təbrik edirəm. Sizə hələ 51 il də yaşamağı arzu edirəm.
-Salam, çox sağ olun.
-Mümkün olsaydı, sizinlə bir-iki sual ətrafında danışardıq.
-Bu doğum günündə mənə zəng edib doğum günü təəssuratlarınızı bilmək istəyirik deyəndə heç xoşum gəlmir. İndi mən nə deyim, deyim ki, ad günümdə səhər yuxudan oyandım, filan-filan...
-Mən o jurnalistlərdən deyiləm və istəyirəm ki, doğum gününüzdə bir az əhvalı dəyişək, lirikaya köklənək.
-Buyurun o zaman.
-Yatağından ayrılıb gələn qızıl balıq Rəşad Məcidin hansı üç arzusunu yerinə yetirdi?
-Bu mənim şeirimdəndir və sevindim ki, şeirdən hansısa misranı yada saldınız. Həmin o “Qızıl balıq” mənim inanılmaz röyalarımı gerçəkləşdirib. Ancaq yerinə yetməmiş arzum daha böyükdür. Qarabağ, Şuşa, Laçın arzum və işğalda olan digər torpaqlarımıza qovuşmaq arzum bütün arzularımın fövqündə dayanır. Onu qeyd edim ki, 51 yaşımda mənə gələn ən birinci və ən dəyərli hədiyyə “Qarabağ” futbol klubunun vurduğu qol oldu. Dünən gecəki oyunda “Qarabağ”-ın vurduğu qol ürəyimdən oldu və bu qolu ad günümə ən böyük hədiyyə hesab etdim. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da yazmışdı ki, “Rəşad müəllim bu sizin ad gününüzə bir hədiyyə oldu”. İnanıram ki, Qarabağ bir həftədən sonra Bakıda da qələbə çalacaq və növbəti qrup mərhələsinə çıxacaq. Arzularımdan biri də odur ki, “Qarabağ” Ağdamda, “İmarət”də oynasın.
-Həyatınızda əsən qəfil küləyin zərərləri çoxmu oldu?
-Yox, deməzdim. Hər halda bir az iztirab, əzab verir, müəyyən qədər narahatçılıq yaradır. Ancaq sonu yaxşılıqla bitir.
-Rəşad Məcidin dilində çiçəkləmiş gözəl bir ad var. O adı bilmək olarmı?))
-Yox, yox, o adı bilmək olmaz. O ad sirrdir.))
-Şerilərinizin birində deyirsiniz ki, arzularım, xəyallarım bitib. Bu həqiqətdirmi, yoxsa ki, şeir xatirinə işlədilmiş ifadələrdi?
-İnsan ovqatının elə halı olur ki, hesab edirsən ki, heç bir yol yoxdur, hər yer qaranlıqdır, heç nə yoxdur artıq, arzular, xəyallar artıq bitib. O insan ovqatının müxtəlif hallarıdır. Müxtəlif təzadlı hallarım olur. Ola bilir ki, bir günün içində başqa-başqa ovqatda ola bilirəm. O şeir də həmin ovqatlardan birinin şəklidir. Əsas odur ki, bu gün o ovqatda deyiləm.
-Rəşad Məcidin yaşadığı 51 ildə “yaxşı ki” dedikləri çox olub, yoxsa “kaş ki” dedikləri?
-“Yaxşı ki”lərlə “kaş ki”ləri 50-50-ə hesab etmək olar.
-Həyatda kimə və nəyi uduzmusunuz?
-Bilmirəm, yəqin ki, zamana, vaxta uduzuruq. Zamanı məğlub edə bilmirik.
-Şairin həyatına kimlər və nələr xoş gəlib?
-Bütün xoş gələn nə varsa, xoş gəlib! 50 yaşından sonra baba oldum, nəvə qismət oldu mənə. O mənada da hər sevindirən, hər yeni ad bəxş edən, xoş ovqat bəxş edən nə gəlibsə, hamısını xoş gəlibsən, deyə salamlayıram.
-Şeirlərinizin birində də deyirsiz ki, “o mənə yazmayanda dəli oluram”. İndi də həyatda, sosial şəbəkələrdə elə biri varmı ki, sizə yazmayanda dəli olursunuz?
-Əlbəttə ki, var. Onsuz yaşamaq çətindir. Dünən 12-dən etibarən mənə təbriklər, ismarıclar gəlir. Bunların arasında mənim çox arzuladığım da var.
