Büllur külqabı

15.09.2015 16:34     YazarKlub     3786

Bu gecə, onun burda keçirəcəyi sonuncu gecəsiydi. Sevincindən yata da bilmirdi. Yuxusu ərşə çəkilmişdi, elə bil. Həm də içində bir narahatçılıq vardı, görən sabah onu evdə necə qarşılayacaqdılar.Yerində qurcalanıb, əllərini başının altına qoydu, gözünü onsuz da qaranlıq olan otağın  tavanındakı  kiçicik bir nöqtəyə zilləyib, baxmağa başladı. Dustaq  yoldaşları, çoxdan yatmışdılar, aralarında bərkdən xoruldayanı da az deyildi. Düz beş il idi ki, bu xorultular altında yatırdı. İlk günlər, bu xorultular ona narahatçılıq yaratsa da sonralar, buna da öyrəşmişdi. Hətta xorultu olmayanda belə, narahat olurdu ki, görən  “ Naqan”  niyə xoruldamır?  “Naqan”, onun dustaq yoldaşı idi. Əlli beş illik ömrünün otuz iki ilini qazamatlarda keçirən  “Naqan”ın  adı Səftər olsa da, hamı onu belə çağırırdı. Bura düşəndə, ilk olaraq onu sorğu-suala tutan da elə “Naqan” olmuşdu. Burada onun bir sözünü iki eləməyə heç kim  cürət eləmirdi. “Naqan”, ciddi baxışları altında onu dinlədikdən sonra adını soruşmuşdu. Sonra ona, - Hə, incinar, başını sal aşağı, zamanını gözlə, -deyərək, söhbəti bitirmişdi. Elə həmin gündən də burda hamı onu “İncinar”  kimi çağırmağa başladı. Düz beş  il idi ki, o, həmin ada öyrəşmişdi.

Qolundakı saata baxdı, əqrəblər gecə saat üçü göstərirdi.Hələ qalxmağa düz üç saat vardı. Gözünü yumdu, amma gözündə yuxudan  əsər- əlamət yox idi. Əslində heç yatmaq da istəmirdi. Beş il idi ki, hər gecə eyni yuxunu görürdü. Öz həyat hekayəsi onu, yuxuda da rahat buraxmırdı. Artıq yuxuda gördüklərini, film kimi dəqiqliyinə qədər əzbər bilirdi…

Ramiz, uşaq evində böyümüşdü. İnternatı bitirən ili sənədlərini  universitetə versə də, qəbul ola  bilmədiyindən təmir-tikinti idarəsində çilingər kimi işə düzəldi. Bacarıqlı və işgüzar olduğundan burada hamı onun xətrini çox istəyirdi. Xasiyyətcə də çox mehriban və həlim idi. İnternatı bitirdikdən sonra hərbi xidmətə çağırıldı. Hərbi xidməti başa vurub, yenidən doğma kollektivinə qayıdıb öz işində çalışmağa başladı. Yataqxanada bir otaqda yaşadığı Hüseyn adlı dostu  onun kimi əsgərlikdən təzəcə gəlsə də,  başqa bir idarədə çalışırdı. Hüseyn, ali məktəbə qəbul olmaq üçün gecə-gündüz oxuyurdu. Onun bu xasiyyəti  Ramizə də siraət elədi, o da işdən gələn kimi kitabları qabağına töküb oxuyur, həvəslə qəbul imtahanlarına hazırlaşırdı. Hər ikisi universitetin qiyabi şöbəsinə, hətta eyni qrupa qəbul olanda, sevindiklərindən səhərə kimi yatmamışdılar. Bu, onun həyatında, səhəri dirigözlü açdığı ilk gecə idi. Artıq universitetin üçüncü kursunda oxuyanda, onu iş icraçısı işinə irəli çəkdilər, iki il keçmədi ki, sahə rəisi vəzifəsinə təyin olundu. İyirmi səkkiz yaşı olmasına baxmayaraq  işinin  öhdəsindən bacarıqla gəlirdi. Kollektivdə mehriban və işgüzar bir mühit yaratmağa nail olmuşdu.

… İş vaxtının çoxdan qurtarmasına baxmayaraq Ramiz  hələ də kabinetində idi. O, bu gün görülən işlərin sənədlərini gözdən keçirir və gələn həftə görüləcək işlərin planını tuturdu. Həmişə olduğu kimi, cümə günlərində işdən gec çıxırdı. Yorğun olsa  belə cümə günlərində  əhvalı həmişə yaxşı olurdu. Çünki şənbə-bazar günlərini  həyat yoldaşı Xalidə  ilə birgə keçirəcəkdi. Xalidə, onunla birgə internatda oxumuşdu. Bir-birilərini səkkizinci sinifdən sevməyə başlamışdılar. Həmin  vaxtlardan  şənbə-bazar günlərini birlikdə keçirməyə adət etmişdilər deyə,  bu gün də beləcə davam edirdi.  Adətən, istirahət günlərində gedəcəkləri tədbirlərin siyahısını çox vaxt  Xalidə  əvvəlcədən  tuturdu. Onlar həftədə bir dəfə teatra gedib, yeni  tamaşaya baxar, ya filarmoniyada keçirilən konsertlərə qulaq asar və yaxud da saatlarla qol-qola Dənizkənarı bulvarda gəzişməyi xoşlayardılar. Sonra da bulvardakı kafelərin birində yüngül  şam yeməyi  yeyib,  evlərinə qayıdardılar. Xalidə, musiqi məktəbində fortopiano müəlliməsi işləyirdi. Hər ikisi  aldıqları məvacibdən razıydılar, dolanışıqları da pis deyildi. Ən başlıcası, iki otaqlı mənzilləri  var idi. Üç il bundan qabaq Xalidə,  bu evə  gəlin köçmüşdü. Onlar  evə nə lazımdırsa alıb mənzillərini birlikdə bəzəmişdilər. İndi evlərində yaşayış üçün hər şey vardı, tək bir şeydən başqa. Çatışmayan o şey körpə səsi idi. Ramiz, bir neçə dəfə xanımı ilə birgə həkim müayinəsindən keçsə də, hələ   heç bir həkim onlara ürəkaçan bir xəbər demirdi. Həmişə  həkimlərin son sözü belə olurdu: “Şükür Allahın məsləhətinə, ümüdinizi üzməyin”. Artıq üç il idi ki, ümidlə yaşayırdılar. Ən çox da narahat olan Xalidə idi…

