Arzum torpaqlarımızın işğaldan azad olunmasıdır... - MÜSAHİBƏ

29.10.2015 16:39     Müsahibə     3378

“Son 5 ildə Azərbaycan parlamenti daha çox parlament fəaliyyətilə məşğul olub və doğrudan da öz yerini, rolunu, nüfuzunu getdikcə artırıb və Azərbaycanın həyatında hakimiyyətin əsas qanadlarından biri olduğunu sübut edib”.

Bu sözləri 84 saylı Füzuli seçki dairəsindən YAP-ın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın idarə heyətinin üzvü Bahar Muradova Avrasiya Media Şəbəkəsinin baş direktoru Zaur Qəriboğluna verdiyi müsahibəsi zamanı deyib.

Bu müsahibədə vitse-spiker Bahar Muradova həyatının görünən tərəflərindən daha çox görünməyən tərəfləri ilə diqqət çəkir. Oxucu bu yazıda bir neçə Bahar Muradova görə bilər. Siyasətçi Bahar Muradova, ana Bahar Muradova, qayğısız uşaqlıq illərinin Bahar Muradovası, torpaqlarının 20% faizi düşmən tapdağında olan vətəndaş Bahar Muradova...

Bütün bunların fövqündə dayanan Azərbaycan qadının ali siması sayılan Bahar Muradova. Bahar xanım bu sadaladığımız və sadalamadığımız, lakin müsahibədə oxucularımızın diqqətinə çatdırılan məqamları ilə öz HƏDƏFLƏRİNƏ DOĞRU addımlamağı bacaran QADINdır.

Beləliklə, Reaksiya.az həmin müsahibəni sizə təqdim edir. (Müsahibənin əvvəlini buradan oxuyun)

“İnsanın elə bir halı olur ki, o, mütləq bir bənd olsa da şeir oxumalıdır”

- Bədii ədəbiyyatla uşaq vaxtlarından maraqlandığınızdan elə ədəbiyyatla bağlı sual vermək istərdim. Ən son oxuduğunuz əsər hansıdır?

- Mən lap çoxdan iri həcmli əsərləri oxuya bilmirəm. Ona görə ki, günümüzün çoxunu mətbuat, internet alır və nəzərə alın ki, biz də qanunlar üzərində çalışırıq. Onları oxuyuruq, müzakirəyə çıxarırıq. Bütün bunlar isə vaxt tələb edir. Son vaxtlar daha çox poeziyaya köklənmişəm.

- Onda Azərbaycanın müasir şairlərindən daha çox hansını oxuyursunuz?

- Son zamanlar Vaqif Bəhmənlinin şeirlərini oxuyuram. Yeni yazarların yazılarını da bəzi hallarda oxuyuram, ancaq qane etməyən məqamları da çoxdur. Bəlkə mən bu sahədə ədəbiyyata, sənətə münasibətdə bir az konservativəm. Ordakı inkişafı, ordakı dəyişimləri o qədər də qəbul etmirəm. Bu dəyişimlərə məruz qalan fikirləri özündə əks etdirən əsərlər məni yorur, oxuya bilmirəm. Bəlkə bu, məlumatın çoxluğundandır, bəlkə də siyasi proseslərə daha çox cəlb olunduqca həyatın heç də kitablarda təsvir olunduğu kimi olmadığını dərk etdikcə, kitablara maraq elə bil azalır. Daha çox həyatın özüylə məşğul olan, həyatın diqtə etdiyi məsələlərə diqqət yetirmək istəyi yaradır adamda. İndi daha çox siyasi dedektivlər, ayrı-ayrı siyasi xadimlərin xatirələri, əsərləri cəlb edir məni. Hərdən insanın elə bil halı olur ki, o, mütləq bir bənd olsa da şeir oxumalıdır.

- Bəlkə bir şeir oxuyasınız...

Şeirləri oxuduğum an bəyənirəm, ancaq onları əzbərləməyə çalışmıram.

- Yəni yenilik görmürsünüz...

