O balaca uşaq gül tarlasında öldü... - Şeirlər

23.06.2015 12:03     YazarKlub     2837

Reaksiya.Az gənc yazar Tural Sahabın şeirlərini təqdim edir:

Romanlarda olur gözəl qızlar

 

Romanlarda olur gözəl qızlar
bir də çox uzaqlarda
Oxuyub, xəyal edirsən
Yumub gözlərini
Qorxa- qorxa sevirsən

Bir şeir olub, axır ürəyinə
Gözlərinin rəngi
Sevginin boyası ilə boyanırsan
Qaranlıq bir gecədən
Ulduzlara boylanırsan

Romanlarda olur
Gözəl sevgilər, gözəl şəhərlər
Yaşıl gözlü, sarı saçlı şəfəqlər

Bir də uzaqlarda
Sarı- qırmızı yarpaqlarda

Ürəyi, sevgisi rəngdədi
Gözəl qızların gözləri
Sanki romanlardan qopub
Qonur dodaqlarımıza
Özləri ətirli sözləri

 

Yenə görüşdük

 

Yenə görüşdük
Şeirə dönən bir sevginin ilk hecasında
Mənim baxışlarım,
Sənin gözlərinin qarasında
Ulduzlardan danışdın
torpağı dinlədim
Sən göy qurşağı idin
Mən qarışqa
Gör hardan, hara iməklədim
Balaca bir uşaqdım
Nağıllara inanan
Ana laylasında
Gül tarlasına yuvarlanan
Sonra sən gəldin
Nağıllar şeirə döndü
O balaca uşaq
O gül tarlasında öldü

Şərhlər

Çox oxunanlar