Kabinetin divarından asılmış zəngli saatın səsi onu qalxmağa məcbur etdi. Saat axşam səkkizi göstərirdi.  İki həftədən sonra məzuniyyətə çıxacaqdı deyə, bütün işlərini  qaydasına salmağa çalışırdı. Evləndikləri vaxtdan   məzuniyyətə Xalidə ilə eyni gündə çıxırdı. Bu da onların harasa  gedib, birlikdə dincəlmələrinə imkan verirdi. Xalidənin işlədiyi məktəbin direktoru  ona Kislovodskidə dincəlmək üçün iki nəfərlik putyovka düzəldəcəyinə də söz vermişdi. Məzuniyyətə hələ on gün var, - deyib, əlindəki sənədləri səliqə ilə masanın kənarına qoydu, kondisioneri və televizoru şəbəkədən ayırıb, kabinetdən çıxdı.

Məhəllələrinin yanındakı mağazadan evə lazım olan ərzaqları alıb, elə  təzəcə küçəyə çıxmışdı ki, kimsə onun qoluna toxundu:

-Salam, Ramiz, xoş gördük.

Çoxdan görüşmədiyi tələbə yoldaşını görən Ramiz də əlindəki ərzaq torbalarını yerə qoyub, mehribancasına Hüseynlə qucaqlaşdı:

-Hüseyn, xoş gördük. Necəsən, nə var, nə yox? Haralardasan?

Hüseyn, yarızarafat, yarıciddi şəkildə cavab verdi:

-Düz bir saatdır buralardayam, sənin yaşadığın binanı axtarıram, hələ dəqiqləşdirə bilməmişəm, yaxşı ki, özün qabağıma çıxdın.

-Niyə, tanımırsan ki? Sən  axı bizim evdə iki dəfə olmusan.

-Əvvəla, şəhərdə evlər elə sürətlə tikilir ki, dünən gəzdiyin küçə, bu gün sənə yad gəlir. İkincisi də, mən sənin evində nə vaxt olmuşam, eh…  düzü, heç yadıma da gəlmir. Hə, birinci dəfə sən bu evi alanda, tələbə dostlarımızla yığışıb orda yeyib-içdik. İkinci dəfə də sənin toyundan bir ay qabaq yığışıb mənzilə yüngülvari əl gəzdirdik,divarlara  oboy çəkdik. Gör o vaxtdan nə qədər keçib?

Ramiz əlini Hüseynin çiyninə vurub, gülümsəyərək dedi:

-Yaxşı, burda niyə durmuşuq, gəl gedək evə, həm bizim evin yolunu tanıyarsan, həm də səni xanımımla tanış edərəm.

Hüseyn, cibindən çıxartdığı dəvətnaməni  Ramizə uzadaraq, - Tələsmə. Qardaş, axır ki, mənim də saqqızımı oğurlayan tapıldı. Sabah sizi toyuma dəvət edirəm. Şadlıq sarayının ünvanı dəvətnamədə qeyd olunub. Bax, gecikməyin ha… sizi gözləyəcəm. Sizə getmək  isə qalsın toydan sonraya, inşallah,  xanımımla gələrəm.

-Allah mübarək eləsin! Hə, nə yaxşı oldu. Sən çoxdan evlənməliydin, ay Hüseyn.

 -Yaxşı da Ramiz, heç olmasa sən məni danlama. Tez evlənsəydim, o boyda şirkəti qura  bilərdim? Bir də ki, qismətdən qaçmaq olmaz. Hərə öz qismətini yaşayır. Di, salamat qal, səhər toyda görüşərik.

Ramiz  dəvətnaməni cibinə qoyub, -Xoşbəxt ol! –deyərək, Hüseynlə xudafisləşdi. Hüsein, onu gözləyən qara rəngli  xidməti maşınına əyləşib uzaqlaşdı. Ramiz isə ərzaq torbalarını götürüb, aramla binalarına tərəf addımladı.

Ramizin qapının zəngini basmağıyla, Xalidənin qapını açması bir oldu. Sanki bayaqdan qapının arxasında durub, ərinin gəlməsini gözləyirmiş. Ramiz, üzündən sevinc  yağan arvadını maraqla süzdükdən sonra  salamlaşıb, ayaqqabılarını soyunaraq birbaşa mətbəxə keçdi. Əlindəki ərzaq torbalarını masanın üzərinə qoydu, sonra kətili çəkib oturaraq,- Deyəsən, putyovka məsələsi düzəlib axı, hə?- deyə soruşdu. Sonra ondan cavab gözləmədən sözünə davam etdi:

 -Mənim də şad xəbərim var.

Xalidə, çay süzüb ərinin qabağına qoydu, sonra kətili çəkərək onunla üzbəüz əyləşdi, - Yox, putyovkadan hələ  bir  xəbər yoxdur, düzəlməsi qalıb gələn həftəyə. Putyovka əsas deyil, onu boş ver, mənim sevincim ayrıdır. Bəs səndə nə şad xəbər var, de görüm? – söyləyərək, maraqla soruşdu.

Ramiz çayından bir qurtum içərək bic-bic gülümsədi:

 -Yox, birinci sən de, sonra mən.

-Yox, sən de, mənim xəbərim çox vaxt aparacaq.

Ramiz  tələsmədən çayını içib, stəkanı kənara qoyaraq dedi:

-Sabah, nənim tələbə yoldaşım Hüseynin toyudur,  ikimizi də dəvət edib, hazırlaş.

Xalidə  bu xəbəri çox adi qarşıladı. Diqqətlə Ramizin gözünün içinə  baxıb, ayağa qalxdı, sonra  onun qarşısına gəlib, ərinin dizlərinin  üstündə oturdu. Ramizin boynunu qucaqladı, hər iki yanağından öpərək,  dodaqlarını  onun qulağına yaxınlaşdırıb pıçıldadı:

-Mən ana olacam, Ramiz!

Bu sözdən Ramiz diksindi, eşitdiklərinə inanmırmış kimi, yenidən çaşqın halda soruşdu:

-Nə dedin? Sən nə dedin, Xalidə?