- Əlbəttə, yenilik var. İndi ədəbiyyatın mövzuları daha çox kəskinləşir. İndi də zaman elə zamandır ki, o ictimai-siyasi məzmunda olan fikirlər insanı daha çox cəlb edir. Daha çox izlədiyim Vaqif Bəhmənlidir, çünki o, mənim ruhuma yaxın olan şairdir. Ümumiyyətlə, o tip şairləri bəyənirəm. İndiki günümüzdə belələri azdır.

“İki hecalı adları çox xoşlayıram”

-Müsahibələrinizin birində deyirsiniz ki, yaşlı bir insan görəndə istər-istəməz kövrəlirəm. Vətən həsrətli seçicilərlə görüşləriniz zamanı da belə hallar baş verirmi?

- Bu, faktdır. Əgər dövlətin milli maraqlarını müdafiə etməli olduğum bir məqamda həddən artıq kəskin mövqedən çıxış edirəmsə, bir insanın taleyinə, onun ağrı-acısına aid olan məsələlərdə həddən artıq kövrək oluram. Xüsusi ilə də əgər Qarabağdan köçkün düşən insanlarla görüşürəmsə, onların dərdlərini dinləyirəmsə. Belə hallar tez-tez baş verir. Seçicilərlə görüşdə, hətta çıxış etdiyim və yaxud rəyasət heyətində oturduğum yerdə kimsə qəlbə toxunan bir fikir səsləndirirsə, ona laqeyd qala bilmirəm. Həmin anda da özüm-özümü bağışlaya bilmirəm.

- Əgər bir insan ağlayırsa, deməli onun ürəyi var...

- Bütün hisslər insanlara xas olmalıdır.

- Bahar xanım, qızınızla ana-bala kimi münasibətiniz necədir?

- Münasibətimiz çox yaxşıdır.

- Adı nədir qızınızın?

- Qızımın adı Nigardır. Mənim hər zaman Nigar adından xoşum gəlib. Ümumiyyətlə, iki hecalı adları çox xoşlayıram. Çünki bunlar sırf türk adlarıdır. İkinci də mənə elə gəlib ki, iki hecalı adı olan insanların əsas aparıcı keyfiyyəti ciddiyyətdir. Rast gəldiyim və özüm üçün ən müxtəlif istiqamətlərdə ideallaşdırdığım adlar da ikihecalıdır. Anamın da, atamın da adı iki hecalıdır. Bu iki hecalı adlar həyatımda böyük rol oynayıb. Nigar adı çox xoşuma gəlirdi və arzulayırdım ki, qızım olsa, adını Nigar qoyacam. İkincisi də, Nigar adlı qızların, qadınların hər birinin həyatda çox uğurlu adamlar olduğunu görmüşəm. Mənim qızım da elədir. Onun yaşının azlığına baxmayaraq həyata çox açıq gözlə baxır, çox güclü məntiqi və zəkası var. Təsəvvür edin, bir neçə gün öncə Füzulidən görüşlərdən qayıtmışdım. Qızım Nigar mənə “Tədbirin necə keçdi, adamlar hansı suallar verdilər, sən deputat oldunmu, məni ora aparacaqsanmı?” kimi çoxsaylı suallar verdi. Mən isə cavabında seçki kompaniyası haqda onun anlayacağı dildə izahlar verməyə çalışdım. Öz növbəsində bilirsinizmi mənə nə dedi? Ana mən düşünürəm ki seçki böyüklər üçün çox çətin bir oyundur. Nigardan soruşuram ki, nəyə görə belə hesab edirsən? Deyir ki, axı bu oyunda da komandalar var, orda udan da var, uduzan da. Bu, 9 yaşlı uşağın məntiqidir. Bu məntiqdən Nigarın hansı dərrakəyə sahib olduğunu müəyyən etmək olur. Bu məni çox sevindirir və müasir gəncliyi, Nigar yaşlı uşaqlarımızın bu cür keyfiyyətlərini gördükdə əlbəttə, qürur duyuram. Və inanıram ki, gələcəyimiz etibarlı əllərdədir. 

