Mirzə Kazım bəyə sahib çıxaq! - Filoloqdan çağırış

27.11.2015 16:50     YazarKlub     3397

Noyabrın 27-si şərqşünas, tarixçı, türkşünas və filoloq Mirzə Kazım bəyin anım günüdür. O, 1802-ci ildə iyulun 22-i Rəştdə anadan olub.  Kazımbəy İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənməklə yanaşı rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə “Ərəb dilinin qramatikası” adlı kitabını yazır. Mirzə Kazım bəy 1870-ci il,noyabrın 27-i, Sank-Peterburqda vəfat edib.

Qeyd edək ki, “Hədəf” Nəşrlərində Mirzə Kazım bəyin seçilmiş əsərlərindən ibarət kitab işıq üzü görüb. İlk dəfə Azərbaycan dilində nəşrolunan kitabda uyğurların tarixini, bu adın etimologiyasını açan “Uyğurlar”, çox böyük dini hərəkat olan babiliyin tarixindən və hərəkatın banisi olan Babın kimliyindən bəhs edən “Bab və babilik”, həmçinin böyük tarixi şəxsiyyət kimi tanınan Şeyx Şamil haqda əhəmiyyətli faktları özündə ehtiva edən “Müridizm və Şamil” məqalələri toplanıb. Kitabı rus dilindən dilimizə İsmayıl Umudlu tərcümə edib.

Kitabın redaktoru f.ü.f.d., dos Şəmil Sadiqin Mirzə Kazım bəylə bağlı məqaləsini təqdim edirik:

Görkəmli Azərbaycan şərqşünası, türkoloq, Rusiya Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin həyatı və yaradıcılığının ümumi mənzərəsini yazmağa başlayarkən bir az araşdırma aparanda şərqşünas alim Qabil Camalovun “Kazım bəy” adlı məqaləsinə rast gəldim. Məqalənin elmi çəkisini, əhatəliliyini nəzərə alaraq, tərcümeyi-hal xarakterli heç nə yazmamağı, məqaləni olduğu kimi ön sözə əlavə etməyi qərara aldım.

Buna baxmayaraq, Mirzə Kazım bəyin üç böyük əsərinin tərcüməsinə – əlinizdəki bu kitaba olan dərin sevgimi və münasibətimi yazmaya bilməzdim.

Dünya şöhrətli azərbaycanlı alim Mirzə Kazım bəyin həyatı və yaradıcılığı ilə tanışlığım dəyərli alim və Mirzə Kazım bəyin ilk azərbaycanlı tədqiqatçısı Ağababa Rzayevin “Dərbənddən başlanan əzablı yol” romanı ilə başlamışdır. Hələ yeniyetmə yaşlarımda oxuduğum bu roman məndə Mirzə Kazım bəyə qarşı böyük bir rəğbət yaratmışdır. Bir neçə il öncə dünyagörüşümdə maraq oyadan bu romanı nəşr etdirdim. Lakin həmişə Azərbaycan elminin, mədəniyyətinin Mirzə Kazım bəyə qarşı laqeydliyinə təəssüflənmiş, heç xatırlanmamasına isə, əlbəttə ki, kədərlənmişəm. Əgər bir millət istərsə ki, beynəlxalq aləmdə öz imzasını “imzalar içində” və ən layiqli yerdə görsün, o zaman gərəkdir ki, elm və mədəniyyətini sərgiləyə bilsin.  Kimdəsə bu iki amil olmaya bilər, lakin türklərdə bu cür şəxsiyyətlər çoxdur və yetərincə bəşəri ideya carçıları var. Bu cür alimlərdən biri də XIX əsrdə yaşayıb-yaratmış Mirzə Kazım bəydir ki, biz hələ də onun haqqında nə əməlli-başlı bilir, nə də danışırıq.