Xalidə  yenə də pıçıltıyla təkrar söylədi:

-Sən ata olacaqsan, Ramiz!

Ramiz,  sevincindən arvadını qucaqlayaraq onun üzündən, gözündən, saçlarından öpməyə başladı. Xalidə  pıçıltıyla,-Gözümdən öpmə, ayrılıqdır,- dedi.  Ramiz  onun dediklərinə əhəmiyyət verməyib, - Bizi ancaq ölüm ayıra bilər,- söyləyərək, yenidən onun gözündən, üzündən öpməyə davam etdi…

 Onlar şadlıq sarayına daxil olanda toy artıq başlamışdı. Hər ikisi birlikdə bəylə gəlinin oturduqları masaya yaxınlaşıb, onları təbrik etdikdən sonra keçib öz yerlərində əyləşdilər.Toy çox maraqlı keçirdi, ortalıqda rəqs edən  cavanlar sanki  yarışa girmişdilər. Tez-tez musiqini dəyişərək  bir-birilərini yormağa çalışırdılar. Musiqiçilər də onların sifarişlərini həvəslə ifa edirdilər. Klarnet ifaçısı olan cavan oğlan isə aləti aşağı-yuxarı yelləyərək,  hərdən qəribə səslər çıxarır, bu isə rəqs edən cavanlara sanki  bir şövq  verirdi. Klarnet ifaçısının tez-tez onların masalarına tərəf  boylanması Ramizin əhvalını yavaş-yavaş korlayırdı. Ramiz  arvadının qulağına  nəsə pıçıldayandan sonra, hər ikisi ayağa qalxıb musiqiçilərdən aralı olan boş masaların birində əyləşdilər. Ramiz, Xalidəni elə stulda əyləşdirdi ki, bu dəfə onun arxası musiqiçilərə tərəf oldu. Bir-iki tikə yedikdən sonra Ramiz siqaret çəkmək üçün foyeyə çıxdı. Yumşaq kresloların birində əyləşib  siqaretini yandırdı və divardan asılmış monitorda göstərilən toya tamaşa etməyə başladı. Foyedə qonaqlara xidmət göstərən süfrəçi, onun qarşısına bir stəkan çay qoyub öz yerinə çəkildi. Monitordan toyu izləmək Ramizə daha xoş gəldi, içəridə musiqinin yüksək səsi  sanki onun başına düşürdü. O, stəkandakı qaynar çayı ləzzətlə  içərək, monitorda öz masalarını tapmağa çalışdı. Birdən  monitorda klarnet ifaçısının Xalidəyə yaxınlaşıb sonra yenidən yerinə qayıtmasını  gördükdə, stəkanı  masaya qoyub ayağa qalxaraq, iti addımlarla zala daxil oldu. Keçib öz yerində oturan kimi Xalidədən klarnet ifaçısının ona yaxınlaşmasının səbəbini soruşdu. Xalidə, çiyinlərini çəkərək, -Onun nə dediyini başa düşmədim, amma bu kağızı qoyub getdi,-deyərək  ərinə cavab verdi və masanın üzərindəki kağız parçasını ona göstərdi. Ramiz, kağız parçasını açıb oxudu, “Gözəlim, bu nömrəyə zəng elə, gözləyəcəm”. Yazının altında mobil telefon nömrəsi də yazılmışdı. Ramiz  musiqiçilər oturan tərəfə boylandı, klarnet ifaçısı artıq onlara tərəf baxmayaraq,  gözəl bir rəqs havası ifa edirdi. Ramizin qanının qaraldığını görən Xalidə, başının ağrıdığını bəhanə gətirərək  ondan evə getmələrini xahiş etdi. Ramiz  ayağa qalxdıqda  arvadı şəstlə onun qoluna girdi və  onlar yavaş addımlarla musiqiçilərin qabağından keçərək zaldan çıxdılar.

 Xalidə  mənzilə daxil olan kimi yorğun olduğunu söyləyib, paltarını soyunaraq  yatağına girdi, Ramiz isə əynini dəyişib televizorun qabağında əyləşdi. Gözü ekranda olsa da orda göstərilənləri dərk eləmirdi. Fikri əlində tutduğu kağız parçasında idi. Siqaret yandırıb, açgözlüklə çəkməyə başladı, sonra qəfildən ayağa qalxıb televizoru söndürmədən ehmalca evdən çıxdı. Ona yaxınlaşan taksiyə əl edib saxlatdırdı və maşına əyləşib gedəcəyi  şadlıq sarayının adını söylədi. Taksi sürücüsü idman paltarında olan müştərisini maraqla süzüb, maşını yerindən tərpətdi. Ramiz  şadlıq sarayının qarşısında taksidən düşəndə orda bir-iki maşından başqa demək olar ki, heç kim yox idi. Bu da toyun çoxdan qurtardığını bildirirdi. Ramiz  sürücünün pulunu verib şadlıq sarayına daxil oldu. Birbaşa ikinci mərtəbəyə qalxıb, toy keçirilən zala tərəf addımladı.  Masaları yığışdıran süfrəçilərdən və musiqi alətlərini qablaşdıran musiqiçilərdən başqa zalda heç kim yox idi. Ramiz iti addımlarla  musiqiçilərin masasına yaxınlaşdı.Əlindəki kağızı ləzzətlə siqaretini sümürən klarnet ifaçısının qarşısına qoyaraq  hamının eşidəcəyi bir səslə dedi:

 -Sən bu kağızı verdiyin qadını tanıyırsan, ay şərəfsiz?

 Klarnet ifaçısı  ilk anda heç nə başa düşməyib, çaşqın halda gözlərini döyərək,  yanında dayanmış yoldaşından soruşdu:

 -Ala, manıs, bu kimdir?  Bu nə danışır, ala?

 Ramizin əsəbdən bütün bədəni  əsirdi,  o, dişlərini qıcayıb  masanın üzərinə qoyduğu kağızı  götürərək onu oğlanın gözləri qarşısında yelləyərək bağırdı:

 -Nədi, yazdığın kağız sənə tanış gəlmir, ay biqeyrət?  Yoxsa orda yazılan nömrə sənin deyil, ay oğraş?