“Qızımla mənim aramda bir qarşılıqlı anlaşma var”

- Nigarın qayğısına qala bilirsinizmi?

- Qayğısına şəxsən özüm qala bilmirəm. Ürəyimdən keçən nəvaziş, diqqət göstərə bilmirəm. Amma bunu o, böyüklərə xas bir qaydada qəbul edir. Sadəcə “Mənimlə bir az ola bilərsənmi?” sualını verir. 2-3 dəqiqə ona vaxt ayıra bilirəmsə, dəfələrlə təşəkkür edəcək. Xırda bir xidmətə görə, ürəklə təşəkkür etməyi bacaran bir qızdır. İnanıram ki, onun gələcəyi mənim tanıdığım və təsəvvür etdiyim Nigarların gələcəyi kimi olacaq. “Və onunla mənim aramda bir qarşılıqlı anlaşma var. Doğrudan da o, çətin oyunun iştirakçısı olduğumu anlayır. “

- Övladınıza vaxt ayırmadığınıza görə peşman olmursunuz ki?

- Təkcə Nigarla öz münasibətlərimizə baxanda peşiman oluram.

- Ancaq sizin məşğul olduğunuz iş ailədən də, övladdan da üstündür.

- Əlbəttə, hər şeydən üstündür. Övladım gec olub, çünki mənim fəal gənclik dövrüm Azərbaycan uğrunda gedən mübarizələr dövrünə düşdü. Onun ardınca, Qarabağ işğal edildi, yaxınlarım, ailəm köçkün düşdü. Bakı şəhərində yaşadığım və işlədiyim üçün Yeni Azərbaycan Partiyasının yaradılması, qurulması işində iştirak edirdim, bütövlükdə ölkədə gedən proseslərə  qatılırdım. Şəxsi taleyimlə məşğul olmağı isə arxa plana keçirmişdim. Ulu öndər Heydər Əliyevin tövsiyyəsini nəzərə alaraq buna da diqqət yetirməli oldum. Çünki, bu məsələni mənim qarşımda çox ciddi qoymuşdu.

- Maraqlıdır, o məsələ necə olub? Danışa bilərsinizmi?

- 1995-ci ildə Yasamal rayon icra hakimiyyətində işləyən zaman Prezident Aparatına dəvət olundum. Ancaq nəyə görə dəvət edildiyimi öncədən bilmirdim. Ora çatanda söylədilər ki, cənab prezident sizi qəbul edəcək. Əli Həsənovla eyni vaxtda dəvət olunmuşdum. Birinci, Əli Həsənovu, sonra isə məni qəbul etdi. Və tanışlıq üçün qısa tərcümeyi-halımı danışdım. Arada bəzi suallar verdi. Suallarından biri də o oldu ki, ailə qurmusanmı? “Yox” cavabını verdim. O, söhbətin yekununda söylədi ki, sən indi YAP-ın üzvüsən, fəal qadınsan, çox inanıram ki, gələcəkdə yaxşı siyasətçi kimi yetişəcəksən, ona görə də səni bura dəvət etmişəm. İctimai-siyasi şöbə kimi vacib bir şöbə yaradırıq, bu gündən səni və Əli Həsənovu o şöbəyə təyin edirəm, burda işləyəcəksiniz. Sənə Respublikadakı ictimai-siyasi mühit, siyasi partiyalar, o vaxtkı vəziyyətlə məşğul olmaq üçün vacib bir iş tapşırıram. Amma sən bütün bu siyasi işlərdə yaxından iştirak etməklə yanaşı ailə həyatını unudacaqsansa, bu, məni heç qane etmir. Onun həmin an dediyi söz indiyə kimi yadımdadır: “Ola bilər ki, sən  çox böyük siyasətçi ola bilərsən, böyük vəzifələr tuta bilərsən, əgər sənin ailən olmayacaqsa, sən bir övlad böyütməyəcəksənsə, mənim üçün sənin siyasi karyeran sıfırdır”. Onun bu tövsiyyəsi mənim həyatımda mühüm rol oynadı və ailə qurdum. Buna görə də ona minnətdaram. O tövsiyyə olmasaydı, bəlkə bu iş bir az da uzanacağdı.

