Hər gün bir az unutmaq...

16.06.2015 19:10     YazarKlub     2463

İntiqam Yaşarın şeirlərini Reaksiya.az oxucularına təqdim edirik...

Hər gün bir az unutmaq

“Hər gün bir az unutmaq”

hər gün bir az ölməkdi.
İndi gülmək, doğrusu,
xətir üçün gülməkdi.

Bəzən, unutmaq olmur

ən kiçik zərrəni də.
Xatirələrə xatir
unutmuram səni də.

Sən də unutmamısan,

yüz rola gir, qəddar ol.
Alınır da sözdümü
çox peşəkarsan, var ol.

Axı, mən özüməmmi,

sənə “özün ol” -deyim.
Hansı işığa baxıb,
“getmə”- deyim, “qal”- deyim.

Sənin nə günahın var

nə ittiham edim mən?!
Baş ağrısı olmasın,
sözüydü də dedim mən.

 

Evdə yoxam, evdə yoxam.

 

Qapımı döyən ayrılıq, 
Evdə yoxam, evdə yoxam. 
Qonağam deyən ayrılıq, 
Evdə yoxam, evdə yoxam.


Gördüyüm mənə çoxdumu, 
Xoş günüm iti oxdumu, 
Döyməyə qapı yoxdumu, 
Evdə yoxam, evdə yoxam.

 

Sənə kim dedi gündə gəl, 
Ömür bitəndə sonda gəl, 
Haçan çağırsam onda gəl, 
Evdə yoxam, evdə yoxam. 

Mülkümdən qoparıb məni, 
Bu qayğı lap sarıb məni. 
Aparan aparıb məni. 
Evdə yoxam, evdə yoxam. 

Divardakı nəm danışır. 
Dam dolusu qəm danışır. 
Yerimə qələm danışır, 
Evdə yoxam, evdə yoxam.

 

Sən darıxdığın qədər.

Vaqif Səmədoğlunun xatirəsinə

Bir az daha ucaldin,
bu yer üzündən o göy üzünə…
Kimlərin izinə düşmüşdün,
kim bilir kimlər düşəcək izinə.
Qəbrinə pıçıldayanlar olacaq,
şəklinə gileylənənlər olacaq səndən.
Hələ xısın-xısın ağlayanları demirəm uzaqdan,
Sən özün də bilmədən
azad etmişdin özünü var olan yoxluqlar kimi.
Bu  olduqca darısqal aləmdə,
Ayrıca bir bucaq bağışlamışdın özünə.
Mən inanmıram ki səndən ötrü insanlar darıxa,
yüz desinlər heç sən də inanma.
İnsanlar uzağı qırx gün darıxa bilir,
ona da darıxmaq demək olmaz.
Səninçün həmişəlik darıxacaq Xəzər,
Sən darıxdığın qədər.
Sən darıxdığın qədər.

 

Bütün xatirələr sənə qalacaq

 

Bilirəm öldürmək qəsdin nədisə,

Mən ölsəm gör nələr sənə qalacaq.
Yeganə varisim sən olduğuncün,
bütün xatirələr sənə qalacaq.

 

Hansı istəyini geri çevirib,
Hansı istəyinə yox demişəm ki.
Mən sənə gələndən getdim özümdən,
Bunu tək indi yox çox demişəm ki.

 

Hərdənbir qorxuya düşməyim də var,
Vallah bu sevmək yox, ondan ötədi.
Bir sevgi bir ömrün sonunda bitər,
Bu sonda da bitməz, sondan ötədi.

 

Hərənin həyatda bir taleyi var,
Mən öz taleyiylə barışan adam.
Dərdini kimləsə bölməkdən qaçan,
Hər gün divarlara danışan adam.

 

Bilirəm öldürmək qəsdin nədisə,
Mən ölsəm gör nələr sənə qalacaq.
Yeganə varisim sən olduğuncün,
bütün xatirələr sənə qalacaq.

Şərhlər

Çox oxunanlar