 Oğlan  ona ünvanlanan söyüşlərdən yumruqlarını düyünləyib, qəzəblə  Ramizin üzərinə şığıdı. Ramiz  yaxınlıqdakı masanın üzərində olan dolu şampan şüşəsini götürüb, düz oğlanın alnının ortasından vurdu. Onun başına dəyən zərbədən şampan şüşəsi çilingləndi, içindəki şərab ətrafa sıçradı.Oğlan,  ani olaraq key nəzərlərlə ətrafa baxdıqdan sonra yerə sərildi. Başından axan qan onun əynində olan ağ köynəyini  al qırmızı rəngə boyadı…

 Ramiz  yata bilməyəcəyinə əmin olaraq qalxıb,  çarpayısında oturdu. Bundan sonra yatmağa da dəyməzdi, onsuz da on beş dəqiqədən sonra hamını qaldıracaqdılar. Paltarlarını geyinib, əl-üzünü yumaq üçün dəsmalını  çiyninə atdı, sabun və diş fırçasını götürüb hamam otağına doğru getdi. Dəhlizdə onunla rastlaşan yekəqarın növbətçi nadzor, onu görüb gülümsədi:

 -Hə, incinar, deyəsən bu gün çıxırsan axı, eləmi?

 O, başı ilə təsdiq edərək, zəhləsi getdiyi  nadzordan uzaqlaşdı. Nadzor da heç ondan cavab gözləmədən səsinin gur yerinə salıb, ucadan qışqırmağa başladı:

 -Padyom, padyom! Tez olun, qalxın!

 Ramiz  əl-üzünü yuyub otağa qayıdanda, artıq hamı ayaqüstə idi. Kimi paltarını geyinir, kimi də çarpayısını  səliqəyə salırdı. Kətilin üzərində oturub təsbehini şaqqıldadan  “Naqan”,  yanındakı stulu ona göstərərək dedi:

 -Hə, incinar,otur görüm. Deməli bu gün çıxırsan. Mənim sənə bir tövsiyəm var, burdan çıxandan sonra, başını aşağı sal, öz işlərinlə məşğul ol. Elə yaşa ki, yönün  bir də buralara düşməsin.  Bura sənin yerin deyil, incinar. Burdan çıxan hər düstağa da mən bu sözləri demirəm, eşidirsən,  incinar?

 Ramiz, heç bir söz demədən stulu çəkib “Naqan”la üzbəüz əyləşdi və aramla başını tərpədərək eşitdiklərini təsdiq elədi. O, əlini cibinə salıb, çıxartdığı pulların arasından üç ədəd şax yüz dollarlıq əskinazları ayırıb, Ramizin qabağına qoydu:

 -Bunları da  götür qoy cibinə, özünə gələnə kimi lazım olar.

 Ramiz  pulları ehmalca “Naqan”a sarı itələyib, əlini şalvarının cibinə saldı. Çıxartdığı bir ədəd  iyirmi manatlıq əskinazı göstərib dedi:

 -Çox sağ ol, “Naqan”, pulum var da, evə kimi çatar. Allah səndən razı olsun, ehtiyac yoxdur, vallah. Çətini evə çatınca…

  “Naqan”, ötkəm səslə onun sözünü kəsdi:

 -Götür-götür, insanın həmişə pula ehtiyacı olub və olacaq da.

 Ramiz , “Naqan”ın hökmlə dediyi sözü çevirməyə ürək eləmədi, başı ilə ona razılığını bildirib, pulları cibinə basdı. Elə bu vaxt qapıda görünən yekəqarın nadzorun səsi eşidildi:

 -Dadaşov, əşlyalarını götür, birbaşa rəisin yanına, bir az tez ol.

 Ramiz  əşyaları olan balaca torbasını əlinə aldıqdan sonra bir-bir hamı ilə xudafisləşib otaqdan çıxmaq istəyirdi ki, “Naqan”ın onun arxasınca, qalın səslə dediyi, - Bir də səni buralarda görməyim, eşitdin məni, incinar?  -  sözlərini eşitdi.  Ramiz  geri çevrilmədən, sağ əlini yuxarı qaldıraraq havada yellədi və yavaş  səslə, - Görməyəcəksən, inşallah! - deyib, otaqdan çıxdı…

Ramiz  avtobusdan düşəndə yeni tikilmiş avtovağzal binasına heyranlıqla tamaşa etməyə başladı. Şəhərin kənarında təzəcə istifadəyə verilmiş  avtovağzal kompleksinin  böyük bir gəmini xatırladan binası,  ona çox maraqlı gəldi.  Binaya təəccüblə bir xeyli  baxdıqdan sonra yanından ötən cavan bir oğlandan Yasamala hansı avtobusla getməyin  mümkün olduğunu  və avtobus dayanacağının yerini soruşdu. Sonra  nə fikirləşdisə,  yolun kənarında dayanan taksiyə  yaxınlaşıb əyləşdi. Sürücüyə gedəcəyi ünvanı söyləyib bir siqaret  yandırdı. Evə tez çatmaq istəyirdi, yaman  darıxırdı, ona elə gəlirdi ki, maşın yavaş gedir. Gözünün  ucu ilə sürəti  göstərən ekrana baxdı. Sürücü,  sanki  onun nə demək istədiyini anlayıb, sürəti artırdı. Bəlkə də ilk dəfə idi ki, canlı olaraq üzünü görmədiyi dörd yaşlı qızı üçün bu qədər çox darıxırdı. Qızının üzünü ilk dəfə hələ təzəcə həbs  olunan zaman arvadının ona göndərdiyi şəkillərdən görmüşdü. Türmədə yatdığı bu beş il ərzində arvadının  onun yanına bir dəfə də olsun görüşə gəlməməsini özü  istəmişdi. Ancaq məktubla bir-birindən xəbər tuturdular. Uşaq təzə anadan olan zamanlarda  Xalidə, qızı ilə qoşa şəkil çəkdirib ona göndərəndə də, Ramiz şəkli məktub vasitəsilə geri qaytarmış və qızının tək şəklini ona göndərməsini xahiş etmişdi. Məktubda hər şeyi Xalidəyə başa salmışdı deyən, bundan sonra ona göndərilən zərfin içində məktubdan başqa ancaq qızı Nişanənin tək şəkli olardı. -Yəqin ki, Xalidə də mənsiz qocalıb, gör mənim səbirsizliyim bizə, ən çox da Xalidəyə  nə qədər həm mənəvi, həm də fiziki  zərbələr vurdu. Maşının binalarının qarşısında dayanması  Ramizi xəyallarından ayırdı. Sürücünün pulunu verib maşından düşərək, bloklarının yaxınlığında olan oturacağa tərəf addımladı. Axşam saat doqquz olsa da məhlədə heç kim gözə dəymirdi. Yaman həyəcanlı idi,  burada  bir az oturub,  siqaret çəkdikdən sonra yuxarı qalxmağı düşündü. Oturacaqda əyləşib, cibindən çıxartdığı siqareti yumşaltmaq üçün barmaqlarının arasında fırlatmağa başladı. Ramiz  ürəyinin necə şiddətlə döyündüyünü  hiss edirdi. Bir azdan qapını döyüb içəri daxil olacağını, Xalidənin və qızının necə sevinclə onu qarşılayıb boynuna sarılacağını xəyalında canlandırdı. Nəfəsinin daraldığını hiss edib, əlindəki siqareti yerə ataraq ayağa qalxdı. Üstündən siqaret iyinin gəlməsi ürəyindən deyildi, istəmirdi ki, arvadı və qızı boynuna sarılanda,  ondan həmin  qoxuya  görə tez aralansınlar. Ramiz  üçüncü mərtəbədə yerləşən eyvanlarına boylandı, mənzildən düşən işıq azca da olsa eyvanı işıqlandırırdı. - Evdədirlər, başqa harda olmalıdırlar ki, - deyə düşünüb, bloka sarı addımladı. Sürətlə pilləkənləri qalxıb qapının ağzında dayandı. İçəridən qızının səsi gəlirdi. Qızının saçlarına toxunurmuş kimi ehtiyatla, qapının zəngini basdı. Qapını qızı açdı. Nişanə  tanımadığı yad kişinin, qapı ağzında durub ona gülümsəməsindən çaşqın halda iki addım geri çəkilib anasını səslədi:

-Ana, gəl, bir əmidir səni istəyir.

Xalidə deyinə-deyinə qapıya yaxınlaşdı:

-Mən sənə nə qədər demişəm axı, qapıya yaxın durma, özüm gəlib açar…

Xalidə  qapıda dayanan ərini görüb duruxdu, nə deyəcəyini  bilmədi. Qapını geniş açıb, divara söykəndi. Nişanə  anasına sığınaraq ilk dəfə gördüyü  bu  yad  kişini maraqla süzməyə başladı. Xalidə  handan-hana    “xoş gəlmisən”  demək əvəzinə, - Səni nə vaxt buraxdılar, niyə xəbər eləməmisən?-söylədi. Ramiz, gülümsündü, - Salam, xoş gördük, həyatım, - deyərək, görüşmək üçün Xalidəyə sarı gəldikdə  o, bir addım kənara çəkilib başı ilə onlara maraqla tamaşa edən qızını göstərdi.  Ramiz, - Sürpriz etmək istədim, - deyib, heyranlıqla qızını və arvadını başdan ayağa süzdü. Xalidə, onun düşündüyünün əksinə olaraq daha da gözəlləşmişdi, daha  təravətli görünürdü. Bu, Ramizi çox sevindirdi  o, belə  gözəl arvadının olmasıyla içində bir qürur və sevinc yaşadı. Sonra,  -Maşallah, qızım necə böyüyüb, - deyərək, əlini qızına sarı uzatdı. Nişanə, ürkək baxışlarla anasından aralanıb, daha iki-üç addım geri çəkildi. Bunu görən Ramiz pərt olduğunu bildirmədən, ayaqqabılarını soyunub otağa keçdi. Bir anlıq otağı nəzərdən keçirdi, onun qoyub getdiyi əşyalardan demək olar ki, heç nə qalmamışdı. Divar boyu düzülmüş mebel, yumşaq divan və kreslolar, hətta televizor da belə yeni və müasir idi.  Xalidə, - Sən əyləş, mən çay dəmləyim, gəlirəm, - deyib mətbəxə keçdi. Az sonra geri qayıdıb, mobil telefonunu masanın üzərindən götürərək, - Mən tez düşüm həyətdən çörək alıb, gəlirəm.Çaydan qaynayanda qazı söndürərsən, - deyib, qapını açıb evdən çıxdı. Ramiz  qızını yanına çağırsa da, Nişanə  ona yaxın gəlmədi və yataq otağına keçib qapını örtdü. Qızının hərəkətindən Ramiz  qətiyyən incimədi, - Yazıq uşaq  nə vaxt məni görüb ki,.. hələ bir üstümə qaçıb, boynuma da sarıla, - söyləyib  mətbəxə keçdi. Fışıldayan çaydanın altını söndürdü. Mətbəxdə də hər şey yeni idi, Ramizə elə gəldi ki, sanki başqasının evinə gəlib. Qızı qapını örtməsəydi, yataq otağına da baxmaq  istərdi.  Ancaq ora keçib hələ ki, ona isinişməyən qızını qorxutmaq istəmədi.  - Axşam yatanda, onsuz da görəcəyəm də, - deyə  düşündü. Cibindən siqaret çıxardıb yandırdı,pəncərəni açıb tüstüsünü havaya üfürdü. Çəkib qurtardığı siqareti söndürmək üçün gözü külqabı axtardı,  tapmayanda, siqaret kötüyünü həyətə atmaq üçün pəncərədən aşağıya boylandı. Xalidənin həyətdə mobil telefonla kiminləsə danışdığını görüb, özündən asılı olmayaraq söhbətdən nə isə anlamağa çalışdı.  Ancaq,  “hə də, bu gün, bir az olar”,  “yox-yox”,  “mən özüm zəng edəcəm”  sözlərindən başqa  heç nə eşitmədi və söhbətin nədən getdiyini anlamadı.  - Yəqin rəfiqələri ilə danışır, - deyib,  pəncərəni bağladı. Otağa keçmək istəyəndə gözü çörək qabındakı bütöv bir çörəyə sataşdı.  Əli ilə çörəyə toxundu, çörəyin yumşaq olduğunu görüb çiyinlərini çəkdi və otağa keçərək divanda əyləşdi. Televizorda gedən türk kinosu ona maraqlı gəlsə də, eşitdiyi sözlərin çoxunu anlamırdı. Bu vaxt Xalidə  mənzilə daxil oldu və birbaşa mətbəxə keçib əlində bir stəkan çayla otağa qayıtdı. Ramiz  qabağına qoyulan stəkanı dodağına yaxınlaşdırmaq  istəyəndə, stəkanın isti olduğunu görüb, onu  yerə qoydu. Xalidə əlindəki telefonla kiməsə mesaj yazırdı. Ramiz  onun diqqətini özünə çəkmək üçün dilləndi:

-Xalidə, çörək ala bildin?

