"Məfkurəsiz şüəra" - Tural Sahab yazır
18.06.2015 13:21 YazarKlub 2851
Tural Sahab
Məfkurəsiz şüəra
Müasir dövr ədəbiyyatımızda yazarları düşüncəsinə görə üç qrupa bölə bilərik.
a) Qərb dəyərlərini təbliğ edənlər
b) Milli- mənəvi dəyərləri dəstəkləyənlər
c) Ancaq boş- boş sevgi şeirləri yazıb, heç bir düşüncəyə sahib olmayanlar.
Bu gün üçüncülərdən- heç bir ülküsü, hədəfi olmayanlardan yazmaq istəyirəm. Əvvəla onu deyim ki, söz böyük qüvvədir. Belə olmasaydı Tanrı öz mesajını söz vasitəsi ilə göndərməzdi. Quranın ilk ayəti “oxu”, incilin ilk sözü “ qələm” olmazdı. Demək ki, söz ən böyük silahdır. Bu silahdan istifadə edə bilməsək tarixdə yox olan millətlərin cərgəsinə qoşulacağıq. Təsəvvür edin indi qərb dəyərlərini təbliğ edənlər nəyə bənzəyir?!- başqasının silahı ilə öz başına güllə sıxan birinə, bəli. Yenə də bu yazarlara hörmətim var, çünki düşüncələri, məqsədləri var. Nəisə dəyişdirməyə, düzəltməyə çalışırlar, ancaq heç bir düşüncəyə sahib olmayanları nə edəcəyik. Bütün günü şəkillərini paylaşan xalalar, gənc qızların şəkillərinin altına “ xanım çox gözəlsiniz” yazan dayılar, əmilər özünə şair, yazar deyib, niyə sözü hörmətdən salır. Axı, bu insanlar, bu yazarcıqlar kimə lazımdı. Bizə düşünə bilən və düşündürə bilən insanlar- yazarlar gərək.
Əli bəy Hüseyinzadə, Əhməd bəy Ağaoğulu, Cavid Əfəndi kimi insanların hesabına müstəqillik adlı məfkürəmiz formalaşdı. Başa düşdük ki, biz də müstəqil ola bilərik, bizim də öz dövlətimiz ola bilər. İndi bu dövləti qorumaq və itirilən torpaqları geri ala bilmək üçün düşünən beyinlərə ehtiyacımız var. Bir Cavid Əfəndiyə baxıram, bir də indiki dayılara....
Baxın on il bundan öncə heç birimiz inanmazdıq ki, kürdlər dörd böyük dövləti parçalayıb, öz dövlətlərini qura bilərlər, ancaq bu gün o dövlətlərdən ikisi parçalanıb və demək olar ki, kürd dövləti qurulub. Nəyin hesabına?!- sadəcə bir nəfərin yazdığı əsərlərin, düşüncələrinin hesabına..
Vəya düşmənlərimiz olan ermənilər. Baxın onların körpəsindən qocasına qədər hər biri “ böyük ermənistan” xəyalı ilə yaşayır. Nəyin, kimin hesabına?!- təbii ki, yazarlarının, düşüncə sahiblərinin.
Məsələ bu isə bizim haqqımız varmı düşüncəni ədəbiyyatdan uzaqlaşdırmağa. Ədəbiyyatı yalnızca zövq verən bir nəsnə halına gətirməyə. Biz niyə böyük Azərbaycan, Turan ülküsü ilə yaşamayaq, niyə bu düşüncəni, məfkurəni insanlarımıza aşılamayaq?
Baxın Avropa oyunlarına Avropa necə biganə yanaşdı. Nə üçün?! – çünki biz onlardan biri deyilik, çünki biz müsəlman, biz Türkük. Biz kim olduğumuzu unutsaq da, onlar əsla unutmur bizi. Nə papaya diz çökdürən Attilanı, nə istanbul fatihiMehmet xanı . Osmanlıdan Qüdsü geri alan ingilis generalı Eyyubinin məzarı başına gələrək..” bax Səlahəddin, yenə biz gəldik” deyir. Məncə bunları düşünsək, düşündürsək çox şey fərqli olar. Axı, bizim nəyimiz əksikdi ingilisdən, yapondan. Niyə onlar dünyanı idarə edir, elmi kəşfləri ilə super güc olur, ancaq biz ola bilmirik. Çünki biz düşünməkdən, böyük düşünməkdən qorxuruq. Özümüzə inanmırıq, özümüz olmaq əvəzinə kiminsə xoşuna gəlməyə çalışırıq.
Məfkürəsi, düşüncəsi olmayan şair və yazarlar da inşallah papaqlarını qabaqlarına qoyub, bu məsələlər haqqında düşünərlər.
Tural Sahab
Şərhlər