İndi də hönkür-hönkür ağlayanlar var...

24.10.2015 21:30     YazarKlub     3304

Çoxdandır, köşə yazmırdım. Nədənsə bu günə təsadüf etdi. Bu gün isə Məhərrəmlik ayının 10-cu günü – Aşura günüdür. Deyirlər matəmdir. İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları qətlə yetirilib. Allah rəhmət eləsin, başqa nə deyə bilərəm.

Bu ayı mənimlə bağlayan isə yalnız “Məhərrəm” sözüdür. Şəxsiyyət vəsiqəmdə ata yerində “Məhərrəm” yazılıb. Atam doğum şəhadətnaməmdə bunu öz əllərilə yazıb. Onda buna səlahiyyəti çatırdı, kənd sovetinin katibi idi. İndi isə nəinki yazmaq, heç yaşamaq səlahiyyəti də yoxdur, çünki 8 ildir ki, dünyasını dəyişib. Atamın adının “Məhərrəm” olmadığını qaçqın düşəndən sonra bildik. Sumqayıta qeydiyyata salınanda pasportunda adının “Göyüş” olduğunu gördük. Ona da bu adı atası qoyub və heç kəsə deməyib. Kənddə isə hamı atama “Məhərrəm” deyib. Bunun nədən olduğunu indi də bilmirik, bəlkə atam Məhərrəmlik ayında doğulub. Bizim tərəflərdə məhərrəmliyin keçirilmədiyi düşünsək, o adın hardan yarandığı yenə qaranlıq qalır.

Atam isə o dünyaya “Məhərrəm” adı ilə getdi, çünki başdaşında məhz bu ad yazılıb. Onu “Göyüş” kimi heç kim tanımırdı.

Buna isə təəssüflənməyə dəyməz, atam kimi minlərlə insan bu dünyada iki adla yaşayıb. Gedəndə isə başdaşlarında yalnız biri yazılır.

Başdaşları olmayanlar da az deyil. İndi 21-ci əsrdə yaşamağımıza baxmayaraq günahsız insanların ölümü günü-gündən çoxalır. Heç çoxlarının nəinki başdaşları, heç qəbirləri də yoxdur. İŞİD-in, PKK-nın, “Əl-Qaidə”nin, “Taliban”ın, “Boko Haram”ın, ASALA-nın əli onların qanına batıb. Göy üzündəki bütün yağış da yerə tökülsə, o qan izini o cəlladların əlindən apara bilməz.   

Bu dünyadan onsuz da heç nə silinmir, elə bu dünyanın özündə qalır. Yazdığım bu köşə yazısı kimi...

Bu gün bir çox mövzuya baş vura bilərdim, vurmadım, fikirləşdim ki, evimizin alt yanında yerləşən Təzəpirdə insanlar öz inanclarına görə ağı deyirlər.

Hər kəs öz inanclarında sərbəstdirlər, elə ağı deməklərində də...

Atam öləndə isə ağlamadım. Gecə meyiti otağın ortasında üstü ağ örtükdə qoyulmuşdu. Saat 4-dək mən də onun yanında uzanmışdım, üstü açıq.  Daha bir fərqimiz isə onun ölü, mənimsə diri olmağımdaydı. Birdən ağlıma düşdü ki, atam ölüb və diziüstə qalxıb hönkür-hönkür ağladım. Düzdür, atam bunu eşitmədi, otaqda olan dirilər eşitdi...

İndi Təzəpirdə də hönkür-hönkür ağlayanlar var...

Şərhlər

Çox oxunanlar