Xalidə onun üzünə baxmadan,- Hə, aldım,- deyərək, mesaj yazmağına davam elədi. Sonra başını qaldırıb Ramizi süzdü və ayağa qalxaraq soruşdu:

 - Açlığın var, yemək hazırlayım?

Ramiz  aç olduğunu  sanki  indi hiss elədi, yolda da nahar etməməsi yadına düşdü,  amma özündən asılı olmayaraq nədənsə, - Yox, ac deyiləm, yolda yemişəm, - dedi, sonra, - Dəyişəklərimi hazırla,yorğunam, hamamlanmaq istəyirəm, bəlkə bir az yorğunluğum çıxa, - söylədi. Xalidə ayağa qalxıb yataq otağına keçdi, əlində dəyişək üçün alt paltarı və  məhraba  ilə qayıdıb hamam otağına girdi. Az sonra geri qayıdıb, - Hamam hazırdır, sən hamamlan, mən də uşağı yatızdırım. Saat on ikidir, qız hələ yatmayıb, - deyərək, yataq otağına keçib qapını arxadan bağladı. Xalidənin qapını arxadan kilidləməsi  Ramizin diqqətindən  yayınmadı. Siqaret çəkmək üçün mətbəxə kecdi, pəncərəni açıb qabağında dayandı. Siqaretini  yandırıb,- Bu niyə qapını bağladı? Elə bil  yad adamam. Yəqin hələ utanır da, neyləsin, gör neçə ildi görmürük  bir-birimizi. Elə mən də sıxılıram, hələ qalmışdı o, - deyə  düşündü. Siqaretini çəkib kötüyünü həyətə atdı, pəncərəni bağlayıb hamama keçmək üçün mətbəxdən çıxmaq istəyirdi ki, gözü çörək qabında olan bayaqkı  bir ədəd çörəyə sataşdı.  - Bəs, bunun aldığı çörək hanı?  Xalidədən soruşanda  o, çörək aldığını dedi axı, bəs onda, çörək hanı? Mətbəxin işığını söndürdü, hamam otağına keçib, qapını bağladı. Vannanı doldurmaq üçün isti suyu açdı. Vanna dolana qədər üzünü qırxmaq üçün şkafın qapısını açıb üzqırxanını götürdü. Tələsmədən üzünü iki dəfə sabunlayıb qırxdı. Əlini üzünə sürtüb, təmiz qırxdığına əmin olduqdan sonra, paltarlarını soyunub vannaya girdi. Hamamdan çıxana qədər qızının da yatmış olacağını düşündü. Nəhayət ki, çoxdan arzusunda olduğu arvadının ağappaq  bədəninin  qoxusunu,  ləzzətini bu gecə dada biləcəyini xəyalında canlandıraraq   yuyunmağa başladı. Neçə illər idi ki, Ramiz  bu günü həsrətlə gözləmişdi. Xalidəni bəzən yuxusunda da görürdü və gördüyü yuxunu hər dəfə yadına salanda xəcalət çəkirdi, utanırdı. Artıq elə yuxular bitmişdi, yəqin ki, bir daha elə yuxular görməyəcəkdi. Bir də ki, halal arvadı yanında ola-ola, niyə axı o cür yuxular görməliydi  ki? Bu gün də səhərə qədər yatmayacağını yəqin edib,  gülümsündü. Yəqin bu gecə onun həyatında ən uzun və sonuncu yuxusuz gecə olacaqdı. Axı bu gün niyə də  yatmalıydı? Xalidə ilə danışmağa,  ona qulaq asmağa, onunla söhbət etməyə o qədər ehtiyacı vardı…  yəqin ona bir gecə bəs etməyəcəkdi, bəlkə də. Dünəndən yatmadığına   baxmayaraq, sevincindən hələ də yuxusuzluğunu hiss eləmirdi.

Ramiz  məhrəbanı ortasına bürüyüb,  hamamdan çıxdı. Dəyişəcəklərini geyinmədən əlinə alaraq otağa keçdi. Divanda salınmış yatağı görəndə duruxdu. - Yəqin uşaq yatandan sonra Xalidənin onu bura  gətirəcəyini düşünüb, gülümsündü və alt paltarlarını geyinməyə başladı. Məhrəbanı hamamdan asıb, yenidən otağa qayıtdı. Xalidə  stulun birinin söykənəcəyinə onun geyinməsi üçün təmiz, ütülənmiş  mavi rəngli köynək, köynəyin üstünə əl dəsmalı, digər stulun söykənəcəyinə isə onun bəyliyində geyindiyi qara şalvarını asmışdı. Şalvarın üzərinə qara rəngli  təzə corab da qoymağı unutmamışdı. Divanın küncündə isə açıq böz rəngli idman şalvarı və onun yanında qısaqollu ağ idman köynəyi qoyulmuşdu.  - Yəqin ki, bunu evdə geyinmək üçün qoyub,- deyə düşünərək, onları əyninə geyindi. Mətbəxə keçdi, özünə bir stəkan çay süzüb otağa qayıtdı. Televizoru yandırdı,  səsini azaldaraq qabağında oturdu və təzəcə başlayan türk kinosuna tamaşa edərək,  Xalidənin otaqdan çıxmasını gözlədi. Saat artıq gecə üçün yarısını göstərirdi. Yavaşca yerindən qalxıb,  əli ilə yataq otağının qapısını ehmalca itələdi, qapı içəridən bağlı idi. Bir az da gözləməyi qərara aldı. Boş stəkanı götürüb yenidən mətbəxə keçdi. Çaydanın altını yandırdıqdan sonra  pəncərəni açıb bir siqaret alışdırdı. Siqaretini çəkib  kötüyünü pəncərədən aşağı tulladı, özünə çay süzüb yenidən otağa qayıtdı. Televizorun qarşısında oturub,  filmə baxmağa davam elədi.