- Maraqlıdır, həyat yoldaşınız nə işlə məşğul olur? Mətbuatda onun haqda heç nə yazılmayıb.

- Yoldaşım uzun müddət melorasiya və su təsərrüfatı sahəsində işləyib. Respublikanın əməkdar mühəndisidir. Bu sahənin çox aparıcı mütəxəssislərindən biri olub. Amma son vaxtlar dövlət qulluğunda işləmir. İş adamıdır, ixtisasına uyğun olaraq özünəməxsus kiçik bir işlə, daha dəqiq desək, qurğuların tikintisilə məşğuldur. Sifarişlər qaydasında fəaliyyət göstərir.

- Sirr deyilsə, evlənmək prosesində seçim sizə məxsus olub?

- Əlbəttə. Bu, birmənalı belədir.

- Peşman deyilsiniz ki?

- Xeyr, peşman deyiləm. Etiraf edirəm ki, güclü xarakterə malikəm. Özümdən bu sahədə bir pillə üstün xarakterə malik insanla həyat qura bilərdim. Ona görə də mənə həyat yoldaşı seçmək çətin idi. Tale YAP-ın sıralarında bu şəxsi də qarşıma çıxartdı. O da 1993-cü ildən bu Partiyanın təşkilatlanması işlərində fəal iştirak edənlərdən biridir. Tədbirlərdə tanış olduq. Yeni Azərbaycan Partiyası mənim ailə taleyimi də həll etdi.

“Yeganə istəyimiz o idi ki, Heydər Əliyev hakimiyyətə gəlsin”

- Füzuli rayonunun azad olunacağı günü biz də səbirsizliklə gözləyirik. Bahar xanımın o günlə bağlı tutduğu bir əhdi, arzusu varmı?

- Arzum torpaqlarımızın işğaldan azad olunmasıdır. Qalanı bizlikdir. Hazırda onun necə azad olunacağı müzakirə mövzusudur. Amma bir gün azad olunacağına qəti inamım var. Beynəlxalq təşkilatların bu prosesdə iştirakını vacib hesab edirəm və sülh danışıqları ilə məsələni müəyyən həddədək gətirməyin mümkünlüyünə inanıram. Amma sonda əlbəttə ki, sözü Azərbaycanın qüdrəti deyəcək. Azərbaycan da getdikcə qüdrətlənən, qüvvətlənən bir ölkədir. Bir gün gələcək ki, biz öz ərazimizdən son nəfərinədək erməni işğalçılarını təmizləyəcəyik. Birinci istəyim bundan ibarətdir. Necə ki Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətdə olanda bizim yeganə istəyimiz o idi ki, Heydər Əliyev hakimiyyətə gəlsin. Sonra nə olacaq, necə olacaq, bunu düşünmürdük, bilirdik ki, gələndən sonra Heydər Əliyev özü hər şeyi müəyyən edəcək. İndi də Qarabağın azad olunacağı günü gözləyirik. Azad olunandan sonra Azərbaycan xalqı, Azərbaycan dövləti bu məsələləri öz yerinə qoyacaq. Tanrı o günü yaxın zamanlarda görməyi bizlərə qismət etsin və o gündən sonra hər birimiz dayanmadan qarşımızda duracaq vəzifələri yerinə yetirməklə məşğul olacağıq.

“Yeni hədəflərə doğru”

- Yeni-yeni hədəflər uğurlara əsaslanır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizə əsas yaradan amillər hansılardır?

