Hacı Məhəmməd Aslanbəyli - ŞEİRLƏR

19.06.2015 11:36     YazarKlub     5522

Tanınmayanlardı təzə,
Bütün tanışlar köhnədi.
Təzədi ən kiçik ürək,
Ən böyük başlar köhnədi.

Varlıq bütöv-bütöv gələr,
Ovçu ağlayar, ov gülər.
Təzədi bütün sevgilər,
Bütün savaşlar köhnədi.

Köklən küləkdəki səsə,
Köhnəlməz min il də əsə,
Öldürrəm, bir adam desə
Bu çopur daşlar köhnədi.
 

 

* * *

Gözəlsən, dünya, bilirəm,
Gözəlsən gül adamına.
Şirinsən, dünya, bilirəm,
Şirinsən bal adamına.

Olsa da hər bağın İrəm,
Mənlik deyil, niyə girəm.
Genişsən, dünya, bilirəm,
Genişsən çöl adamına.

Mənə nə – salın, saçaqlan,
Mənə nə – öpül, qucaqlan…
Köpəklərinə acıqlan,
Hürməsin yol adamına.

* * *

Susub yaşıl yarpaqlar
Yayın günortasında.
Bir səs dönür, dolanır
Bağların arasında.

Deyirsən Elə elə,
Olmayır Elə, Elə.,
Deməyə nə var, hər kəs
Söyləyir elə, elə…

Tapıldı axtarılan
Ancaq axtaran hanı…
Qoy indi də axtarsın
Tapılan axtaranı…

sufi* * *

Sən yenə bombalamboş,
Sən yenə təmbələmtək.
Yenə yenidən başla,
Yenə bir bəsmələ çək.

Yenə yenidən başla,
Başla, yenə də, başla,
Başla.., ağılla, başla,
Başla.., nə çıxar görək.

Qaçaq geri, yetişək,
Əlləlləşə tutuşaq,
Hara getdi o uşaq,
Əlində pendir-çörək…

* * *

Bu da bizim nöqtəmiz,
Bitdik, qurtardıq daha.
Vardıq, yoxlarımızın
Sonuna vardıq daha.

Yoxuydu heç nəyimiz,
Yox oldu sona qədər.
Durub, ehtiyat üçün
Sayaqmı ona qədər.

Hər “yox” yerindədirmi,-
Gəl bir daha yoxlayaq.
Yoxolmuşlarımızı
Yaxşı-yaxşı saxlayaq.

* * *

Bu sənsizlik günüdü
Nə gündüz var, nə gecə.
Sıralanır dalbadal
Neylədik? Niyə? Necə?..

Bu da sənli günümüz,
Halam bütün hallara.
Sualam cavablara,
Cavabam suallara.

Sənsizliyin yanında
Yoxluq lap balacaymış.
Sənsizliyin yanında
Varlıq bapbalacaymış.

sufi_on_the_space_by_zhm777888-d5y37yf* * *

– Sus demirəmmi sənə?
– Daha susmuşam.
Qürublar tanımadı
Səni bu axşam.

– Sus, sus, deyirəm, anla.
– Aha.., susmuşam, aha…
Bütün savablarımız
Döndü günaha…

– Sus, sus, sus dedim sənə
– Daha lalam, bax..
a – a – a, a – a – a – a,
a – a – a, a – a aaax…

* * *

Yoox.., heç bu da sözdümü,
Aah! Qürublar, qürublar.
Hardan bildiniz, bizim
Qəlbimizi qırıblar.

Yoox., yoox., bu da sözdümü,
Aah! aah! Ey yaşlı gözlər.
Bircə yol ağlatmağa
Fürsət tapmadıq bizlər.

Yoox., yoox., yoox., sözdümü ki,
Aah! aah! aah! könülcüyüm.
Bir daş göstər, gedim də
Başımı döyüm, döyüm…

* * *

Dişimlə qırdım sapı,
Bu da sonuncu qapı…
Bitdi yoxluq donunda
Sonuncu yamalıqlar.

Qalmadı “eyləyim”lər,
Neyləsin “neyləyim”lər,
“hər şeylik”lər qurtardı,
Qurtardı “hamılıq”lar.

Əlvida vargəllərə,
Əlvida vergüllərə,
Sıra nöqtəyə çatdı,
– Di tez ol, yumalaqla…

* * *

Gülüm, ordan mənə de,
Susamışam, su içim.
Unudarsam, yenə de
Bütüncə oddu içim.

Gülüm, ordan mənə de,
Üşüyürəm, geyinim.
Sonra sənin arxanca
Bir azcana deyinim.

Gülüm, ordan mənə de,
Yaşamaq yaxşı şeydi.
Bunu şox unuduram,
Sən bunu hey di, hey di…

sufi_hues_by_shirly90-d5165z9* * *

Çox şükür, gəldik canım,
Axır ki, gəlib çatdıq.
Gəlib çatana qədər
Bütün qan-tərə batdıq.

Nə çəkdik, nələr çəkdik,
Axır ki, gəldik, gəldik.
Şənləndik ha o ki var,
O ki var, güldük, güldük.

Gəldik özümüzə, bax,
Gəlmişik özümüzə.
Daha özümüzünük,
Qaçmışıq özümüzə…

Şərhlər

Çox oxunanlar