Yataq otağıdan gələn zəngli saatın səsini eşidən Ramiz, gözünü ekrandan çəkib, divardan asılan saata baxdı. Saat səkkizi göstərirdi. Yataq otağının qapısınn cəftəsi çıqqıldadı, xalatının qabağını düymələyərək otaqdan çıxan Xalidə  Ramizin kresloda oturub televizora baxdığını görüb təəccüblə soruşdu:

-Sən, bütün gecəni  yatmamısan ki?

Ramiz  gülümsəyərək cavab verdi:

-Beş  il yatmışam da, bəs deyil?

Xalidə  bir söz demədən başını bulayaraq,  hamam otağına keçdi. Əl-üzünü yuyub geri qayıtdı. Divanın üzərinə saldığı  mələfələri yığışdırıb, yataq otağına apardı. On beş-iyirmi dəqiqədən sonra  əynində gözəl paltarla  otağa qayıtdı, - Sən bu gün evdə olacaqsan, yoxsa işlərin var? - deyərək  Ramizdən soruşdu. Ramiz  bir anlıq düşünəndən sonra cavab verdi:

-Saat ondan sonra qeydiyyat üçün polis idarəsində olmalıyam. Sonra  işlədiyim idarənin rəhbərliyi ilə görüşmək istəyirəm, görüm mənə aid bir iş verə bilərlərmi? Bu da yəqin ki, axşama  kimi çəkər. Niyə görə soruşursan, nəsə görüləsi bir iş varsa, de.

-Yox, elə bir işim yoxdur. Mən dərsə gecikirəm, Nişanəni  nə qədər oyatdım, axşam gec yatdığından qalxmadı. Eybi yox, qoy yatsın, oyananda evin qabağındakı bağçaya apararsan, mən işdən çıxandan sonra  onu  özüm götürərəm.  Al, bu da evin açarları, qoy cibinə.  Mənim özümün açarım var. Soyuducuda səhər yeməyə yağ, pendir, yumurta var. Çörək də ki, stolun üstündədir. Çayı dəmləmişəm, hazırdır, çaydanı isə doldurub qazın üzərinə qoymuşam, qaynayanda söndürməyi unutma.  Hə, bir də ki, sənin kim olduğunu Nişanəyə yatanda başa salmışam, daha səndən çəkinməyəcək. Mən getdim işə. Hələlik.

Xalidə  gedəndən sonra Ramiz  hamam otağına girib soyuq su ilə əl-üzünü yudu. Sonra  mətbəxə keçib pəncərənin qabağında dayanaraq siqaret çəkməyə başladı. Siqaretini çəkib pəncərədən həyətə atanda, bu gün mağazadan mütləq bir külqabı alacağını düşündü. Qaynayan çaydanın altını söndürüb otağa qayıtdı. Yataq otağının qapısını açıb, içəri boylandı. Burda da hər şeyin təptəzə  olması  onu düşündürdü, axı bütün bunları Xalidə  hansı pullarla alıb, bəlkə  işini dəyişib.Yox, dəyişməyib, özü  dedi axı, dərsə gedirəm. Yəni, müəllimlərin maaşlarını belə qaldırıblar?  Qızını oyatmamaq üçün sakitcə otaqdan çıxıb qapını örtdü. İki gecəydi ki,  yuxusuz olduğundan başında küt ağrı hiss elədi,  televizoru söndürüb divanda uzandı. Yatmaq istədiyini, yuxusunun gəldiyini hiss eləyib, gözünün acısını almaq üçün təzəcə gözünü yummaq istəyirdi ki, qızının onu silkələməsinə  gözlərini açdı. Nişanə, artıq ondan çəkinmirdi, əksinə onun böyründə özünə yer eləyib oturdu:

-Sən mənim atamsan?

 Ramiz  yerindən qalxdı, qızını qucaqlayıb onun üzündən öpərək sevinclə dedi:

 -Hə, mənim balam, mən sənin atanam.  Sən də mənim gözəl qızımsan.

 Nişanə  ona qısıldı:

 -Bəs onda  mənim yerimdə niyə yatmısan?

 Ramiz  gülümsənərək dedi:

 -Mən sənin yerində yatmamışdım axı, sənin yerin o biri otaqdadır. Sən axşam anayla orada yatmışdın, mən isə burda, divanın üstündə.

 -Yox, mənim yerim burdadır. Hüseyn əmi  bizdə qalanda, mən burda yatıram,  o isə anayla orda. Hüseyn əmi səni tanıyır, bəs sən onu tanıyırsan?

 Qızının bu sözündən, Ramizin bütün bədəni əsməyə başladı,  ürəyinin şiddətlə döyünməsini, sinəsinin, kürəyinin necə isindiyini hiss etdi. Özünü ələ almağa çalışdı. Öz əhvalı ilə qızını qorxutmamaq üçün onun suallarına cavab verməyə məcbur idi:

 -Yox, tanımıram, Hüseyn əmi kimdir?

 Nişanə  həvəslə Hüseyn əmisi haqqında bildiklərini danışmağa başladı:

 -Hüseyn əmi  böyük adamdır.  Onun qara maşını da var. Sürücüsü də var ey... Hüseyn  əmi  bizə gələndə onun sürücüsü  Namiq əmi məni maşınla gəzməyə aparır, mənə dondurma alır,  bulvarda karuselə  mindirir.  Hüseyn  əmi zəng eliyəndən sonra  biz evə qayıdırıq.  Ata, Hüseyn  əmi bilirsən, mənə nə qədər oyuncaqlar alıb. Hələ anama da telefon alıb, üstündə alma şəkli də var. Mənə deyir ki, sən böyüyəndə, sənə də telefon alacam.