- Əsas yaradan amillər əlbəttə ki, bugünkü Azərbaycan dövlətidir. Heç bir xalq özünün müstəqil dövlətini qurmadan hansısa inkişaf haqqında düşünə və planlar qura bilməz. Necə ki, uzun illərdir düşünürdük, ideyalar var idi, dövlətimiz olmadığı üçün onu əldə edə bilmirdik. Amma bu gün başlıca nailiyyətimiz Azərbaycan dövlətidir, onun siyasi iradəsidir və tutduğu xətdir, strateji inkişaf yönümüdür. Bu var və digər qalan hədəflər də buna uyğun müəyyənləşdirilir, nailiyyətlərin də əsas rəhni odur. Azərbaycanın məhz bu müstəqilliyinin nəticəsidir ki, o, özünün taleyinin sahibi olduğu kimi, sərvətlərinin də sahibi olmağı bacardı. Və biz bu gün enerji və insan resurslarımızı, elmi və mənəvi potensialımızı bir araya gətirərək Azərbaycanın inkişafına yönəldə bildik. Bu yolu biz keçmişik. Bunun hər gününə, hər anına Azərbaycan vətəndaşları şahidlik  və iştirak ediblər. Burda uğurlarımızın nədən ibarət olduğunu sadalamağı artıq hesab edirəm. Düşünürəm ki, bu günədək olan nailiyyətlərimiz fundament rolunu oynayır ki, biz qarşımızdakı digər həlli vacib məsələləri yerinə yetirək və hədəflərimizə çataq. Hədəflərimiz inkişafı daha sürətlə irəli aparmaqdır. Ən əsası Azərbaycanın iqtisadi, hərbi, siyasi qüdrətini artırmaq, ərazi bütövlüyünü təmin etmək, hər bir vətəndaşın rifahını təmin edə biləcək inkişafa nail olmaqdır. Əlbəttə, bu hədəflərə çatmaq üçün də kifayət qədər imkanlarımız var. Ulu öndər Heydər Əliyevin siyasi irsi, onun qurduğu Azərbaycan dövləti, bu siyasi irsi dönmədən artıran hər bir Azərbaycan vətəndaşının, Heydər Əliyev ideyalarına yiyələnərək Azərbaycan quruculuğu işinə cəlb olunması işini təşkil edən bir siyasi təşkilat YAP-dır. İndi qarşıda bizim YAP-ın namizədləri olaraq şüarımız “Yeni hədəflərə doğru”dur. Və bu hədəflərə doğru fəaliyyətimizdə xalqın mütləq əksəriyyətinin dəstəyinə bel bağlayırıq. Bu seçkilərdən də uğurla çıxacağımıza əminik. Azərbaycanda düzdür, hakimiyyət bölgüsü aparılıb, hər bir hakimiyyət qanadı konstitusiya ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərir. Amma bu hakimiyyət qanadlarının hamısı bir müstəqil Azərbaycan mənafeyi naminə vəhdətdə işləməlidir. Buna görə də parlamentdə Heydər Əliyev ideyalarının özü üçün əqidə yolu hesab edən və cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyən insanlar daha çox olmalıdır ki, parlament bütün imkanlarından istifadə edərək rəsmi diplomatiyaya, rəsmi siyasətə dəstək verən bir obrazda çıxış etsin. Azərbaycan ictimai-siyasi gündəmini təşkil edən məsələlərə məhz bu aspektdən, bu prizmadan diqqət yetirsin. Eləcə də xarici siyasətin həyata keçirilməsində rəsmi diplomatiya ilə yanaşı parlament diplomatiyasını da məhz bu istiqamətlərdə irəli aparsın. Hesab edirəm ki, noyabrın 1-də qarşıdakı hədəfimiz bundan ibarətdir. Bu hədəfə nail olduqdan sonra digər hədəflər uğrunda da dönmədən ardıcıl olaraq məqsədyönlü şəkildə fəaliyyətimizi davam etdirəcəyik və inanın ki, nə qədər Heydər Əliyev yoluna sadiq olacağıqsa, o qədər də Azərbaycan qüdrətli bir dövlət olacaq və bu, hər bir azərbaycanlıya qürur hissi, fəxarət yaşadacaq.  

II hissənin sonu

Şərhlər