-Yazdığınız şeirləri oxuyanda bir məqamla rastlaşdım. Çox şeirinizdə tərəddüdlüsünüz ki, bilmirəm, mələksən ya iblissən. Hətta, birinin lap sonunu “Allahım, mələyim, iblisim” deyərək bitirmisiniz. Allahnan başlayıb iblisnən qurtarırsınız...
-İnsan xarakteri çox təzadlıdır və çox möcüzəvi, heyrətləndiricidir. Bu mənada da mən o obrazı yaratmaq istəmişəm. Bir insanın daxilində cəmlənmiş iblisi, mələyi, Allahlıq iddiasını o şeirlərdə göstərmək istəmişəm.
-“Adımızı eyni yerdə qeyd elə, ikimizə eyni mesaj yolla gəl” dediyiniz bir müəmmalı qarşılanan şeiriniz də var. Düzdür seirin sonrakı bəndlərində bunun bir zarafat olduğunu qeyd etmisiniz. Ancaq bilmək istərdim ki, Rəşad Məcid özü də nə vaxtsa belə edibmi?
-Ümumiyyətlə, müəmmalı şeirlərim çoxdur. Şeirlərimdə də insan hisslərinin ən müxtəlif qatları var. Sevgidən şahə qalxıb coşduğu, əzabın ən dərin qatlarında boğulduğu anlar var. O duyğular isə bütün fərqli halları ilə doğmadır, əzizdir. Gəncliyimdə, dünyanı hələ tam dərk etmədiyim vaxtlarda eyni mesajı üç yerə yolladığım da olub.
-Rəşad müəllim, siqareti xilaskarınız kimi təqdim edirsiniz. Ancaq sonradan tərəddüd edirsiniz ki, bəlkə də xilaskarınız həqiqətən də heç siqaret deyil.
-Siqaret obrazdır və şeirlərimin yaranması üçün də obraz olub. Amma həqiqətən də 17 yaşımdan bəri mənim siqaretsiz günüm olmayıb. O mənada da siqaret mənim həyatımın tərkib hissəsidir və eyni zamanda da məni əsəbdən, infarktdan, insultdan qoruyur. Həmçinin də səhhətimə zərəri, ziyanı çoxdur. Bu baxımdan o duyğular daha çox siqaretlə assosiasiya olunduğuna görə siqareti obraz kimi götürmüşəm. Hətta, o şeir yazılanda da bir nəfər yazmışdı ki, “bəxtəvər başına siqaretin, gör onu necə vəsf edirlər”. Hər bir qadın arzulayar ki, o şeirdəki kimi vəsf olunsun.
-Dünəndən bəri sizinlə hazırlanmış müsahibələrə nəzər yetirdim və demək olar ki, hamısında ciddi mövzuda danışıldığını gördüm. Ancaq mən istədim ki, sırf lirikaya gedək, sırf “ÇİYƏLƏK QADIN” kitabı ətrafında danışaq. Kitabla bağlı mənə qaranlıq qalan sonuncu məqama da aydınlıq gətirməyinizi xahiş edərdim. Niyə məhz çiyələk?...
-Uşaqlıqda dağda, kolların altından balaca dağ çiyələklərini toplayıb yeyirdim. Yediyim həmin çiyələklərin dadı hələ də damağımdan getməyib. O həyatım boyu unuda bilməyəcəyim tamlardan biridir. İndi də dağlara gedəndə həmin o çiyələklərin qoxusunu axtarıram. Amma təəssüf ki, o qoxunu tapmaq olmur. O dad da beynimdə qaldığına görə çiyələk qoxulu qadın obrazı yaranıb. Bu sözümü də qeyd etməyinizi istəyirəm ki, şeirlərimi oxumağın və söhbətimizi də məhz kitabın üzərində qurmağın mənə çox xoş oldu. Bunu əvvəldən bilsəydim, özümü ona kökləyərdim və rahat bir ortamda bu müsahibəni edərdik. Adətən saytdan jurnalsitlər zəng vurur ki, ad gününüz barədə təəsuratlarınız nələrdi. Deyirəm ki, ad günüdür də. Hər kəs ad günündə nə təəssuratları yaşayırsa, mən də eləcə. Bilmədim ki, mənimlə bam-başqa formada danışacaqsınız. Ona görə də istərdim ki, gələcəkdə şeirlərim barədə, ümumiyyətlə o hisslər, duyğular barədə geniş söhbət edək.
-Sonda istərdim ki, Tanrının sizə yazdığı ömür payının hər günündə çiyələk qadının qoxusuna, ətrinə oyanasınız.
P.S. "Reaksiya Media Group"un baş direktoru Zaur Qəriboğlu və saytın kollektivi Rəşad Məcidi doğum günü münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları diləyir.
Şərhlər