 Ramiz, artıq qızının nə danışdığını eşitmirdi. Başındakı  güclü ağrıdan gözlərinə qaranlıq çökməyə başladı. Divanda uzanıb sakitləşməyə çalışdı.Xalidənin soyuq davranmasının  səbəbi  indi ona aydın oldu. Uzandığı divanın Hüseynin  pulu ilə alındığını anlayıb birtəhər ayağa qalxdı. Qızını qucağına alıb onu yataq otağına apardı. Nişanəni taxtın üzərinə otuzdurub, onun əynindən gecə köynəyini soyundurdu. Xalidənin səliqə ilə yatağın yanına qoyduğu paltarları tələsmədən qızının əyninə geyindirməyə başladı. Nişanə isə hələ də danışırdı:

 -Ata, ana mənə dedi ki, mən sənə Hüseyn  əmi haqqında heç nə deməyim. Yoxsa mənə dondurma almaz. Sən ona heç nə demə də, yaxşı?

 -Yaxşı, sən narahat olma, qızım, mən heç kimə heç nə demərəm. Bu sir  həmişəlik  mənim ürəyimdə qalacaq. Gedək səni yedizdirim, sonra da aparım bağçaya.

 -Yox, ata, yemirəm, gedib  bağçada yeyərəm.

 Ramiz  qızını geyindirdikdən sonra özü də paltarlarını dəyişdi. Əlini cibinə salıb cibindəki  üç yüz dolları masanın üzərindəki evin açarlarının altına qoydu. Otağın və dəhlizin işıqlarını söndürdü, sonra  qızını qucağına alıb evdən çıxanda  Nişanə  həyəcanla dedi:

 -Ata, evin açarları qaldı masanın üstündə, götür də.

 Ramiz  başını yelləyərək,- Yox qızım, o açarlar daha mənə lazım olmayacaq, - deyib, qapını örtərək evdən çıxdı. Ramiz  qızını  bağçaya kimi qucağında apardı. Nişanə  yol boyu  onun təzəcə ağarmağa başlayan saçlarını qarışdırır, ya boynunu qucaqlayııb bərk-bərk sıxır, hərdən üzündən öpür, ya da ki, üzünü atasının dodaqlarına yapışdırıb onun öpməsini tələb edirdi.Onlar bağçaya çatanda Ramiz  qızını qucağından  yerə qoydu, onun qarşısında dizləri üstə oturaraq , üzündən bir neçə dəfə öpdü, sonra qapıda dayanan tərbiyəçini göstərib dedi:

 -Hə, mənim balam, qaç, müəllimən səni gözləyir.

  Nişanə də atasının hər iki yanağından öpərək soruşdu:

  -Ata, axşam məni aparmağa gələcəksən?

  Ramiz  yaşarmış gözlərini gizlətmək üçün qızını qucaqladı, - Sənin dalınca ana gələcək, - deyərək  onun  üzündən, saçlarından öpüb  bağçanın həyətindən çıxdı. Bir  xeyli aralanmışdı ki, əlini şalvarının cibinə salıb çıxartdığı   beş manata baxdı və onu köynəyinin döş cibinə qoydu. Qarşıdan gələn taksini saxlatdırıb  əyləşdi. Yaşlı sürücü, maşını yerindən tərpədərək ondan soruşdu:

  -Hara gedəcəyik , kişi?

  Ramiz  qocanın ona dediyi, “Kişi” sözündən sonra bədənində bir üşütmə hiss elədi və düşünmədən dilləndi:

  -Qız Qalasının yanındakı  “Diablero” şirkətinin ofisinə.

  Taksi şirkətin qarşısında dayananda Ramiz, cibində olan sonuncu beşliyi oturacağa atıb maşından düşdü. Tələsmədən qapıya doğru addımladı, qapıçıya salam verib, rəisin yerində olub-olmadığını  soruşdu. “Hə, yerindədir”, cavabını alıb pillələrlə ikinci mərtəbəyə qalxmağa başladı. “Katibə” yazılan qapını döymədən açdı, içəridə kimsə yox idi.  İçəri keçib,  “Rəis - H.M.Zamanlı” lövhəsi asılan qapının qarşısında dayanaraq,  katibənin otağını nəzərdən keçirdi.  Havanın küləkli olmasına baxmayaraq otağın pəncərəsi nədənsə açıq idi. Katibənin masasının kənarında olan elektrik samovarı da pıqqıltıyla qaynayırdı. Rəisin kabinetdə olması  və kiminləsə həyəcanla telefonda danışması aydınca eşidilirdi. Ramiz  siqaret çıxardıb alışdırdı, bir-iki qullab vurub, rəisin qapısını açaraq içəri girdi.  Rəis  Ramizi gördükdə duruxdu  və əlindəki telefon dəstəyi onun əlindən yerə  düşdü. Ramiz  siqaretinə dərin bir qullab vurdu, sonra onu söndürmək üçün masanın üzərində olan büllur külqabıya tərəf addımladı…

 Ramiz  rəisin kabinetindən çıxanda katibə hələ də yerində yox idi. O, qaynayan samovarı şəbəkədən ayırdı, pəncərəyə yaxınlaşıb onu bağladıqdan sonra,  tələsmədən otaqdan çıxaraq  pillələrlə aşağ endi. Qapıda dayanan adama  yaxınlaşıb təşəkkür etmək  istəyirdi ki,  katibənin ikinci mərtəbədən gələn vahiməli  qışqırıq səsini eşidən qapıçı,  Ramizə məhəl qoymadan  pillələrlə  tələsik yuxarı qaçdı. Ramiz  şirkətin ofisindən çıxıb, “Qız Qalası”  tərəfə  buruldu.  Birdən  qeydiyyata düşmək üçün  polis idarəsinə getməli olduğu yadına düşdü. Əlini cibinə salıb polis idarəsinə təqdim olunmaq üçün türmədən ona verilən arayışı çıxartdı.  Arayışı tikə-tikə doğrayaraq, - Bu kağız parçaları mənim həyatımı məhv etdi,  - deyib,  küçəyə səpdi. Sonra  havanın küləkli və özünün də yorğun , yuxusuz olmasına baxmayaraq , birbaşa  Dənizkənarı  bulvara yollandı…

 Nişanə artıq neçə saat idi ki, pəncərənin  arxasından həyətə boylanaraq səbirsizliklə  atasının yolunu gözləyirdi. Bağçadan evə gələndə anasının dediyi, “Yaman külək əsir, yəqin dənizdə yenə kimsə batıb”  sözlərini  xatırladı və məyus halda geri çevrilib,  anasına tərəf boylandı. Anası divanda oturub həyəcanlı halda aramsız olaraq kimə isə zəng edirdi…

Şərhlər

Çox oxunanlar