Vahid Aslan: “Türkiyədən təşrif buyurmuş kişilərin boynuna sarılan qadınlarımızı gördükdən sonra”...
08.06.2015 14:50 YazarKlub 2594
Belə işlərə görə dünya da bizə lağ edir...
Müsahibimiz şair – publisist Vahid Aslandır.
-Vahid müəllim, həm yazarsınız, heç də müəllim kimi fəaliyyət göstərirsiniz? Necədi, hansı çətindir, müəllimlik, yoxsa şairlik?
-Əgər məsuliyyətini dərk edirsənsə, hər iki sahə taleyüklü və məsuliyyətlidir. Fəaliyyətim zamanı, böyük CƏLİL MƏMMƏDQULUZADƏnin keçdiyi həyat yolunu örnək kimi qəbul etməyə çalışmışam. İstər yazar kimi istərsə də, müəllim kimi vicdanlı olmağa çalışmışam. Bir az da dəqiq ifadə etsəm, ƏSL İNSAN olmağa çalışmışam. O ki, qaldı sualın digər hissəsinə, ayrı-ayrılıqda götürdükdə şairlik üçün əsas meyar istedad və cəsarətdirsə, müəllimlik üçün də bilik və vicdan başlıca meyardır. Bütün bu keyfiyyətləri özündə birləşdirmək çox çətin məsələdir. Buraya mənsub olduğun mühitin və cəmiyyətin də doğurduğu çətinlikləri əlavə etsək, hər iki sahədə eyni zamanda uğur qazanmaq o qədər də asan deyil...
-Nələr çatışmır ədəbiyyatda? Niyə bu qədər hər şey ucuzlaşıb?
-İstedadsız adamların ədəbi mühitə və ədəbiyyatımızın özünə soxularaq, istedadlıları kölgədə qoymaları ön plana çıxıb. Onların zəncir gəmirən həyasızlığı və iddiaları qarşısında ədəbi mühitdə bir nizamsızlıq və anarxiya yaranıb. Bütün bunların qarşısında ədəbi tənqidin geri çəkilməsi müşahidə olunanda vəziyyət bir az da qəlizləşir. Vaxtilə mənim özümün də umduğum tənqidçilər var idi ki, gözləyirdim, kimliyindən asılı olmayaraq vəziyyətə müdaxilə edib istedadı olanların tərəfində dayanacaqlar... Bu baş vermədi. Necə deyərlər, uşaq sadəlövhlüyüm məni aldatdı. Bir sözlə, bu gün ədəbi tənqid ən zəif və ən utancverici yerimizdir...
-Türkiyə - Azərbaycan ədəbi əlaqələrindən danışaq. Bir az sizcə hansı səviyyədədi bu əlaqələr?!
-Bu sualı nə üçün verdiyinizdən dolayı anladım sizi, Oqtay bəy... Əslində bu gün bu məsələ ən çox danışılan mövzulardan biridir. Nədəni də odur ki, bir qrup adını "yazar", nə bilim "türkçü" qoyan insanlar başlayıblar Türkiyə-Azərbaycan ədəbi əlaqələri adı altında şou yaratmağa. Məsələnin mahiyyətinə varanda görürsən ki, bu ad altında qruplar yaradanlar istər Türkiyə tərəfdən, istərsə də Azərbaycan tərəfdən ədəbiyyatda elə bir ciddi uğuru olmayan, ədəbi mühitdə ciddi qəbul olunmayan adamlardır. Sadəcə onların ambisiyaları və iddiaları gördükləri işin keyfiyyətindən qat-qat yuxarıda dayanır. Məsələn, bu yaxınlarda bu qrupun Gennesin rekordlar kitabına düşmək üçün tərtib etdiyi antologiyanı görəndə insan Türk yazarı olmaq adına utanc hissi keçirir. Belə işlərə görə dünya da bizə lağ edir və gülür. Əslində belə işlərin iki qardaş ölkənin ədəbi, tarixi, mədəni əlaqələrinə o qədər də xeyri yoxdur. Bunu həm də Türkiyə tərəfin ciddi ədəbiyyat adamları da belə qiymətləndirir. Həmin qruplara xatırlatmaq istəyirəm ki, TÜRKÇÜLÜK bu ad altında manipulyasiya etməkdən çox-çox yuxarıda dayanan şərəfli bir missiyadır. Xahiş edirəm, bu ada xələl gətirən işlərlə məşğul olmasınlar.
- Vahid bəy, kimdir manipulyasiya edənlər? Bəlkə bu yaxınlarda keçirilən tədbiri deyirsiniz?
-Bəli, bu yaxınlarda həm Atatürk mərkəzində, həm də "Anar" şadlıq sarayında təşkil edilən tədbirləri nəzərdə tuturam. Hər iki tədbirə dəvət olunmuşdum. Atatürk mərkəzində təşkil olunan tədbirə getdim. ağız deyəni qulaq eşitmədiyindən və dəyirmi masada yerini rahatlamış "yazarları" müşahidə etdikdən sonra, eləcə də Türkiyədən təşrif buyurmuş kişilərin boynuna sarılan qadınlarımızı gördükdən sonra əsəbiləşərək tədbiri tərk etdim. Ümumiyyətlə, bu türlü tədbirlərə etiraz əlaməti olaraq, ertəsi gün şadlıq evində düzənlənən tədbirə getmədim. Mənim heç kimlə şəxsi qərəzliyim yoxdur. Lakin real olaraq, gördüklərimdən çıxış edərək bu qənaətə gəlirəm ki, hay-küylü tədbirlər olan yerdə ciddi ədəbiyyata dəxli olan əsərlər yarana bilməz. Ədəbi mühitdə yaxşı mənada fərqlənmək istəyənlər, ortalığa ciddi ədəbi məhsullar qoysunlar. Yoxsa, süni şəkildə “ədəbi əlaqələr yaradıram” - adı altında özlərinin iyrənc məqsədləri xətrinə şoular yapmasınlar. Qaldı ki, konkret adlarını çəkməməyimə, onları artıq hamı yaxşı tanıyır.
Söhbətləşdi: Oktay
Şərhlər