Göz tamahına, qarın toxluğuna qurban getdiniz… - Rüfət Əhmədzadə
23.06.2015 12:14 YazarKlub 2504
Reaksiya.Az saytı yazar Rüfət Əhmədzadənin "Ac Ruhlar" mənsur şeirini oxuculara təqdim edir:
Göz tamahına, qarın toxluğuna qurban getdiniz… Öz xoşunuzla. Yox, bu bir insafsız ittiham oldu. Sadəcə, böyüyün sözünə hörmət, itaət etdirən saf duyğunuzla. Sizə “yaxşılığın üçün!” dedilər… Siz inandınız. Yox, sizi aldadan yox idi, qəti! Eləcə, boğaraq içdəki səsi, hey özünüzü inandırdınız. Bədənin kefinə, siz ac qaldınız!
İndi, vücudunuz tərləyir ancaq. Beliniz, sinəniz əllənir. Ancaq… Ruhunuz hələ də tumara möhtac. Bəlkə də, illərlə duymadığınız tamam yad, naməhrəm bir ruha möhtac? Axı, necə olar qalmaq yalavac – hər sifarişiniz icra olunmur? Eh! Nə edək ki, dünyada pulla, ruhun səadəti icad olunmur?!
Nə olar…. Bu tale, bu qsimətiniz. Əminəm, siz də məhz belə deyirsiz… Özünüz bir ətdə qocalıb görən, ac ruhla necə ruh böyüdürsünüz? Amma, yox, sizə də təsəlli ancaq, sizin canınızın bir parçasıdır. Görün, nələr çəkir sonsuz qadınlar – onları dözdürən həya-arıdır!
Dünyamı dağıla, zamanmı dura.. Axı, nə ola ki, ac ruhlar doya? O ruh ki, boğulur qızıl içində… O ruh ki, gülən üz əsarətində… Gör gündə neçə yol qopmaq istəyir – onu hey göynədən bel qəfəsindən?!
Bilirəm, anlayıram o ruhları… Nə olsun, vucudum ruhum kimi ac? Sadəcə, bilirəm, çox-çox uzaqda, körpəsin uyudan zamanlarında, mənim də ruhumu arzulayan var. Mənim də ruhuma möhtac qalan var… Elə, məndə də var ona ehtiyac!
Amma, nə edək ki… Biz nə edək ki, bizim vücudumuz aciz və gücsüz…. Əlimiz yetməyən, dilimiz ünsüz… Doydura bilmirik ruhlarımızı. Sadəcə, calayıb günləri bir-bir… Bir böyük sözüylə oluruq qaxac.
Görəsən, bu dünya necə olardı, əgər, qalmasaydı bircə ruh da ac? Yəqin ki, yazmağa mövzu qalmazdı… Yazarlar olardı məddah, naəlac!..
Noyabr, 2010-cu il
Şərhlər