Eyni münasibəti az qala Mirzə Fətəli Axundzadəyə də göstərmişik bir zamanlar. Lakin Axundzadəni xilas edən onun elmi yox, bədii fəaliyyəti idi, bəlkə də. Lakin Mirzə Kazım bəyin elmi fəaliyyəti, dinini dəyişib xristian olması onu az qala Azərbaycan xalqının yaddaşından silmişdir. Bu həqiqət böyük təəssüf doğurur. Mirzə Kazım bəy nə qədər də İslamı tərk edib, xristian olsa idi də, bir ömür Azərbaycan-türk təfəkkürü ilə yaşamışdır. Əlbəttə ki, Mirzə Kazım bəy bir din xadimi olub Vətənində − Azərbaycanda yaşasaydı, nə bəşəriyyətə, nə də xalqına bu qədər yararlı ola biləcəkdi. Rusiya Akademiyasının ilk azərbaycanlı üzvü olan bu düha yaşadığı və yaratdığı müddətdə doğulub, boya-başa çatdığı torpaqların eşqini ürəyində gəzdirmişdir. Onun yaradıcılığından bəhs edən aşağıdakı məqaləni oxuduqda görəcəksiniz ki, o hər nəfəsində xalqını düşünürdü.

Bir daha təəssüflə qeyd etməliyəm ki, indiyə qədər Mirzə Kazım bəyin əsərləri bütöv şəkildə Azərbaycan dilində çap edilməmişdir. Sözsüz ki, bu, qaragüruhçuların təzyiqi və ya kimlərinsə ona hami çıxması nəticəsində imicinə edəcəyi təsirin qorxusudur. Bəzi tədqiqatçılar belə, bir müsəlmanın xristian olması ifadəsini qəbul edə bilmir, özündən uzaq tutur. İnsan inancını özü seçir. Bu inancın kimlərəsə görə nə qədər də xoşagəlməz olmasına baxmayaraq, bütün dinlər inancın seçimindəki azadlığı yüksək səslə ifadə edir. Fanatik düşüncəli insanların bunu qəbul edib-etməməsi isə gördüyümüz bu cür mənzərəni − bir xalqı öz dəyərli oğlundan uzaqlaşdırmağı şərtləndirir. Bir ata öz oğlunu düşüncə tərzinə görə qəbul etsə də, etməsə də həmin övlad onun qanını, onun genini daşıyır. Məhz Mirzə Kazım bəy həm ruhunda, həm də qanında Azərbaycan mədəniyyətini və düşüncəsini daşıyan dəyərli bir şəxsiyyətdir.

Azərbaycan şərqşünaslıq elmi, dilçilik elmi, tarixi, mədəniyyəti Mirzə Kazım bəyə sahib çıxmalı, bu torpağın övladı olmasını uca səslə bəyan etməlidir. Hətta onun heykəli, büstü qoyulmalı, elm müəssisələrinə onun adı verilməli, hər yubileyində böyük konfranslar keçirilməlidir. Sahib çıxmadıqlarımıza sahib çıxılandan sonrakı peşmançılıq isə daldan atılan boş güllələrdir.

Bu gün çox böyük qürur hissi keçirirəm ki, təşəbbüsüm və səyim nəticəsində dəyərli tərcüməçi İsmayıl Umudlunun sayəsində professor Ağababa Rzayevin rusca nəşr etdirdiyi “Müridizm və Şamil”, “Uyğurlar” və “Bab və babilər” əsərlərini məhz Azərbaycan dilində çap edirik. Bu nəşr Azərbaycan tarixində önəmli hadisədir. Bunu kimin həyata keçirməsindən asılı olmayaraq. Ümid edirəm ki, bu nəşr Mirzə Kazım bəyə olan laqeyd münasibətə son qoyar, onun dilimizə tərcümə olunmamış məqalələrinə qapı açar.

Diqqətinizə onu da çatdıraq ki, kitabdakı qeydlərin əksəriyyəti Ağababa Rzayevindir. Bir qismi isə Mirzə Kazım bəyə aiddir. Ağababa Rzayevin əsəri çapa hazırlayanda heç bir hissə qapılmaması, bəzən də Mirzə Kazım bəyin yanlışlığa yol verdiyini obyektivcəsinə qeyd etməsi əsl elm adamına xas olan bir əlamətdir ki, biz də onun ruhunu alqışlayırıq.

 

Şərhlər

Çox oxunanlar